Çərşənbə 18 May 2022

Çərşənbə 18 May 2022

Səhifə 1-dən 50dək(AŞURA DƏRSLƏRİ 1)

2019 Wednesday 12 June 1092 Baxiş Çap

ƏHLI-BEYT

 

HƏZRƏT PEYĞƏMBƏRİN(S) ƏHLİ-BEYTİ VƏ İMAM HÜSEYN(Ə)

بِسْمِ اللهِ الرَّحْمنِ الرَّحِيمِ اَلْحَمْدُ ِللهِ رَبِّ الْعالَمِينَ السَّلامُ عَلى رَسُولُ الله اَمِينِ اللهِ عَلى وَحْيِه وَ عَزائِمِ اَمْرِه الْخاتِمِ لِماسَبَق وَالْفاتِحِ لِمَسْتُقْبِل وَالْمُهَيْمِنِ عَلى ذلِكَ كُلِّه السَّلامُ عَلى وَصِيِّهِ اَمِيرِالْمُؤْمِنِين وَ عَلى فاطِمَةَ الزَّهْراءِ سَيِّدَةِ نِساءِ الْعالَمِين السَّلامُ عَلى الْحَسَنِ وَالْحُسَين وَالأَئِمةِ التِّسْعَةِ الْمَعصُومِينَ مِن اَوْلادِ الْحُسَين  السَّلامُ عَليهِم وَ رَحْمَةُ الله  وَالَّعْنَ الدَائِم عَلى أَعْدا ئِهِمْ أَعْداء الله  اِلى يَوْمِ لِقاءِ الله

Əbu Hüreyrə Ümmi Sələmədən belə  rəvayət nəql edərək deyir:

– Bir dəstə insan əyləşib Peyğəmbər(s) və Əhli-beyti(ə) barədə söhbət edərkən, bir dəstə mələk də gəlib onların ətrafında əyləşər. Söhbət edib qurtarandan sonra hərə öz evinə dağılışır. Mələklər də öz yerlərinə (ərşə) qayıdarlar. Ərşdə olan mələklər onlardan soruşar: “Sizdən necə də gözəl ətir iyi gəlir. Haradan gəlirsiz belə?” Onlar cavab verirlər: Yerdə Peyğəmbərin(s) ümmətindən bir neçə nəfər yığışıb onun və Əhli-beytinin(ə) barəsində söhbət edirdilər. Biz də onların kənarında əyləşdiyimizə görə Allah bizi də belə ətirli etmişdir. Bizdən gələn həmin gözəl iy onların ətirlərinin iyidir. Ərşdə olan mələklər onlara deyərlər, bizi də aparın, gedib həmin şəxsləri ziyarət edək və onların ətirli iyləri ilə özümüzü müəttər edək. Həmin mələklər deyər: Onlar dağılışıb öz evlərinə getdilər. Onlar deyərlər, elə isə bizi də aparın gedib onların əyləşdiyi yerləri ziyarət edək. Həmin mələklər onları yer üzünə gətirər və oranı ziyarət edib ətirlənəndən sonra yenidən ərşə qayıdarlar.

Bu rəvayəti şair nəzmə çəkərək deyir:

Bequ Hüseyn, ke busəd Mələk dəhane tora,

Mələk dəhane to busəd, fələk zəbane tora.

Məkan begir bekonci, bequ Hüseyno benaz,

Ke Cəbrəil ziyarət konəd məkane tora.

– Hüseynin adını zikr et ki, mələklər ağzından öpsun. Mələk ağzından, fələk dilindən öpsün. Bir küncdə əyləş, Hüseyni çağır və sevin, Cəbrayıl sənin əyləşdiyin yeri ziyarət etsin.

Bir rəvayəti də Cabir ibn Abdulla Ənsaridən nəzərinizə yetirirəm. O, bu hədisi Həzrət Fatimeyi Zəhradan(s.ə) nəql edir.

Cabir ibn Abdulla Ənsari Peyğəmbərin(s) səhabələrindən biri idi. O, İmam Baqirin(ə) zamanına qədər yaşamışdır. İmam Hüseyn(ə) şəhid olandan sonra birinci şəxs idi ki, Kərbəlada Fəratın suyu ilə qüsl edib,  şagirdi Ətiyyə ilə İmam Hüseynin(ə) mübarək qəbrini ziyarət etmişdi. İmam Hüseyn(ə) şəhid olandan sonra o Həzrətin ilk zəvvarı Cabir olmuşdu. Onun atası Abdulla idi. Abdulla Peyğəmbərin(s) məhzərində, döyüşlərin birində şəhid oldu. O, şəhid olandan sonra onun ruhu şəhidlərin ruhuna qovuşub cənnətdəki məqamına nail oldu. Abdulla orada Allahdan bir arzu dilədi. Dedi: İlahi, məni dünyaya qaytar, gedim Peyğəmbərin(s) məhzərində bir də şəhid olum.  Istəyirəm bir daha şəhadət feyzinə nail olum. Allah-təala ona xitab edərək bildirdi ki, əgər bir insan dünyasını dəyişərsə, onu bir daha dünyaya qaytarmaram. Məndən başqa bir şey dilə. Cabir dedi: İlahi, onda mənim buradakı məqamımı və naz-nemətin mənə aid olduğunu ailəmə və mənim barəmdə narahat olanlara çatdır. Qoy onlar bilsinlər ki, mən burada hansı cah-cəlalın içindəyəm.

Allah-təala bu ayəni Peyğəmbərə nazil etdi:

وَلاَ تَحْسَبَنَّ الَّذِينَ قُتِلُواْ فِي سَبِيلِ اللّهِ أَمْوَاتًا

بَلْ أَحْيَاء عِندَ رَبِّهِمْ يُرْزَقُونَ

– Allah yolunda öldürülənləri əsla ölü zənn etmə, əksinə, diridirlər və onlara Rəbbi yanında ruzi verilir.[1]

Cabir həmin Abdullanın oğlu idi. Özü Peyğəmbərin(s) ən yaxın səhabələrindən idi. O, Həzrət Əlini(ə) Xanım Zəhranı(s.ə), İmam Həsəni(ə), İmam Hüseyni(ə), İmam Səccadı(ə) və nəhayət, İmam Baqiri(ə) ziyarət etmişdi. Həmçinin Peyğəmbər(s) ona buyurmuşdu ki, ey Cabir, mənim salamımı İmam Baqirə(ə) yetirərsən. Çünki Peyğəmbər(s) bilirdi ki, onun ömrü uzun olacaq. Allah-təala Cabirə o qədər ömür vermişdi ki, o, İmam Baqiri(ə) ziyarət etmək şərəfinə nail olmuşdu.

Cabir Xanım Fatimeyi Zəhradan(s.ə) belə bir hədis nəql edərək deyir:

– Xanım Zəhra(s.ə) mənə belə buyurdu: “Bir gün atam bizə gəldi. Evə daxil oldu və mənə salam verdi. Mən də  salamın cavabını verdim. Sonra atam buyurdu: Qızım mən bədənimdə elə bil zəiflik hiss edirəm. Mən dedim: Ata buyur əyləş, mən sənə qulluq göstərim. Atam buyurdu: Qızım mənim yəmən parçasından olan əbamı gətir. Mən onun əbasını gətirdim. Sonra atam buyurdu: Qızım o əbanı çək mənim üstümə. Mən əbanı atamın üstünə çəkdim. Onun üzündən on dörd gecəlik ay kimi nur saçırdı. Bir azca keçmişdi ki, oğlum Həsən içəri daxil oldu. Evə daxil olan kimi mənə salam verdi. Mən də onun salamının cavabını alaraq dedim, ey mənim gözlərimin işığı, salam olsun sənə. Sonra dedi ki, anacan, evimizdən necə də gözəl ətir iyi gəlir. Elə bil babam Peyğəmbərin(s) ətrini duyuram. Dedim, bəli, baban Peyğəmbər(s) bizdədir, əbanın altında. O, əbaya tərəf gəlib dedi: Salam olsun sənə, baba. Ya Rəsulallah, mənə də əbanın altına daxil olmağa icazə verirsənmi? Peyğəmbər(s) buyurdu: Əleykəssalam oğlum və ey qiyamət günündə Kövsər hovuzunun sahibi, sənə icazə verirəm. Sonra o, əbanın altına daxil oldu. Bir az keçmişdi ki, oğlum Hüseyn də evə daxil oldu. Mənə salam verdi, mən də salamının cavabını verdikdən sonra, o da mənə dedi: Anacan, evimizdən necə də gözəl ətir iyi gəlir. Elə bil babam Peyğəmbərin(s) ətrinin iyidir. Dedim, düzdür, baban Peyğəmbər(s) bizdədir, qardaşın Həsənlə əbanın altında əyləşiblər. O da əbaya tərəf gəlib dedi: Salam olsun sənə, baba. Ya Rəsulallah, mənə də əbanın altına daxil olmağa icazə varmı? Peyğəmbər(s) buyurdu: Əleykəssalam oğlum və ey qiyamət günündə şəfaət eləyən. Peyğəmbər(s) ona da əbanın altına daxil olmağa icazə verdi. İmam Hüseyn(ə) də əbanın altına daxil oldu. Xanım Zəhra(s.ə) buyurur: Elə bu zaman Əbülhəsən Əli ibn Əbu Talib evə daxil olub mənə salam verərək buyurdu: Salam olsun sənə ey Peyğəmbərin qızı. Mən də onun cavabında dedim: Əleykəs-salam ey Əbülhəsən, ey Əmirəlmöminin. Sonra o da həmin sözü deyərək buyurdu: Evimizdən necə də gözəl ətir iyi gəlir. Elə bil qardaşım, əmim oğlu Peyğəmbərin(s) ətrinin iyidir. Dedim ki, düzdür, Peyğəmbər və oğlanların əbanın altındadırlar. O da  əbaya tərəf gəlib dedi: Salam olsun sənə ya Rəsulallah, mənə də icazə verirsənmi daxil olum əbanın altına? Peyğəmbər(s) buyurdu: Əleykəssalam ey mənim qardaşım, mənim vəsim, mənim xəlifəm və ey mənim bayrağımın sahibi. Icazə verirəm sənə. Həzrət Əli(ə) də əbanın altına daxil oldu.

Xanım Fatimeyi Zəhra(s.ə) buyurur: Sonra mən də əbanın yanına gəlib atama salam verib dedim: Ya Rəsulallah, mənə də əbanın altına daxil olmağa icazə verirsənmi? Peyğəmbər(s) buyurdu: Əleykəssalam qızım, ey mənim ürəyimin parası, sənə də icazə verirəm. Mən də əbanın altına daxil olandan sonra, atam sol əli ilə əbanın bir tərəfindən tutub sağ əlini göyə sarı qaldıraraq Allaha belə münacat etdi: “İlahi, bunlar mənim əhli-beytim, mənim xüsusi adamlarım və mənim ən yaxın adamlarımdır. Bunların əti mənim ətimdən, qanları mənim qanımdandır. Bunların narahatlığı mənim narahatlığımdır. Bunları hər nə qəmləndirirsə, məni də qəmləndirir. Bunlarla müharibəyə qalxanlar mənimlə müharibə etmişlər. Bunlarla sülh edənlər mənimlə sülh etmiş olarlar. Kim bunlarla düşmənçilik edirsə, mənimlə düşmənçilik etmişdir. Bunları sevənlər məni sevmiş olarlar. Bunlar məndəndir və mən də onlardanam. İlahi, Öz salamını, rəhmətini, bərəkətini, rizvan və məğfirətini mənə və bunlara nazil et. Onlardan bütün çirkinlikləri uzaq et  və onları tərtəmiz, pak-pakizə qərar ver”.

Allah-təala Peyğəmbərin(s) cavabında buyurdu:”Ey mənim mələklərim, ey göylərin sakinləri! Bütün bu göyləri, geniş yeri, nurlu ayı, işıqlı günəşi, aləmdə olan kürələri, coşqun dənizləri və fələkləri əbanın altında olan bu beş kimsənin məhəbbətinə xatir yaratmışam”.

Cəbrayıl Əmin dedi: İlahi, bu beş kimsə kimdir belə? Allah-təala buyurdu: “Onlar Peyğəmbərin Əhli-beyti və risalətin mənbəyi, mərkəzi və mədənidirlər. Onlar Fatimə(s.ə), atası Peyğəmbər(s), həyat yoldaşı Əli(ə) və onun iki oğludur.”

Burada bir incəliyi nəzərinizə çatdırıram. Allah-təala bütün mələklərə Əhli-beyti Xanım Fatimeyi Zəhra(s.ə) vasitəsilə tanıtdırır. Əvvəl onun adını çəkərək Əhli-beytin kimlər olduğunu bəyan edir. Adətən, biz bir şəxsi tanımaq üçün hansısa başqa bir şəxsdən onun kimliyini soruşduqda, həmin şəxs baxıb görür ki, biz onun hansı dostunu və ya qohumunu yaxşı tanıyırıqsa, onun adını çəkir. Məsələn, bir məclisdə əyləşərkən tanımadığımız bir şəxs içəri daxil olduqda, yanımızda əyləşənlərdən onun kim olduğunu soruşarkən, tanıdığımız bir insanın atası, qohumu və ya dostu olduğunu deyirlər. Deməli, biz həmin şəxsi kiminsə yaxını olduğuna görə tanıyırıq.

Bu hədisdə də Allah-təala Əhli-beyti mələklərə Xanım Fatimeyi Zəhra(s.ə) vasitəsilə tanıtdırır. Çünki bütün göy əhli, mələklər Xanım Zəhranı(s.ə) çox gözəl tanıyırdılar. Harda və necə tanımaqları ayrı bir mövzudur ki,  inşallah, qismət olsa, onun üçün müəyyən bir vaxt ayırıb bu barədə söhbət edərik.

Həzrət Cəbrayıl dedi: İlahi, mənə də icazə verirsənmi, mən də gedib onlara qoşulum? Allah-təala buyurdu: “İcazə verdim”. Cəbrayıl da yerə nazil olub əbanın kənarında dayandı və Həzrət Peyğəmbərə(s) salam verərək dedi: Salam olsun sənə ya Rəsulallah. Allahın da sənə salamı var. Allah-təala mənim vasitəmlə sənə xüsusi bir hörmət və ehtiram  nazil etmişdir. Ya Rəsulallah, Allah belə buyurdu: “And olsun izzət və cəlalıma, bütün bu göyləri, geniş yeri, nurlu ayı, işıqlı günəşi, aləmdə olan kürələri, coşqun dənizləri və fələkləri siz beş nəfərin məhəbbətinə xatir yaratmışam”. Həzrət Cəbrayıl bu sözlərdən sonra dedi: Ya Rəsulallah, mənə də əbanın altına daxil olmağa izn verirsənmi? Həzrət Peyğəmbər(s) buyurdu: “Salam olsun sənə ey Allah vəhyinin Əmini, sənə icazə verirəm.”

Xanım Fatimeyi Zəhra(s.ə) Cabirə buyurdu: “Ey Cabir, Cəbrayıl da əbanın altına daxil olduqdan sonra atama dedi: Allah-təala sizə vəhy göndərib və buyurur:

إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

“Həqiqətən,  Allah siz Əhli-beytdən bütün çirkinliyi yox etmək və sizi tərtəmiz, pak-pakizə etmək istər.”1

Həzrət Əli(ə) orada Həzrət Peyğəmbərdən(s) soruşdu: “Ya Rəsulallah,bu əbanın altında cəm olmağımızın şərafət və fəziləti barədə bizi xəbərdar et”. Həzrət Peyğəmbər(s) buyurdu: “Məni peyğəmbərliyə təyin edən Allaha and olsun ki, hər kəs bir yerdə toplaşıb biz Əhli-beyt barədə söhbət etsə, Allah öz rəhmətini onlara nazil edər, mələkləri onların yanına göndərər ki, ora yığışanlar barədə, onlar söhbətlərini qurtarıb ayrılana qədər Allahdan onlara rəhmət və məğfirət diləsinlər”.

Həzrət Əli(ə) dedi: “Ya Rəsulallah, deməli Allah-təala biz Əhli-beytə və bizi sevənlərə çox böyük şərafət və xoşbəxtlik nəsib etmişdir”. Həzrət Peyğəmbər(s) buyurdu: “Ya Əli(ə), and olsun o Allaha ki, məni peyğəmbərliyə məbus edib, hər kəs cəm olub bizim haqqımızda və bizim kəlamlarımızdan sohbət etsə və əgər qəm-qüssələri olsa, Allah onların qəmini aradan aparar. Əgər onlardan hansı birinin çətinliyi olarsa, Allah-təala həmin şəxsin çətinliyini həll edər və onların hacət və istəklərini yerinə yetirər”. Həzrət Əli(ə) dedi: “Ya Rəsulallah, Allah-təala bizə necə də böyük səadət bəxş etmişdir. Həmçinin bizim şiələrimizə də bu səadəti nəsib edərək dünya və axirət xoşbəxtlərindən qərar verib.”

Beləliklə, məhərrəm ayında və başqa günlərdə İmam Hüseynin(ə) əza məclisində əyləşib söhbətlər aparılırsa, Əhli-beyt yad edilirsə, deməli Həzrət Peyğəmbərin(s) buyurduğu həmin kəlamdır ki, Allah-təala bu məclisə və məclisdə əyləşənlərə izzət və şərafət inayət edər. Allah-təala həmin insanlara öz rəhmət və məğfirətini nazil edər və onların dualarını qəbul edib, hər nə hacət və istəkləri varsa, inayət edər.

Allah-təala dünya və axirətdə bizləri Peyğəmbər(s) və Əhli-beytdən(ə) ayrı salmasın. İnşallah.

HƏZRƏT PEYĞƏMBƏRİN(S) BUYURDUĞU

«HÜSEYN MƏNDƏNDİR VƏ  MƏN DƏ HÜSEYNDƏNƏM»

HƏDİSİNİN ŞƏRHİ

بِسْمِ اللهِ الرَّحْمنِ الرَّحِيمِ  اَلْحَمْدُ ِللهِ رَبِّ الْعالَمِينَ  السَّلامُ عَلى رسول الله  اَمِينِ اللهِ عَلى وَحْيِه وَ عَزائِمِ اَمْرِه  الْخاتِمِ لِماسَبَق وَالْفاتِحِ لِمَسْتُقْبِل وَالْمُهَيْمِنِ عَلى ذلِكَ كُلِّه  السَّلامُ عَلى وَصِيِّهِ اَمِيرِالْمُؤْمِنِين وَ عَلى فاطِمَةَ الزَّهْراءِ سَيِّدَةِ نِساءِ الْعالَمِين السَّلامُ عَلى الْحَسَنِ وَالْحُسَين وَالأَئِمةِ التِّسْعَةِ الْمَعصُومِينَ مِن اَوْلادِ الْحُسَين  السَّلامُ عَليهِم وَ رَحْمَةُ الله  وَالَّعْنَ الدَائِم عَلى أَعْدا ئِهِمْ أَعْداء الله  اِلى يَوْمِ لِقاءِ الله

قال رسول الله (ص): حُسينٌ مِنِّى وَ أَنَا مِن حُسَينٍ اَحَبَّ الله مَن اَحَبَّ حُسَيناً

İmam Hüseyn(ə) Kərbəla hadisəsində və aşura günü bütün bəşəriyyətə və müsəlmanlara müəyyən dərslər öyrədir. O həzrətin öyrətdiyi dərsləri əziz möminlərin nəzərinə çatdırıram. Bu bəhsimizə başlamazdan öncə İslam Peyğəmbərinin(s) İmam Hüseyn(ə) barədə buyurduğu hədislərdən birini qeyd edib, şərhini nəzərinizə çatdırmaq istəyirəm. İslam dünyasında firqəsindən asılı olmayaraq İmam Hüseyn(ə) barədə yazılan hər hansı bir kitabda Həzrət Peyğəmbərin(s) buyurduğu bu hədisə rast gəlirik. Həmin hədis iki hissədən ibarətdir. Istərdim ki, hədisin hər iki hissəsini lazım olduğu qədər izah edək. Bu kəlam elə də qaranlıq bir kəlam və mətləb deyil. Lakin tam aydınlaşdırmaq üçün azacıq izaha ehtiyac duyulur. Bu hədisə çox yerlərdə rast gəlmək olar. Xüsusən məhərrəm ayında məscidlərdə, Hüseyniyyələrdə və İmam Hüseyn (ə) barədə yazılan kitablarda bunu müşahidə edirik. Həzrət Peyğəmbər(s) buyurur: “Hüseyn məndəndir və mən də Hüseyndənəm. Hüseyni sevəni Allah da sevir”. Bu, Həzrət Peyğəmbərin(s) İmam Hüseyn(ə) haqda buyurduğu kəlamlardan biridir. Həzrət Peyğəmbər(s) bu hədisi həm İmam Həsən(ə), həm Həzrət Əli(ə), həm də Xanım Zəhra(s.ə) barədə buyurmuşdur. Lakin bu hədis ən çox İmam Hüseyn(ə) barədə deyilmiş və təkrar-təkrar nəql olunmuşdur.

 

Hüseyn məndəndir

Bu hədisin birinci hissəsi hamıya aydındır. Həzrət bu hədisin birinci hissəsində belə buyurur: “Hüseyn məndəndir”. Bu mətləbin aydınlığı belədir ki, İmam Hüseyn(ə) Peyğəmbərin(s) sülbündəndir və onun nəvəsidir. Yəni Peyğəmbərin(s) əmisi oğlu Əli(ə)  Həzrətin qızı Xanım Fatimeyi Zəhra(s.ə) ilə ailə qurmuş və onlar dörd övlad dünyaya bəxş etmişlər. Bu övladların ikisi oğlan, ikisi isə qız olmuşdur. Həsən böyük övlad, ikinci övlad Hüseyn, üçüncü övlad Zeynəb və dördüncüsü isə Ümmi Gülsüm olmuşdur. Beşinci övladın adı Möhsin idi ki, dünyaya gəlmədən ana bətnində şəhid oldu. Deməli, aydın məsələdir ki, hər kəsin nəvəsi həmin şəxsin özündən hesab olunur. Belə olduqda İmam Hüseyn(ə) Peyğəmbərin(s) nəvəsi olduğu üçün Həzrət(s) buyurur ki, Hüseyn məndəndir.

Bu məsələnin ikinci mənasını bizə Qurani-Kərim bəyan edir. “Ali-Imran” surəsinin 61-ci ayəsində Allah-təala İmam Hüseyni(ə) Peyğəmbərə(s) oğul olaraq təqdim edir. Quranın sözü bütün insanlara, xüsusilə müsəlmanlara höccətdir. Bu ayənin nazil olmasının səbəbi belədir.

Nəcran xristianlarından ibarət olan bir heyət Həzrət Peyğəmbərin(s) yanına gəlib Həzrətlə(s) Isa Peyğəmbər(ə) haqqında mübahisə etmək istədilər. Nəcran  xristianlarının heyəti üç nəfərdən ibarət idi. Onlardan biri Əbdülməsih ləqəbi ilə tanınmış Aqib heyətin rəhbəri, elm və fikir sahibi idi. Ikincisi onların yığıncaqlarının rəhbəri Eyhəm, üçüncüsü isə Əbu Hatəm ibn Əlqəmə idi ki, o da onların dini rəhbəri və müəllimi hesab olunurdu. Onlar iddia edirdilər ki, insan atasız dünyaya gələ bilməz. Buna görə də Həzrət İsa(ə) ya Allahdır, ya da Allahın oğludur. Həzrət Peyğəmbər(s) buyurdu: “Adəmi(ə) atasız-anasız torpaqdaq yaradan Allahın Isanı da atasız yaratmağa qüdrəti var.  Allah-təala “Ali-Imran” surəsinin 59-cu ayəsini nazil etdi:

إِنَّ مَثَلَ عِيسَى عِندَ اللّهِ كَمَثَلِ آدَمَ خَلَقَهُ مِن تُرَابٍ ثِمَّ قَالَ لَهُ كُن فَيَكُونُ

-Allah yanında Isanın məsəli də Adəm kimidir. Allah onu (Adəmi) torpaqdan yaratdı. Sonra “ol” dedi, o da oldu.

Həzrət Peyğəmbər(s) bu ayəni də onlar üçün oxudu, lakin onlar Həzrət Peyğəmbərin(s) sözlərini qəbul etmədilər.  Həzrət Peyğəmbər(s) də onların sözlərini qəbul etmədi. Sonda iş mübahilə etməyə yetişdi. Mübahilənin mənasını bütün təfsir alimləri kitablarında yazmışlar. Xüsusilə Əhli-sünnə alimlərindən olan Zəməxşəri “əl-Kəşşaf” təfsir kitabında yazır: “Mübahilə o əmələ deyilir ki, iki nəfər və ya iki dəstə bir-birinin sözlərini qəbul etməyib, bir arada razılığa gəlmədikdə, bir-birinə nifrin edib lənətləyərək Allahdan biri digərinə əzab istəyərlər. Belə bir əməlin nəticəsində Allah haqqa qəzavət edib, nahaqq olan tərəfə əzab nazil edər. Hansı tərəfin nifrini tərəf-müqabili barədə həyata keçsəydi, o da qalib hesab olunardı. Buna görə də onlar Həzrət Peyğəmbərin(s) və  Həzrət(s) də onların sözlərini qəbul etmədiyi üçün bu mübahilə məsələsi qarşıya çıxdı. Elə oradaca Allah-təala bu ayəni nazil etdi:

فَمَنْ حَآجَّكَ فِيهِ مِن بَعْدِ مَا جَاءكَ مِنَ الْعِلْمِ فَقُلْ تَعَالَوْاْ نَدْعُ أَبْنَاءنَا وَأَبْنَاءكُمْ وَنِسَاءنَا وَنِسَاءكُمْ وَأَنفُسَنَا وأَنفُسَكُمْ ثُمَّ نَبْتَهِلْ فَنَجْعَل لَّعْنَةُ اللّهِ عَلَى الْكَاذِبِينَ

“(Ya Peyğəmbər!) Sənə risalət gəldikdən sonra səninlə mübahisə edənlərə de: Gəlin biz də oğlanlarımızı, siz də oğlanlarınızı; biz də qadınlarımızı, siz də qadınlarınızı; biz də özümüzü, siz də özünüzü (bura) çağıraq! Sonra (Allaha) yalvarıb yalançılara Allahın lənət etməsini diləyək!”

Qeyd etmək lazımdır ki, mübahilə məsələsində ailə və uşaqları bu işə qatmazdılar. Lakin Həzrət Peyğəmbər(s) bu ayəni Nəcran xristianlarına oxudu. Onlar da razılaşdılar. Lakin sabaha qədər Peyğəmbərdən(s) vaxt istədilər. Gedib öz böyükləri ilə Peyğəmbərlə(s) olan bu hadisə barədə məsləhətləşdilər. Onların böyükləri ağıllı adam idi. O dedi: Sabah görsəniz ki, Peyğəmbər(s) hay-küylə camaatı başına yığıb gətiribsə, onunla mübahilə etməyə dəyər. Yox, əgər Peyğəmbər(s) öz dediyi kimi ailəsi və sevdiyi insanlarla gələrsə, onda onunla mübahilə etməyin. Təyin olunan vaxt hamı gözləyirdi ki, Həzrət Peyğəmbər(s) meydana kimlərlə birgə gələcək? Çünki Allah-təala ayədə o Həzrətə oğlanlarını, qadınlarını və özlərini gətirməyi əmr etmişdir. Gördülər ki, Həzrət Peyğəmbər(s) İmam Həsən və İmam Hüseynin(ə) əlindən tutub, onların arxasınca da Həzrət Fatimə(s.ə) və Imam Əli(ə) meydana tərəf gəlirlər.

Nəcran xristianlarının böyüyü bu mənzərəni gördükdə üzünü xristianlara tutub dedi: “Ey xristianlar! Mən elə nurlu simalar görürəm ki, Allah istəsə onların vasitəsilə dağı yerindən qoparar. Onlarla mübahilə etməyin, yoxsa həlak olarsınız və qiyamət gününə qədər yer üzündə bir nəfər də olsun xristian qalmaz. Buna görə də Həzrət Peyğəmbərə(s) dedilər: Biz qərarlaşdıq ki, səninlə mübahilə etməyək. Sən öz dinində qal, biz də öz dinimizdə. Sonra onlar cizyə vermək şərtilə Peyğəmbərlə(s) bir neçə şərt əsasında müqavilə bağladılar.

Əsas söhbətimiz burdadır ki, nə üçün Peyğəmbər(s) mübahiləyə öz ailəsini, xüsusilə bu dörd nəfəri gətirmişdi?  Heç bir firqənin kitabında yazılmayıb ki, Peyğəmbər(s) bu dörd nəfərdən savayı kimisə ora gətirmişdi. Bütün firqələr yekdilliklə qəbul edirlər ki, Peyğəmbər(s) həmin dörd nəfəri mübahilə etmək üçün oraya gətirmişdi. Peyğəmbərin(s) bu dörd nəfəri özü ilə gətirməkdə birinci məqsədi budur ki, Allah-təala o Həzrətə ürək-dirək verirdi. Yəni Peyğəmbərin(s) öz yolunda və hədəfində heç bir şübhəsi yox idi. Hər bir insanın öz tutduğu yola imanı olarsa və heç bir şübhəsi olmazsa, fərq etməz ki, belə bir mübahilədə özü olmuş olsun və ya sevdiyi insanlarla birgə olmuş olsun. Çünki Peyğəmbər(s) bilirdi ki, yolu haqq yolu və istəyi də Allahın istəyidir.

İkinci səbəb budur ki, Allah-təala bütün insanlara – müsəlmanlara, hətta nəcran xristianlarına, o dövrdə və qiyamətə qədər dünyaya gəlib gedən insanlara bildirmək istəyirdi ki, yer kürəsində Peyğəmbərin(s) hamıdan ən çox  sevdiyi insanlar həmin dörd nəfərdir. Allah-təala bu ayəni nazil etməklə Peyğəmbər(s) Xanım Fatiməni ayədə buyurulan (qadınlarımızı), Həzrət Əlini (özümüzü), Həsən və Hüseyni (oğlanlarımızı) buyurmaqla bütün aləmə elan etdi. Yəni ayədə özümüzü gətirək deyildikdə, Peyğəmbər(s) Həzrət Əlini(ə) gətirmişdi. Əli(ə) Həzrət Peyğəmbərə(s) özü kimi hesab olunur. Həmçinin İmam Həsən və İmam Hüseyni öğul deyə mübahiləyə gətirmişdi. Bu ayədən açıq-aşkar belə bir nəticə alırıq ki, Allah-təala Həsən və Hüseyni Peyğəmbərə oğul hesab edir. Təfsir alimləri bu məsələni qəbul etmişlər. Bu məsələ haqda yazıb,onu qəbul edən Əhli-sünnə alimlərinin bir neçəsinin yazdığı əsərlərin adlarını və onların sənədini nəzərinizə çatdırıram:

Müslim. Səhih kitabının 7-ci cildi, səh.120 –də;

Əhməd ibn Hənbəl. Müsnəd kitabının 1-ci cildi, səh.185-də;

Təbəri. Təfsir kitabının 3-cü cildi, səh.192-də;

Hakim Həskani. Müstədrək kitabının 3-cü cildi, səh.150-də (Heydərabad çapı);

Vahid Nişapuri. Əsbabün-nüzul kitabı, səh. 174-də, (Misir çapı);

Fəxri Razi. Təfsir kitabının 8-ci cildi, səh.85-də, (Misir çapı);

Qazi Beyzavi. Təfsir kitabının 2-ci cildi, səh.22-də, (Misir çapı);

Təntavi. Əl-cəvahir təfsirinin 2-ci cildi, səh.120-də, (Misir çapı);

Zəməxşəri, Kəşşaf  təfsir kitabının 1-ci cildi, səh.193-də;

Əllamə Qürtəbi, Əl-came  təfsir kitabının 3-cü cildi, səh.104-də.

 Təxminən altmış Əhli-sünnə mənbəsində bu məsələ haqda yazılmışdır və Quranda da İmam Həsən və İmam Hüseyni Allah-təala Peyğəmbərə(s) oğul hesab edir. Hətta “Ğayətül-məram” kitabında “Səhihi-Müslim”dən nəql edərək belə yazırlar: “Bir gün Müaviyə Səd ibn Əbi Vəqqasa  dedi: Çoxdandır ki, səndən Əli haqda bir söz eşitmirəm. Nəyə görə Əlini söymürsən və onun haqqında pis sözlər danışmırsan? Səd ibn Əbi Vəqqas dedi: Müaviyə, Peyğəmbərdən Əli barədə üç mətləb eşitmişəm. Bu sözlərdən sonra heç vaxt Əlinin barəsində pis sözlər danışmayacağam. Həmin mətləblərdən biri də bu idi ki, mübahilə ayəsi nazil olarkən Peyğəmbər(s) Zəhranı, Əlini, Həsəni və Hüseyni(ə) özü ilə mübahiləyə gətirərək buyurdu: “İlahi, bunlar mənim Əhli-beytimdir”. Mən bu sözləri Peyğəmbərin öz mübarək dilindən eşitdim. Buna görə də o vaxtdan bəri mən onlar haqqında nalayiq sözlər danışmıram”.

Zəməxşəri “Əl-kəşşaf” kitabında yazır: “Peyğəmbərin Əhli-beyti haqda nazil olan bu ayə ən güclü ayədir ki, Allah-təala onu nazil etmişdir. Əhli-beytin hansı fəzilətə malik olmasına bu ayə kifayət edər”.

Deməli, Allah-təala Həsən və Hüseyni Peyğəmbərə(s) oğul hesab etdiyi üçün  Həzrətin(s) də ixtiyarı vardır ki, onları oğul deyə çağırsın. Odur ki, Peyğəmbər(s) Hüseyn(ə) barədə «Hüseyn məndəndir» buyurardı.

Bir mətləbi də əlavə edərək nəzərinizə çatdırıram. İmam Hüseyn(ə) dünyaya gələndən sonra Xanım Zəhra(s.ə) xəstələnmişdi. Xəstəlik nəticəsində uşağa verməyə südü olmadı. Həzrət Peyğəmbər(s) göstəriş verdi ki, Hüseynə süd vermək üçün bir dayə tapsınlar. Çox axtardılar, lakin dayə tapa bilmədilər. Əgər bir iki nəfər qadın tapılırdısa da, İmam Hüseyn(ə) həmin qadınların südünü yemirdi. Axırda gördülər ki, uşaq əldən getmək üzrədir Həzrət Peyğəmbər(s) Xanım Zəhranın(s.ə) otağına daxil olub İmam Hüseyni(ə) istədi. Uşağı gətirib Peyğəmbərin(s) qucağına qoydular. Həzrət Peyğəmbər(s) ibham (çeçələ) barmağını uşağın ağzına saldı. Uşaq Peyğəmbərin(s) barmağını əmməklə qida aldı. Yazırlar ki, hər dəfə uşaq Peyğəmbərin(s) parmağından qidalanıb doyduqdan sonra üç gün yeməyə ehtiyacı olmurdu.  Beləliklə, Hüseynin əti Peyğəmbərin(s) ətindən, qanı Peyğəmbərin(s) qanından və sümüyü Peyğəmbərin(s) sümüyündən qidalanaraq qüvvələnib boya-başa çatdı. Səbəblərdən biri də budur ki, Peyğəmbər(s) onun barəsində «Hüseyn məndəndir»- deyə buyururdu.

Deməli, bir neçə səbəbə görə İmam Hüseyn(ə) Peyğəmbərdən(s) hesab olunur. Birincisi, İmam Hüseyn(ə) Peyğəmbərin(s) nəvəsidir. İkincisi, “Mübahilə” ayəsində Allah-təala onu Peyğəmbərə(s) oğul hesab edir. Üçüncüsü isə Peyğəmbərdən(s) qida alaraq Həzrətin qucağında böyüyüb boya-başa çatmışdı. Bu haqda kitablarda istənilən qədər dəlil və sübut tapmaq mümkündür. Firqəsindən asılı olmayaraq çox kitablarda İmam Hüseynin(ə) fəziləti haqda yazılmışdır. Nümunə üçün Həzrətin(ə) fəzilətlərindən bir neçəsini nəzərinizə yetirirəm:

-Əsbə ibn Nəbatə deyir: Bir gün Həzrət Əlinin(ə) görüşünə getmişdim. Həsən və Hüseyn də Həzrətin(ə) yanında idilər. Gördüm ki, Əli(ə) çox diqqətlə bu uşaqlara baxır. Soruşdum: Ya Əmirəlmöminin, Allah saxlasın bu uşaqları. Bunlara belə diqqətlə baxmağının səbəbi nədir? Həzrət Əli(ə) buyurdu: Bu uşaqlar barədə bir hədis yadıma düşdü. O hədisə görə bu uşaqların camalına tamaşa edirəm. Dedim: Ya Əmirəlmöminin, əgər sirr deyilsə, həmin hədisi mənə danışa bilərsinizmi? Həzrət Əli(ə) buyurdu: Bir gün öz bostanımda işləyirdim. Havanın çox isti olduğundan yorulub günorta evə gəldim. Xanım Zəhradan yemək istədim. O da mənim üçün yemək hazırlamağa başladı. Mən də namaz qılmağa başladım. Namazı qurtararkən Həsənlə Hüseyn evə daxil oldular. Evə daxil olarkən anaları onlardan bu vaxta qədər harada olduqlarını və evə nə üçün gec gəldiklərini soruşdu. Həsən(ə) belə dedi: Bizi Peyğəmbər və Cəbrayıl indiyə qədər saxlamışdılar. Biz səhər tezdən Peyğəmbərin məhzərinə getdik. Babamız Cəbrayılla əyləşib söhbət edirdilər. Məni Peyğəmbər qucağında əyləşdirmişdi, Hüseyni də Cəbrayıl. Onlar ikisi bir-birinin yanında əyləşmişdilər. Mən Peyğəmbərin ətəyindən Cəbrayılın ətəyinə atılırdım. Hüseyn də Cəbrayılın ətəyindən Peyğəmbərin ətəyinə atılırdı. Bu vaxta qədər biz beləcə oynayırdıq. Azan vaxtı oldu və bizi yerə qoydular. Cəbrayıl öz yerinə qayıtdı və Peyğəmbər də namaza başladı. O, namaz qılmağa başlayarkən biz də qaça-qaça evə qayıtdıq. Həzrət Əli(ə) buyurur: Mən bunu eşidəndən sonra Əsr namazını Peyğəmbərlə(s) birgə qılmaq üçün Həzrətin(s) yanına getdim. Həzrətə(s) dedim: Ya Rəsulallah, bu gün Həsən və Hüseyn evə gəlib belə bir söhbət danışdılar. Həzrət Peyğəmbər(s) buyurdu: Mənim oğlanlarım sənə doğru xəbər veriblər. Sübhdən günortaya qədər Cəbrayıl ilə mən bu uşaqlarla oynamışıq. Həzrət Əli(ə) buyurur: Mən Peyğəmbərdən(s) soruşdum: Ya Rəsulallah, uşaqlar Cəbrayılı hansı surətdə görürdülər? Həzrət Peyğəmbər (s)buyurdu: Mənim yanıma hansı surətdə gəlirdisə, uşaqlar da onu elə həmin surətdə  görürdülər.

Bu hədisdə Həzrət Peyğəmbər(s) və Əli(ə) İmam Hüseyni(ə) belə tanıtdırırlar. Yəni Hüseyn(ə) o kəsdir ki, uşaqlığında Həzrət Cəbrayıl onunla oynayırdı. İmam Hüseynin(ə) Cəbrayılla ünsiyyətdə olması bir dəfə baş verməyib, bu barədə kitablardakı hədislərlə maraqlansaq, belə hadisələrin dəfələrlə olduğunun şahidi olarıq. Hədislərdə vardır ki, Xanım Zəhra(s.ə) buyurur:  Bir gün Həsənlə Hüseyn güləşərkən gördüm ki, Peyğəmbər(s) Həsəni təşviq edir və onun tərəfini saxlayır. Peyğəmbərə(s) dedim: Ya Rəsulallah, Hüseyn kiçik uşaqdır və Həsən ondan böyükdür. Hüseyn kiçik olduğu üçün onu daha çox təşviq etmək lazımdır. Həzrət Peyğəmbər(s) buyurdu: Qızım, narahat olma. Mən Həsəni təşviq edirəm, Cəbrayıl da Hüseyn, Hüseyn deyərək onu təşviq edib alqışlayır.

İmam Rza(ə) buyurur: “Allah-təala mələkləri Adəmə səcdə etməklə və onu cənnətdə məskunlaşdırmaqla kəramət bəxş etdi. Belə bir kəramətin sahibi olduqdan sonra Həzrət Adəm öz-özünə fikirləşdi ki, görəsən Allah-təala məndən  fəzilətli bir bəşər yaradıbmı? Allahdan belə bir nida gəldi: Ey Adəm, başını yuxarı qaldır və ərşimə bax. Adəm başını qaldırıb Allahın ərşinə baxdıqda orada bu kəlmələrin yazıldığını gördü. Allahdan başqa bir məbud yoxdur, Məhəmməd Onun rəsuludur. Əbu Talibin oğlu Əli möminlərin əmiridir. Onun zövcəsi Fatimə aləmlərin bütün qadınlarının xanımıdır. Həsən və Hüseyn cənnət cavanlarının ağalarıdır. Adəm bu kəlmələri oxuduqdan sonra soruşdu: İlahi, bunlar kimlərdir belə? Allah-təala buyurdu: Onlar sənin zürriyyətindəndir. Onlar həm səndən, həm də bütün yaratdıqlarımın hamısından fəzilətli və şərafətlidirlər. Əgər onlar olmasaydılar, səni yaratmazdım. Əgər onlar olmasaydı, cənnət və cəhənnəmi, yeri və göyü də yaratmazdım. Ey Adəm, onlara həsəd və paxıllıq gözü ilə baxma. (Ey Adəm, sən şərif bir məxluqsan. Sən mələklərin səcdəgahısan. Sən bütün insanların babasısan. Sən Behişt əhlisən. Bütün bu şərafətlər sənindir). Amma sən adlarını sənə göstərdiyim kimsələrlə ölçüyəgəlməz miqyasdasan. Əgər birdən onlara qarşı həsəd aparıb paxıllıq etsən, səni cənnətimdən çıxararam”.

Bu kimi hədislər bir çox kitablarda Peyğəmbərin(s) dilindən nəql olunmuşdur. “Kənzül-Ümmal” Əhli-sünnənin ən güclü kitablarından biridir. Bu kitabın12-ci cildində belə hədislər ardıcıl şəkildə qeyd olunmuşdur. Həzrət Əli(ə), Fatimeyi Zəhra(s.ə), Həsən və Hüseyn(ə) barədə Peyğəmbərdən(s) bir çox hədislər yazılmışdır.

Həzrət Peyğəmbər(s) buyurur: “Mənim yanıma bir mələk nazil oldu ki, indiyə qədər mənə belə bir mələk nazil olmamışdı. Həmin mələk Allahdan izn alıb mənə salam və salavat göndərib bəşarət verərək belə dedi: Fatimə cənnət qadınlarının xanımı, Həsən və Hüseyn də cənnət cavanlarının ağalarıdır”.

Başqa bir hədisdə Həzrət(s) buyurur: “Hər kim məni, bu iki uşağı (Həsənlə Hüseyni), bu uşaqların atası Əlini(ə) və onların anası Fatiməni(s.ə) sevərsə, qiyamət günü mənimlə bir dərəcədə olacaqdır”.

Digər bir hədisdə Həzrət Peyğəmbər(s) buyurur: “Həqiqətən, mənim Əhli-beytim Nuhun gəmisi kimidir. Hər kim bu gəmiyə minsə, nicat tapar və hər kim bu gəmiyə minməkdən üz çevirsə, həlak olar”.

Quranın buyurduğuna əsasən hər kim Nuhun gəmisinə mindisə, nicat tapanlardan oldu. Hər kim minmədisə, həlak olub aradan getdi. Hətta Nuhun öz oğlu belə saleh övlad olmadığı üçün gəmiyə minməkdən imtina etdi və həlak olanlardan oldu. O, həlak olduğunu gördükdə boğula- boğula atasına dedi: Ata, Allah sənə öz ailənlə gəmiyə minməyi demədimi? Mən sənin öğlunam və sənin ailəndən sayılmıram?

Nuh(ə) peyğəmbər Allaha dedi:

وَنَادَى نُوحٌ رَّبَّهُ فَقَالَ رَبِّ إِنَّ ابُنِي مِنْ أَهْلِي وَإِنَّ وَعْدَكَ الْحَقُّ وَأَنتَ أَحْكَمُ الْحَاكِمِينَ. قَالَ يَا نُوحُ إِنَّهُ لَيْسَ مِنْ أَهْلِكَ إِنَّهُ عَمَلٌ غَيْرُ صَالِحٍ

  –Ey Rəbbim, oğlum mənim ailəmdəndir. Və həqiqətən Sənin (mənim ailəmin nicatı barədəki) vədin haqdır və Sən hakimlərin ən yaxşısısan.  (Allah) buyurdu: Ey Nuh, o sənin ailəndən deyil (o küfr və itaətsizlik nəticəsində qohumluq tellərini qırıb, çün­­­ki) o (başdan-başa) nalayiq (qeyri-saleh) əməllər içindədir!

Həzrət Peyğəmbər(s) öz Əhli-beytini(ə) Nuhun gəmisinə bənzədərək buyurur ki, hər kim bu gəmiyə minərsə, nicat tapacaq, üz çevirənlər isə həlakətə yetişəcək.

Həzrət Peyğəmbər(s) Həzrət Əliyə(ə) belə buyurdu: “Cənnətə ilk daxil olacaq şəxs mən, sən, Fatimə, Həsən və Hüseyndir” . Həzrət Əli(ə) dedi: Ya Rəsulallah, bəs bizi sevənlər necə? Həzrət Peyğəmbər(s) buyurdu: Onlar da sizdən sonra cənnətə daxil olacaqlar”.

Bu qəbil hədislərə kitablarda saysız-hesabsız qədər rast gəlmək olar. Lakin təəccüblüsü burasındadır ki, əgər İmam Həsən və İmam Hüseyn(ə) Peyğəmbərin(s) gözünün işığıdırlarsa, əgər Həsənlə Hüseyn(ə) Peyğəmbərdən-dirsə(s), əgər Əlinin, Fatimənin, Həsən və Hüseynin fəzilət və şərafəti barədə bu qədər hədis qeyd olunubsa, Kərbəla çölündə  necə toplaşıb Hüseyni vəhşicəsinə qətlə yetirdilər? İslam dünyasında az da olsa Hüseynin bu cür öldürülməsinə necə razılıq verə bilirlər? İslam dünyasında özünü müsəlman hesab edən bir insan Hüseynin qətlinə necə razı ola bilər? Əgər Peyğəmbər(s) Həsən və Hüseyni öz qucağında böyüdüb onlar barədə gözümün işığı, qəlbimin meyvəsi deyirdisə, necə minlərlə insanın başını xarab edib yoldan çıxararaq, onları Hüseynin əleyhinə qaldırıb onu qətlə yetirirlər? Bunlar bütün müsəlmanları şübhə altında qoyur. Bütün müsəlmanlar bunu başa düşməlidirlər. Bilməlidirlər ki, necə ola bilər  Peyğəmbərin(s) balasını bu cür qətlə yetirdilər. Peyğəmbərin(ə) vəfatından əlli il keçməmiş bu hadisəni törətdilər. O vaxt Peyğəmbəri(s) görənlər hələ də sağ idi. Səhabələrin bir çoxu diri idilər. Hətta səhabələrdən beş nəfər Kərbəlada şəhid omuşdu. Halbuki Hüseyni öldürənlərin çoxu Peyğəmbərin(s) onun dodaqlarından və boğazından öpdüyünün şahidi olmuşdular. Necə ola bilər ki, bu hadisəni görənlər Hüseynə xarici adı qoyub onu qətlə yetirdilər?

Həzrət Peyğəmbər(s) dəfələrlə İmam Hüseynin(ə) boğazından, dodaqlarından, hətta dişlərindən və ürəyindən öpüb ağlayardı.  Soruşardılar: “Ya Rəsulallah, nəyə görə bu uşağın boğazından, dodaqlarından öpüb ağlayırsan? Həzrət(s) buyurardı: Mən oxların, qılıncın və xeyzəranın yerindən öpürəm. Bir vaxt gələcək ki, Hüseynin ürəyini oxlayıb boğazını kəsəcəklər və çubuqla dişlərinə, dodaqlarına vuracaqlar”.

Mən də Hüseyndənəm

 

Yuxarıda Həzrət Peyğəmbərin(s) İmam Hüseyn(ə) barədə buyurduğu və iki hissədən ibarət olan bir hədisi əziz möminlərin nəzərinə çatdırdım və bu hədisin birinci hissəsi barədə söhbət etdim.  Bu hədisin ikinci hissəsi belədir ki, Həzrət Peyğəmbər(s) buyurur: “Mən də Hüseyndənəm”.

Hədisin bu hissəsini tarixdə baş vermiş bir sıra hadisələrlə və bəzi hədislərlə açıqlayıb əziz möminlərin nəzərinə çatdırmaq istəyirəm. Bu hədis ümumiyyətlə İslam aləmində və bütün firqələrin içndə qəbul olunmuş bir hədisdir. Peyğəmbər(s) bu hədisi dəfələrlə buyurmuş və müsəlmanlar da eşitmişlər. Hədisin birinci yarısı barədə ayə və hədislərə istinad edilərək açıqlandı və bəyan edildi. Bu hissəni başa düşüb dərk etməyin heç bir çətinliyi yoxdur. Ən azından hər bir insana məlumdür ki, hər kəsin nəvəsi onun balası hesab olunur. İnsan öz nəvəsinə deyə bilər ki, ey mənim övladım, sən məndənsən. Həzrət Peyğəmbər(s) kimi möhtəşəm bir insan İmam Hüseyn(s) barədə buyurur: “Hüseyn məndəndir və mən də Hüseyndənəm”.

Bu hədisin İkinci hissəsinin birinci hissədən bir az daha artıq açıqlamaya və izaha ehtiyacı var. İndi baxaq görək Peyğəmbər(s) hansı mənada Hüseyndən(ə) hesab olunur? İmam Sadiqin(ə) bu barədə buyurduğu bir hədis həmin məsələni bizim üçün açıqlayıb aydınlaşdırır. Həzrət(s) belə buyurur: “İslam Peyğəmbərin(s) vasitəsilə yarandı və Hüseynin(ə) köməyi ilə qorunub saxlanıldı”.

Başqa dinlər də peyğəmbərlərin vasitəsilə yaranıb. Məsələn, İsa Peyğəmbər(ə) məsih dinini gətirdi və ona İncil nazil oldu. Musa Peyğəmbər(ə) Tovrat kitabını gətirib dini camaata çatdırmışdır. Həmçinin İslam Peyğəmbərinin(s) köməyi ilə İslam dini qurulub yarandı. Allah-təala İslamı və Quranı bu şərafətli insan vasitəsilə bizə çatdırdı. Lakin Hüseyn(ə) vasitəsilə qorunub saxlanıldı. Kitab gətirmək bir əməl, həmin kitabı qoruyub saxlamaq ondan daha mühüm əməldir. Doğrudur ki, İslam Peyğəmbər(s) vasitəsilə yarandı, amma Hüseynin(ə) köməyi ilə diri qaldı. İslamın qalmasının səbəbkarı İmam Hüseyndir(ə). Əgər Hüseyn(ə), onun aşurası, Kərbəlası, xütbələri və ənsarı olmasaydı,  yaxud Həzrətin(ə) bu yolda qanı tökülməsəydi, Bəni-Üməyyə İslamın kökünü yer üzündən kəsəcəkdi. Əlbəttə, kimsə deyə bilər ki, hələ Hüseyn bu işi görməsin, baxaq görək İslam qalır, ya yox? Belə şeyləri imtahan edib yoxlamaq olmaz. Əgər bu işin nəticəsini yoxlamaq istəsək, sonda İslam aradan gedər. Əgər onun nəticəsini kimsə bilmək istəyirsə, o zaman Avropa alimlərinin kitablarına müraciət etməklə başa düşərlər ki, Hüseyn(ə) bu işi görməsəydi, İslamın aqibəti necə olardı. Bu məsələni izah etmək üçün bir misal çəkirəm. Bir uşaq damdan başı üstə yerə gəlir. Bir nəfər tez qaçıb uşağı göydə tutur və yerə düşməsinə imkan vermir. Sonradan deyir ki, əgər uşağı tutmasaydım, başı yerə dəyərək parçalanıb öləcəkdi. Yanında dayanan bir şəxs isə deyir: Sən onu tutmayaydın,  baxıb görərdik ki, ölür, ya yox? Belə şeylərlə nə zarafat etmək olar, nə də bu kimi şeyləri imtahan edib yoxlayarlar. Mərhum Ayətulla Şirazi Avropa alimlərinin biri ilə uzun-uzadı söhbətlər etmişdir. Həmin söhbətlərdən biri də budur ki, avropalı alim ona belə deyir: Biz qeyri-müsəlmanların borcudur ki, Müaviyənin büstünü qızıldan düzəldib bütün meydanlarımızda və ölkələrimizin böyük şəhərlərində yerləşdirək. Ayətulla Şirazi deyir: Onun bu sözünü eşitdikdə öz-özümə təəccübləndim ki, Avropa hara, Müaviyə hara? Ondan soruşdum: Nə əcəb sizdən? Müaviyə ilə sizin nə əlaqəniz var belə? Müaviyə sizə hansı xidməti göstərmişdir ki, onu bu cür təşviq edib tərəfini saxlayırsınız? Həmin alim dedi: Əgər o vaxt Müaviyə olmasaydı, İslam o qədər inkişaf edəcəkdi ki, indiki zamanda yer kürəsində yaşayan bütün insanlar İslamı qəbul edib, müsəlman olacaqdılar.

Müaviyə elə bir insan idi ki, İslamı İslamdan ayırdı. Biri var ki, bir nəfər İslamı yox etmək istəyir. Belə bir iş sona yetməyəcək. Çünki tarix boyu bu işə əl atanlar nəticədə məğlubiyyətlə üzləşiblər. Lenin və Stalin kimi hökmdarlar bu işə cəhd etdilər. Lakin onların bu cəhdləri boşa çıxdı. Çünki onlar demək istəyirdilər ki, İslam yoxdur. Onlar İslamın olmasını ümumiyyətlə istəmirdilər. Hər kim İslamın adını çəkirdisə, dilini kəsirdilər. Belə bir ideolodiyanın hətta silah hesabına belə yaşaması çox çəkməz. Ən çox yaşasa, yetmiş ildən artıq yaşaya bilməyəcək. Sonra İslamın qarşısını almaq üçün daha hansı böyük qüvvə meydana atıla bilər? Hər halda bu işi görmək fikrində olanlar və bu işə cəhd göstərənlər sonda naümid qalacaqlar. Amma Müaviyə başqa varianta əl atdı. O demədi ki, İslam yox olsun. Çünki bilirdi ki, bu iş mümkün deyil. Buna görə də İslamı İslamdan ayırdı. Bunun üçün kifayət qədər vaxt lazımdır ki, Müaviyənin İslamı  İslamdan necə ayırdığını açıqlayaq . Qısası budur ki, Müaviyə İslamı təhrif etdi. O, müsəlmanları bədbəxt etdi. Müaviyə müsəlmanların içərisində İslamın adını saxlayıb, onun bütün prinsiplərini aradan apardı. Buna görə də o zamandan təxminən min üç yüz səksən il keçdikdən sonra Avropa alimləri başa düşüblər ki, əgər o vaxt Müaviyə olmasaydı, İslam bütün dünyada inkişaf edəcəkdi.

Əgər İmam Hüseyn(ə) Bəni-Üməyyənin bu məkrli siyasəti qarşısında dayanmasaydı və bu yolda qanı tökülməsəydi, indiyə qədər İslamdan heç bir əsər-əlamət qalmayacaqdı. Odur ki, İmam Sadiq(ə) buyurur: “İslam Peyğəmbərin(s) vasitəsilə yarandı və Hüseynin(ə) vasitəsilə qorunub saxlanıldı”.

Buna görə də Həzrət Peyğəmbər(s) Hüseyn(ə) barədə buyurur: “Mən də Hüseyndənəm”. Çünki Hüseyn Peyğəmbərin dinini saxladı. Həzrət Peyğəmbər(s) özü də gətirdiyi dinə tabe idi. Dinin hər bir hökmünə ilk öncə o Həzrətin özü əməl edirdi. Allahın göndərdiyi İslam dinini birinci özü qəbul etdi. Peyğəmbərin(s) insanlardan ən böyük fərqlərindən biri budur ki, gətirdiyi qanunlara ilk növbədə özü əməl edirdi. Bəzən dünyada qanun yazanlar və insanlar üçün qanun təyin edənlərin özləri öz qayda-qanunlarına əməl etmirlər. Amma Peyğəmbər(s) belə deyildi.  Həzrət(s) gətirdiyi qanunlara hamıdan əvvəl və hamıdan gözəl özü riayət edirdi. Hətta müstəhəb, məkruh və ən xırda hökmlərə belə əvvəlcə özü əməl edirdi. Bir qadın uşağını Peyğəmbərin(s) yanına gətirərək dedi: Ya Rəsulallah, bu uşaq çox xurma yeyir. Bu qədər xurma yemək ona ziyandır. Xahiş edirəm, ona deyəsiniz ki, xurma yeməsin. Həzrət Peyğəmbər(s) buyurdu: “Sabah gətirərsən, deyərəm”. Qadın çıxıb getdi və səhərisi gün uşağı Peyğəmbərin(s) yanına gətirdi. Həzrət Peyğəmbər(s) uşağa buyurdu: “Xurma yemə”. Qadın təəccüblə soruşdu: Ya Rəsulallah, bu bir kəlmə sözü dünən də deyə bilərdiniz. Həzrət(s) buyurdu: “Düzdür, amma dünən mən özüm xurma yediyim üçün  uşağa desəydim ki, xurma yeməsin, bu sözümün təsiri olmayacaqdı. Çünki həmin gün mən özüm də xurma yemişdim”.

Həzrət Peyğəmbər(s) İslamın ən kiçik məsələlərinə belə əməl edirdi. Həra mağarasında Allaha ən gözəl surətdə ibadət edirdi. Əgər gecə namazı başqalarına müstəhəb idisə, Allah bu namazı Peyğəmbərə(s) vacib etmişdi. Əgər müsəlmanlara gecə namazının on bir rükətinin hamısını sübh namazına yaxın qılmaq müstəhəbdirsə, Peyğəmbərə(s) səhərə qədər bu namazı iki rükət, iki rükət qılmaq vacib edilmişdi. Gecə yarı olandan sonra yuxudan durub iki rükətini qılıb yatar, yenidən ayılıb iki rükətini qılardı. Səhərə qədər Peyğəmbər(s) bu cür ibadətlə məşğul idi. Bir sözlə desək, İslam Peyğəmbərinin(s) İslam dininə hamıdan çox imanı var idi və bu dinə hamıdan çox özü əməl edirdi. Çünki  Peyğəmbər(s) camaata Cəbrayılın nazil olmasını və hansı ayəni və vəhyi gətirdiyini xəbər verirdi. Camaat Cəbrayılın gətirdiyi xəbərləri Peyğəmbərin(s) dilindən eşidirdilər. Amma Həzrət Peyğəmbər(s) bu xəbərləri birbaşa Cəbrayılın özündən alır və onu görürdü. Hətta Peyğəmbər(s) gecələr az da olsa yatarkən sadəcə gözləri yuxulayırdı, amma ürəyi heç vaxt yatmırdı. Həzrət Peyğəmbərin(s) İslama hamıdan əvvəl və hamıdan çox imanı var idi. İmam Hüseyn(ə) Peyğəmbərin(s) tabe olduğu bu dini və bu İslamı  saxladı. Buna görə də Peyğəmbər(s) dəfələrlə buyurardı: “Hüseyn məndəndir və mən də Hüseyndənəm. Çünki o, mənim gətirdiyim İslamı saxlayır”.

Hikmət sahibləri və fəlsəfə alimləri deyirlər: Hər bir şeyin iki  səbəbi vardır. Həmin şeyin birinci səbəbi yaranması, ikinci səbəbi isə yarandıqdan sonra qorunub saxlanılmasıdır.

İslamın yaranmasının səbəbi Peyğəmbər(s), qorunub saxlanmasının səbəbi isə İmam Hüseyndir(ə). Böyük sünnə alimlərindən olan Şeyx Abdulla Əla yazdığı kitabda belə deyir: “İslamın taleyini iki hicrət dəyişdirdi. Onlardan birincisi Peyğəmbərin(s) Məkkədən Mədinəyə olan hicrətidir, ikincisi isə Hüseynin(ə) Mədinədən Məkkəyə etdiyi hicrətdir”.

Məkkədən Mədinəyə hicrətdə məqsəd İslamın bünövrəsini qoymaq idi. Məkkədə bu işi görmək mümkün deyildi. Çünki Məkkədə müsəlmanları döyüb incidir və İslamın təməlini qurmağa imkan vermirdilər. Məkkədə Şeybi Əbi Talib deyilən iki dağın arasında bir yer var idi. Müsəlmanları Məkkədə o qədər incitmişdilər ki, nəhayət, orada məskunlaşıb üç il həmin məkanda yaşadılar. Müsəlmanlar orada böhranlı vəziyyətdə yaşayırdılar. Orada nə su var idi, nə yaşıllıq var idi, nə də yeməyə bir şey tapılırdı. Elə günlər olurdu ki, bir xurma yeməklə günlərini başa vururdular. Elə günlər olurdu ki, bir xurmanı iki nəfər bölüb yarısını biri, o biri yarısını da digəri yeyirdi. Bəzi vaxtlar heç onu da tapmırdılar ki, yesinlər. Gedib ətrafı axtarıb qoyun dərisi tapıb gətirər, onu yandırıb nəsə qatmaqla özləri üçün qida hazırlayırdılar. Müsəlmanlar üç il belə acınacaqlı günlər yaşadılar. Belə böhranlı və acınacaqlı bir vəziyyətdə Peyğəmbər(s) İslamı saxladı və Mədinəyə hicrət etdi.

İslam tarixində ikinci hicrət isə İmam Hüseynin(ə) Mədinədən Məkkəyə etdiyi hicrətdir. Şeyx Abdulla Əla deyir ki, Peyğəmbərin(s) bina edib qurduğu İslamı Hüseynin(s) məlum hicrəti hifz edib saxladı.

İslam dininin hədəfi və məqsədi var. İslamın hədəfini həm Həzrət Peyğəmbərin(s) özü camaata çatdırırdı, həm də başqa ölkələrə göndərdiyi nümayəndələr bu hədəfi təbliğ edirdilər. Həzrət Peyğəmbər(s) bir çox ölkələrə nümayəndə göndərərək onları İslama dəvət edirdi. Bir ölkənin padşahı Peyğəmbərin(s) nümayəndəsindən soruşdu:“Sizin və Peyğəmbərinizin(s) insanları İslama dəvət etməkdə məqsədiniz nədir?”

Həmin nümayəndə Peyğəmbərin(s) buyurduğu kəlmələri dedi: Bizim məqsədimiz bütün bəndələri insanlara deyil, yalnız Allaha səcdə etməyə dəvət etməkdir. Allah insanı yalnız Allah qarşısında səcdə etmək üçün yaradıb. Bizim məqsədimiz insanlara dünyanı gördükləri kimi kiçik sanmamağı anlatmaqdır. Həyat elə bu deyil ki, insan dünyaya gəlib, bir müddət yaşasın və axırda da torpaq olub getsin. Həyat bu dünyada yaşayıb ölməklə bitmir.

Belə bir həyat insan üçün çox azdır. Bir körpüyə baxmaqla bütün dünyanın  bu körpüdən ibarət olduğunu hesab etmək lazım deyil. Ataların bir misalı var. Bir stəkan su yerə dağıldı və qarışğa suda boğuldu. Boğularkən dedi ki, dünyanı sel apardı. Ona deyirlər: Sel səni aparıb, dünyanı yox. Sən bir stəkan suyun içində boğulmaqla elə bilirsən ki, bütün dünyanı sel aparır. Insan dünyaya belə baxmamalıdır ki, 60-70 il bu dünyada yaşayıb axırda torpaq olacaq. Xeyr, bu bir körpüdür ki, insanı çayın bu tayından o biri tayına aparır. Korpünün üstündə dayanmaqla belə düşünmək lazım deyil ki, bütün dünya bu körpüdən ibarətdir.

İslamın məqsədi insanları yalnız və yalnız Allaha ibadətə və yalnız Onun qarşısında səcdə etməyə dəvət etməkdir. Allahdan başqasına səcdə etmək olmaz. Şair bu barədə belə yazır:

Adəm əz bi bəsəri bəndəgiye adəm kərd,

Mən nədidəm ke, səgi pişe səgi sər xəm kərd.

– İnsanlar əgər bir-birlərinə səcdə edirlərsə (yaltaqlar quldurlara səcdə edirlərsə) bəsirətsizlikdən və nadanlıqdan səcdə edirlər. Tarixdə mən indiyə qədər görmədim ki, bir it başqa bir itin qarşısında səcdə etmiş olsun.

İslamın məqsədi insanları bütpərəstlikdən, Allahdan başqasına  səcdə etməkdən çəkindirib, yalnız Allaha səcdə etməyə çağırmaqdır. Bütün insanlara başa salır ki, bu dünya əbədi  dünyaya çatmaq üçün bir körpüdür.

Bəni-Üməyyə belə bir nəsil idi ki, bir-birindən pozğun və nanəcib idilər. Müaviyə vəzifə başına keçib insanları dünyanın quluna çevirdi. Bəni-Üməyyə, xüsusilə Müaviyə İslamı öz mehvərindən və yolundan çıxarmışdı. İmam Hüseyn(ə) gəlib İslamı öz yoluna qoyaraq bu məsələni həll etdi. İmam Hüseynin(ə) məqsədi bu deyildi ki, insanların bir-bir əlindən tutub onları günahdan çəkindirsin. Peyğəmbərin(s) zamanında da insanlar günah edirdilər. Peyğəmbər(s) ona görə gəlməmişdi ki, camaatın heç biri günah etməsin. Peyğəmbərin(s) məqsədi bu deyildi. Peyğəmbər(s) əsasən insanlara hidayət və haqq yolu göstərmək üçün gəlmişdi. Bu yolu getmək isə hər bir insanın öz ixtiyarında və boynundadır. İmam Hüseynin(ə) məqsədi isə Bəni-Üməyyənin mehvərindən və yolundan çıxardığı İslamı bərpa etmək idi. İslamı yolundan çıxarmaq nə deməkdir? Bu sualın cavabı bir cümlə ilə tamamlanır. İmam Hüseyn(ə) camaatı başa saldı ki, pozğun bir adam ədalət adı altında adil bir insanın yerində əyləşə bilməz. İmam Hüseyn(ə) bu məsələni bütün aləmə başa saldı ki, Yezid pozğun bir adamdır. Onun İslam adı altında Peyğəmbərin(s) xəlifəsi olmağa ləyaqəti çatmır. Yezid hakimiyyətə keçdiyi ilk gündən hamıya bu məsələni başa saldı.

Hicrətin altmışıncı ilinin rəcəb ayının 15-də Müaviyə öldü. Yezid onun yerində əyləşdi. Artıq onun üçün camaatdan beyət almışdılar. Müaviyənin ölüm xəbəri yayılmazdan öncə Yezid həmin gecə Mədinənin valisi Vəlid ibn Ütbəyə məktub göndərdi ki, Hüseyn ibn Əlidən onun üçün beyət alsın. Çünki Yezid bilirdi ki, əgər Hüseyndən(ə) beyət almasa, onun bu xilafət məsələsi baş tutmayacaq. Buna görə də gecəylə Mədinə valisinə bu məktubu göndərdi. Vəlid Mərvanı yanına çağırıb məsləhətləşdikdən sonra İmam Hüseyni(ə) dəvət etdi. İmam Hüseyn(ə) bütün məsələlərdən agah idi. Bilirdi ki, Müaviyə cəhənnəmə vasil olub və Yezidə beyət almaq üçün onu dəvət edirlər. İmam Hüseyn(ə) bir neçə nəfər yaxın adamları ilə valinin yanına getdi. Vəlid məsələni İmam Hüseynə(ə) olduğu kimi danışdı. İmam Hüseyn(ə) elə oradaca buyurdu:

اَيُّها الأَمِير اِنَّ البيْعَةَ لا تَكُونُ سِرًّا

وَلكِنَّ اِذا دَعَوْتَ النّاس غَدًا فَادْعُنا مَعَهُم

–Ey əmir, adamdan gecənin bir aləmində gizlicə beyət almazlar. Sabah səhər camaatı bizimlə birgə dəvət edib sözünü deyərsən.

Əgər sabah camaat qarşısında Vəlid ondan beyət almaq istəsəydi, İmam Hüseyn(ə) bilirdi ki, hansı işləri görəcək. Lakin Mərvan Vəlidin İmam Hüseynlə(ə) razılığa gələcəyini görüb, him-cimlə onu başa saldı ki, bu işi sabaha saxlamaq olmaz.

Sonra İmam Hüseyn(ə) buyurdu:

اَيُّهَاالأَمِير اِنّا اَهْلُ بَيْتِ النُّبُوَّة وَ مَعْدِنُ الرِّسالَة وَ مُخْتَلَفِ الْمَلآئِكَ بِنا فَتَحَ الله وَ بِنا خَتَمَ الله

وَيَزِيدُ رَجُلٌ شارِبُ الْخَمر وَ قاتِلُ النَّفسِ مُحْتَرَمَ مُعلِنٌ بالْفِسق لَيْسَ لَهُ هذهِ الْمَنْزَلَة وَ مِثْلِى لا يُبايِعُ مِثْلَه وَلكِن نُصْبِح وَ تُصْبِحُون وَ نَنْظُر وَ تَنْظُرُون اَيُّنا اَحَقُّ بْالْخِلافَة وَالْبَيعَة

–Ey əmir, biz Peyğəmbərin(s) Əhli-beytiyik və risalətin mədəniyik. Allahın mələkləri bizim evimizə get-gəl ediblər. (Peyğəmbərə(s) ayələr nazil olarkən Cəbrayıl  bizim evimizə gəlib gedirdi.) Allah öz dinini bizimlə başlamış və bizimlə də tamamlayacaq. Yezid isə şərab içən, adam öldürən, qan tökən və cinayətkar bir insan idi. O, açıq-aşkar günah işlər görən pozğun adamdır. Onun İslama hökmdarlıq etməyə ləyaqəti yoxdur. Mənim kimi insanlar onun kimi insanlara heç vaxt beyət etməz.

İmam Hüseyn(ə) əgər «mən ona beyət etməyəcəyəm» desəydi, məsələnin əhatə dairəsi kiçiləcəkdi. O zaman bu iki insanın qarşı-qarşıya durması hesab olunacaqdı. Yəni məsələ İmam Hüseynlə(ə) Yezid arasında olan xüsusi bir söhbət kimi başa düşüləcəkdi. Bu məsələ İslam məsələsi ilə bağlı olduğundan İmam Hüseyn(ə) buyurdu: “Mənim kimi insanlar onun kimi insanlara heç vaxt beyət etməz”. Bu o deməkdir ki, heç vaxt İmam Hüseyn(ə) kimi pak insanlar Yezid kimi pozğun bir insana əl uzatmaz. Həzrət(ə) bu sözü tarixə yazdı.

Sonra İmam Hüseyn(ə) buyurdu: “Siz də qərar verin, biz də, siz də baxın, biz də baxaq görək, hansımızın xilafətdə olmağımıza daha çox haqqımız var. Fikirləşin, görün həqiqətdə kim-kimə beyət etməli və kim- kimə iman gətirməlidir”. Içəridə səs-küyün ucaldığını gördükdə İmam Hüseynlə(ə) birgə gəlib qapı arxasında dayanan əli qılınclılardan bir neçəsi içəri daxil oldu. Vəlid və adamları heç bir söz deyə bilmədilər.

Səhərisi gün Həzrət(ə) Mərvanla rastlaşdı. Mərvan yaxınlaşıb İmama(ə) dedi: Mənim sizə bir təklifim var, əgər qəbul etsəniz, sizin məsləhətinizdir. Əgər beyət etsəniz, sizin özünüz, dininiz və dünyanız üçün  xeyirli olar.

İmam Hüseyn(ə) Mərvanın cavabında buyurdu:

اِنّا لِلّهِ وَ اِنّا اِلَيْهِ راجِعُون, وَعَلَى الإِسْلامِ اَسَّلام اِذا بُلِيَتُ الأُمَّة بِراعٍ مِثلَ يَزِيد وَلَقَد سَمِعتُ جَدِّى رَسُوُل الله(ص) يَقُولُ: اَلْخِلافَةُ مُحَرَّمَةٌ عَلى آلِ اَبِى سفيان, فَإِذا رَأَيْتُم مُعاوِيَة عَلى مِنْبَرِى فَأَبْقَرُوا بَطْنه وَقد رآهَ اَهْلِ الْمَدِينَة عَلى مَنْبَر فَلَم يَبْقَرُوا فَابْتِلاهُم الله بِيَزِيد الفاسِق

– Allah tərəfindən gəlmişik və Ona tərəf də qayıdacağıq. Əgər Yezid kimi bir çoban ümmətə başçılıq edəcəksə, o zaman İslamın işi bitmişdir. Allahın Rəsulundan(s) eşitdim ki, buyurdu: “Xilafət Əbu Süfyan ailəsinə haramdır. Müaviyəni mənim minbərimdə gördükdə qarnını yırtıb onu aşağı salın”. Amma Mədinə əhli onu Peyğəmbərin(s) minbərində görüb etiraz etmədiklərinə görə Allah bu camaata pozğun Yezidi uyğun gördü.

İmam Hüseyn(ə) bütün aləmə başa saldı ki, İslam ümmətinin başında və Peyğəmbərin(s) yerində İslam adı altında Yezid kimi fasid, pozğun, yırtıcı və adam öldürən bir şəxs otura bilməz. Mən  qoymayacağam ki, o, Peyğəmbərin(s) yerində otursun. İmam Hüseynin(ə) Yezidin şəxsi hakimiyyəti ilə işi yox idi. O Həzrət bütün bu hərəkətləri ilə vacibi məruf və haramı münkər etdi. Bütün bu hadisələr yalnız həmin söhbətlə bağlı idi. O Həzrət bunu  istədi və istəyinə də nail oldu. İmam Hüseyn(ə) istəyirdi ki, vacib məruf və haram da münkər kimi tanınsın. Hamı bilir ki, vacib elə vacibdir və haram da haramdır. Məsələn, namaz qılmaq vacib, yalan danışmaq isə haramdır. Həmçinin əmr be məruf (insanları mərufa dəvət etmək) və nəhy əz münkər (insanları münkərdən çəkindirmək) də vacib əməllərdəndir. Amma bəzən vacib məruf deyildir. Əgər İslam insanları mərufa dəvət etməyi əmr edirsə, bu o demək deyil ki, onları vacibə dəvət etməliyik. Ümumiyyətlə, insanları mərufa dəvət etmək əmr olunur. Həmçinin deyilmir ki, camaatı haramdan çəkindirin. Camaatı münkərdən çəkindirmək əmr olunur. Məruf bəyənilmiş əməllərə, münkər isə çirkin və hamının acığı gələn işlərə deyilir. Bəzən elə vaciblər olur ki, hamının o əməldən xoşu gəlmir. Bəzən də elə haramlar vardır ki, hamının o əməldən acığı gəlmir. Müaviyə elə bir iş gördü ki, vacib əməllər camaat arasında mərufluğunu və haram da münkərliyini itirdi. Xəlifə içki içib mehrabda dayanıb namaz qıldıqdan sonra hansı münkərdən danışmaq olar? Müaviyə haramı münkərlikdən ayırmışdı. İmam Hüseyn(ə) öz hərəkatı ilə bildirdi ki, mən vacibi məruf və haramı da münkər edəcəyəm. Kim bu işləri görürsə, mənim onunla işim yoxdur. Amma haramın haram olduğunu hamı bilməlidir. Mən Yezidi İslam adı altında xəlifə olmağa qoymayacağam. İmam Hüseyn(ə) camaatı başa saldı ki, Yezid xüsusi hakimiyyət istəyirsə istəsin. Amma İslamın xəlifəsi olması mümkün deyil. Çünki insan taxtda əyləşməklə ədalətli ola bilməz. Insanın yerdə fasiq, taxta çıxdıqdan sonra ədalətli olması mümkün deyil. Pozğun insanın haqqı yoxdur ki, İslam adına hakim olsun. Qeyri İslam adı ilə dünyada nə çox fasiqlər vardır ki, hakimlik edirlər və heç kəsin onlarla heç bir işi yoxdur. Əgər söhbət haram etməkdən gedirsə, Peyğəmbər(s) zamanında da xeyli insan haram işlər görürdü. Peyğəmbər(s) onların qarşısını ala bilmədi. Çünki haram elə bir şeydir ki, insan onu öz iradəsi ilə tərk etməlidir. Vacib elə bir şeydir ki, insan onu da öz iradəsi ilə yerinə yetirməlidir. Bunlar insanın öz ixtiyarındadır. Insanın iradəsi Allahın iradəsi ilə onun əməli arasında bir vasitədir. Əgər insan iradə etsə, deməli Allahın da iradəsi yerinə yetmişdir. Bu, Allahın şəriətlə bağlı iradəsidir ki, insanların ixtiyarına vermişdir. Allah hamıdan namaz qılmağı istəyir, amma çoxu qılmır. Insanların ixtiyarı öz əllərində olduğu üçün pis işlər də görə bilərlər. Amma İmam Hüseyn(ə) bütün  aləmə sübut etdi ki, pozğun bir insan öz- özlüyündə pozğundur. Belə bir insanın heç bir vaxt İslam hakimiyyətində əyləşməyə ləyaqəti yoxdur. İmam Hüseyn(ə) bu məsələləri insanlara başa saldı. Tarixdə bu məsələlər barədə bir çox nümunələr vardır ki, onlardan birini nəzərinizə çatdırıram.

İmam Hüseyn(ə) Mədinədən hərəkət edib Məkkəyə yetişdi. Abdulla ibn Ömər də Məkkədə idi. Həm ömrə ziyarəti, həm də öz şəxsi işləri üçün ora gəlmişdi. O, İmam Hüseynin(ə) Yezidə beyət etmədiyindən və Məkkəyə gəldiyindən xəbər tutduqda öz işlərini sahmana salıb,  Həzrətin(ə) hüzuruna gəldi. Salamlaşandan sonra dedi: Mənim sizə bir təklifim var. Həzrət(s) buyurdu: Eşidirəm. Abdulla dedi: Ya Əba Əbdillah, eşitdim ki, Yezid Vəlidin vasitəsilə səndən beyət istəyib. Sən də ona beyət etməmisən. Mədinədən hicrət edib Məkkəyə gəlmisən. Bilirsən ki, camaatın çoxu Yezidə beyət edib. Bilirsən ki, hazırda vəzifə, pul, mal- dövlət Yezidin əlindədir. Belə olduqda camaat pula görə də olsa ona tərəf gedəcəkdir. Ikincisi də budur ki, əgər sən ona beyət etməsən, həm səni öldürəcəklər, həm də sənin tərəfdarlarını. Çünki mən Peyğəmbərdən(s) eşitmişəm ki, Hüseyn(ə) şəhid olacaq. Hər kim ona kömək etməsə, zəlil olacaq. Mənim təklifim budur ki, sən Yezidin beyətini qəbul etməklə həm özünün, həm də bir dəstə insanın qanının tökülməsinə imkan vermə. İmam Hüseyn(ə) Abdulla ibn Ömərin hansı yuvanın quşu olduğunu və fitnəkar bir adam olduğunu çox gözəl bilirdi. Buna görə də ona belə buyurdu: Ya əba Əbdürrəhman, bilmirsənmi dünya o qədər alçaqdır ki, həmin  dünyada Zəkəriyyanın oğlu Yəhyanın başını kəsib teştin içinə qoyaraq zinakar bir adamın qarşısına qoydular?

Sonra Həzrət(s) buyurdu: Bilmirsənmi Bəni-Israil hər gün fəcrdən gün çıxana qədər yetmiş peyğəmbərin başını kəsdikdən sonra bazarda alış-verişlərilə məşğul olurdular? Allah onlara möhlət verdi və sonda Öz əzabını onlara nazil etdi.

İmam Hüseyn(ə) bu iki hadisəni ona danışdıqdan sonra buyurdu: Ya əba Əbdürrəhman, Allahdan qorx. (Peyğəmbərdən(s) eşitmisən ki, hər kim mənə kömək etməsə, zəlil olacaq). Elə isə gəl mənə kömək et ki, zəlil olmayasan.

Abdulla ibn Ömər ağlayıb dedi: Mən dəfələrlə görmüşəm ki, Peyğəmbər(s) sənin ürəyindən öpüb. Icazə ver, mən də Peyğəmbər(s) öpən yerdən öpüm. İmam Hüseyn(ə) etiraz etmədi və köynəyini yuxarı qaldırdı. Abdulla ibn Ömər üç dəfə İmam Hüseynin(s) ürəyinin üstündən öpüb ağladı. Sonra İmam Hüseynlə(ə) vidalaşıb getdi.

 

Abdulla ibn Ömər kimdir?

 

Osman dünyadan gedəndən sonra camaat beyət etmək üçün Həzrət Əlinin(ə) evinə axışırdı. Altı-yeddi nəfərdən başqa hamı Həzrət Əliyə beyət etdi. Abdulla ibn Ömər beyət etməyənlərin içərisində idi. Malik Əştər dedi: Ya Əli, onun sənin qılıncından xəbəri yoxdur. Izn ver ona azacıq təzyiq edim ki, o da beyət etsin. Həzrət Əli(ə) buyurdu: “Lazım deyil. Onu azad burax, öz istədiyini etsin. Istəyir beyət etsin, istəmir etməsin”. Abdulla ibn Ömərə dedilər ki, gəl, sən də Əliyə beyət et. O, yalandan dedi: Istəyirəm hamıdan sonra, ən axırda Əliyə beyət edim. Bir müddətdən sonra Həzrət Əliyə(ə) xəbər gətirdilər ki, Abdulla Məkkədə başına bir neçə nəfəri toplayıb sənin hakimiyyətinin əleyhinə fəaliyyət göstərir. Həzrət Əli(ə) bir neçə nəfəri Məkkəyə göndərib bu məsələni həll etdi. Abdulla ibn Ömər elə bir insan idi ki, Həzrət Əli(ə) barəsində belə işlər görürdü. İmam Hüseynin(ə) sinəsini öpəndən sonra çıxıb Yezidə məktub yazaraq ona beyət etdiyini etiraf etdi. Abdulla elə bir adam idi ki, Hüseynin sinəsindən öpmüşdü və Peyğəmbərdən eşitmişdi ki, Hüseynə kömək etməyən zəlil olacaq. Yezidə beyət edəndən  bir müddət keçməmiş camaat onun əleyhinə qalxdı. Mədinənin valisini şəhərdən qovdular. Osman ibn Məhəmməd o zaman Mədinəyə Yezid tərəfindən vali təyin olunmuşdu. Abdulla ibn Ömər gəlib Yezidin tərəfini saxlayaraq, qohum-əqrəbasını yığıb belə dedi: Camaat, mən Peyğəmbərdən(s) eşitdim ki, belə buyurdu: Hər kim birinə söz verib əhd-peyman bağladıqdan sonra öz sözünün üstündə dayanmasa və əhd- peymanını sındırsa, Allah qiyamət günü həmin şəxsi rüsvay edəcək.

Abdulla bu hədisi camaat üçün oxuyandan sonra dedi: Siz Yezidə beyət etmisiniz. Əgər bu gün öz beyətinizi sındırsanız, qiyamət günü Allah sizi rüsvay edəcək.

Yeziddən sonra Əbdülməlik ibn Mərvan hakim oldu. İbn Zübeyr Məkkədə onun əleyhinə fəaliyyətə başladı. Əbdülməlik ibn Mərvan Həccacı Məkkəyə göndərib göstəriş verdi ki, gedib məsələni həll etsin. Həccac Məkkəyə gəldi. Abdulla ibn Ömər onun gəlişindən xəbər tutub, gecə ilə onun yanına gəlib dedi: Həccac əlini uzat, sənə beyət etməklə öz beyətimi Mərvana bildirim. Həccac yeyib-içib uzanmışdı. Yerindən qalxmadan dedi:  Səhər gəlib beyət edərdin, nə əcəb gecənin bu vaxtı gəlmisən? Abdulla ibn Ömər dedi: Peyğəmbərdən(s) eşitmişəm ki, hər kim öz əsrinin imamını tanımadan ölsə, elə bil cahiliyyət aləmində dünyadan getmişdir. Qorxdum ki, gecə yatıb səhər durmaram. Istəmirəm ki,cahillər kimi dünyadan gedim. Buna görə də mən gecəylə beyət etmək üçün sənin yanına gəldim. Həccac ayağını yorğanın altından çıxarıb dedi: Əlimi yorğanın altından çıxara bilmərəm, gəl ayağıma beyət et. Abdulla ibn Ömər gəlib Həccacın ayağına beyət etdi.

Abdulla ibn Ömərin bu hərəkəti İmam Hüseynə(ə) danışdığı Peyğəmbərin(s) hədisinin nəticəsi idi. O, İmam Hüseynə(ə) demişdi: Ya Əba Əbdillah, Peyğəmbərdən(s) eşitmişəm ki, Hüseyn() şəhid olacaq. Hər kim ona kömək etməsə zəlil olacaq.

Bir insan ki, Əlinin(ə) əllərinə beyət etməsə, Allah həmin şəxsi elə zəlil edər ki, Həccacın ayağını öpüb ona beyət edər.

Odur ki, İmam Hüseyn(ə) bunları başa saldı ki, sizi İslam adı altında hakim olmağa qoymayacağam. Onlar İslam adı altında hakim olmaq istəyirdilər. Bütün bu məsələlər elə bunun üstündə idi. Bu, iki ərəbin məsələsi deyildi. İmam Hüseyn(ə) bütün müsəlmanlara başa saldı ki, Yezid İslam hakimi deyil. O, fasiq bir hakimdir. Əgər İslam adı altında hakimlik etsə, mən buna imkan verməyəcəyəm. O Həzrət(ə) bu hərəkəti ilə bütün tarixlərdə insanlara başa saldı ki, İslam ayrı şeydir, Bəni- Üməyyə ayrı şeydir. Bu hərəkəti ilə İslamı Bəni-Üməyyədən və Yeziddən ayıra bildi. Tarix bu məsələni qəzavət edir. Bu gün bütün dünyanın alimləri İmam Hüseyn(ə) barədə yazdıqları kitablarda vurğulayırlar ki, Hüseyn(ə) məğlub oldu, amma məhkum olmadı. Onu öldürdülər, amma məntiqini söndürə bilmədilər. Onun bu məntiqinə heç bir məntiq çata bilmədi. Bununla da İslamı qoruyub saxladı. Buna görə də Həzrət Peyğəmbər(s) buyurur: “Hüseyn məndəndir və mən də Hüseyndənəm. Onun məktəbi mənim məktəbimdir. Mənim məktəbimi Hüseyn qoruyub saxlamışdır”.

İmam Hüseynin(ə) məqamı

 

Bəhsimizin müqəddiməsində Həzrət Peyğəmbərin(s) Əhli-beyti(ə) barədə və Həzrətin(s) İmam Hüseyn(ə) haqqında buyurduğu məşhur bir hədisi nəzərinizə çatdırdım. Bu hədisdə Həzrət Peyğəmbər(s) buyurur ki, Hüseyn məndəndir və mən də Hüseyndənəm. Firqəsindən asılı olmayaraq bütün İslam dünyası bu hədisi qəbul edib təsdiqləyir. Bu iki hissəli hədisin hər iki mənası barədə artıq söhbət etdik. İmam Hüseyn(ə) Peyğəmbərin(s) nəvəsi, əti ətindən, qanı qanından olduğu üçün Həzrət(s) buyurur: “Hüseyn məndəndir”. Çünki İmam Hüseyn(ə) barədə bu kəlamlar Həzrət Peyğəmbərin(s) öz mübarək dilindən bəyan olunmuşdur. Həzrət Peyğəmbər(s) buyurur: “Hüseynin əti ətimdən, qanı mənim qanımdan, ruhu mənim ruhumdan və nuru nurumdandır”. Həmçinin hədisin ikinci hissəsində Peyğəmbər(s) buyurur: “Mən də Hüseyndənəm. Çünki Peyğəmbər gətirən dini, kitabı qoruyub saxlayaraq öz qanı ilə imzalayıb, bu işi öz öhdəsinə götürmüşdür”. Allah-təala Quranda Öz dininin və kitabının qorunub hifz olması haqqında belə buyurur:

إِنَّا نَحْنُ نَزَّلْنَا الذِّكْرَ وَإِنَّا لَهُ لَحَافِظُونَ

–Həqiqətən bu zikri (Quranı) Biz nazil etdik və şübhəsiz, onu (qiyamətə qədər də) Biz Özümüz qoruyarıq.

Peyğəmbər(s) və məsumların hədis və kəlamlarından belə qənaətə gəlirik ki, İmam Hüseynin(ə) şəhaməti, şücaəti, mücahidliyi, fədakarlığı və şəhadəti İslamı təzmin etdi. Allah-təala İmam Hüseynin(ə) vasitəsilə İslamı qoruyub saxlayır. Alimlərdən biri öz kitabında  bu barədə belə yazır: “Əgər Isa Məsihin(ə) də Hüseyni olsaydı, o da Incili qoruyub təhriflərdən saxlaya bilərdi. Əgər Musa Kəlimullahın Hüseyni olsaydı, o da öz Tövratını saxlaya bilərdi. Lakin Allah-təala iradə edərək İslam Peyğəmbərinə(s) Quranı nazil edir və onu təhrifdən qoruyub saxlamaq üçün  Hüseyni(ə) də yaradır”. Həmçinin Hüseynə(ə) Peyğəmbər(s) vasitəsilə buyurur:

فَإِنَّ اللهَ تَعالى أَرادَ أَنْ يَراكَ قَتِيلاً وَقَدْ شآءَ أَنْ يَراهُنَّ سَباياً

–Həqiqətən Allah-təala səni qətil edilmiş halda (qanına boyanmış) görmək və ailəni də  əsir görmək istəyir.

İslamı İmam Hüseynin(ə) qanı və Xanım Zeynəbin(s.ə) dili və məntiqi qoruyub saxladı. Yəni İslamı İmam Hüseynin(ə) qanı saxladı və o Həzrətin qanını da bacısı Zeynəbin(s.ə) xütbələri, şəhaməti və cəsarəti qoruyub saxladı. Buna görə də deyirlər ki, bir bacı ilə bir qardaş səbəb oldular ki, İslam bu günə qədər  yaşasın. Əgər bu bacı-qardaş olmasaydı, Müaviyə İslamdan əsər-əlamət qoymayacaqdı. Çünki Müaviyə elə bir insandır ki, onun ailəsi tamamilə şər və nanəcib insanlardan ibarət idi. Onun atası Əbu Süfyan həmin insandır ki, Peyğəmbərlə(s) düşmənçilik edirdi və hətta döyüşlərin birində vurub  Həzrətin(s) dişini sındırmışdı. Müaviyənin anası o qadındır ki, Həmzə şəhid olandan sonra onun ciyərini çıxarıb çeynəyərək kənara atmışdı. Müaviyənin özü iki imamla (Imam Əli(ə) və İmam Həsənlə(ə)) müharibə aparmışdır. Müaviyənin oğlu Yəzid üç il hakimiyyətdə oldu və hər bir ili də dəhşətli cinayətlərlə yadda qaldı. Hakimiyyətinin birinci ilində Kərbəla hadisəsini törətdi. İkinci il Mədinədə «Hərrə» hadisəsini törətməklə yüzlərlə Quran hafizini və qarelərini qətlə yetirdi. Hakimiyyətinin üçüncü ilində isə Kəbəni dağıdaraq orada adam öldürərək qan tökdü.

Bəni-Üməyyə belə bir ailədir. Bu ailə başdan-başa cinayətkar, fasiq, fasid bir ailədir. Həkim Sənai tanınmış bir şairdir. O, bu ailənin cinayətlərini qələmə alaraq yazır:

Dastane pesəre Hind məgər nəşenidi?

Ke əz u və se kəse u be Peyğəmbər çe rəsid?

Pedəre  u do dəndane Peyğəmbər beşekəst,

Madəre u cegəre əmme Peyğəmbər beməkid.

U be nahəqq həqe damade Peyğəmbər begereft,

Pesəre u səre fərzənde Peyğəmbər beborid.

Şair Üməyyə ailəsinin cinayətlərini  beləcə açıqlamışdır: Atası Əbu Süfyan Peyğəmbərin(s) dişini sındırmış, anası Hind Peyğəmbərin(s) əmisi Həmzənin ciyərini parçalamış, Müaviyənin özü Imam Əli(ə) və İmam Həsənlə(ə) müharibə aparmış, həmçinin oğlu Yezid də Peyğəmbərin(s) balası İmam Hüseynin(ə) başını kəsmişdir.

Buna görə də əgər Kərbəla hadisəsi, İmam Hüseynin(ə) hərəkatı, Xanım Zeynəbin xütbələri, şəhaməti və cəsarəti olmasaydı, İslamdan heç bir əsər-əlamət qalmayacaqdı. Bu söhbətimiz ötən bəhslərdə etdiyimiz bəhsin qısa məzmunu idi. Lakin bu bəhsdə iki mətləbi nəzərinizə çatdırıram. Həmin mətləblərdən biri budur ki, bu cəhətə görə İmam Hüseynin(ə) məqamı fəzilətlidir. Əgər İslam Peyğəmbəri(s), Həzrət Əli(ə) İmam Hüseyni(ə) əzizləyirdilərsə, hətta İslamdan əvvəlki peyğəmbərlər belə onun adını dillərinə gətirib ehtiram edirdilərsə, bütün bunlar  İmam Hüseynin(ə) öz qanı ilə İslamı zəmanətə götürüb qoruyub saxladığına görədir. Peyğəmbər(s) təkcə nəvəsi olduğuna görə İmam Hüseyni(s) sevmirdi. Məlum məsələdir ki, hamı nəvəsini  sevir. Amma Peyğəmbər(s) nəvə-babalıq məsələsindən əlavə, İmam Hüseyni(ə) başqa imtiyazlarına görə də sevirdi. Həzrət Peyğəmbər(s) və Imam Əli(ə) İmam Hüseynin(ə) fəzilətləri barədə danışırsa, bu,  ata-bala və ya baba-nəvə məsələsi deyil. Bütün bunlar İmam Hüseynin(ə) vücudunun İslamı qoruyub saxladığına görədir.

İmam Hüseyn(ə) kiçik yaşlarında olarkən Peyğəmbər(s) onun sinəsindən, boğazından öpərdi. Hədislərdə vardır ki, oğlu İbrahimi Hüseynə qurban verdi. Hədisin məzmunu belədir: Həzrət Peyğəmbər(s) sağ dizinin üstündə Hüseyni, sol dizində isə oğlu İbrahimi əyləşdirmişdi. Həzrət Cəbrayıl nazil olub salam verdikdən sonra dedi: Ya Rəsulallah Allah bu iki uşaqdan birini səndən almaq istəyir. Hansını  verə bilərsən. Həzrət Peyğəmbər(s) Cəbrayılın salamının cavabını aldıqdan sonra hər iki uşağın üzündən öpüb buyurdu: Oğlum İbrahimi Hüseynə fəda edirəm. Bu hadisədən sonra İbrahim dünyasını dəyişdi. Peyğəmbər(s) uşağı aparıb Bəqi qəbiristanlığında dəfn etdi. Sonradan Peyğəmbər(s) nə vaxt Hüseyni(ə) görürdüsə, bağrına basıb sinəsindən, boğazından, bəzən dişlərindən və dodaqlarından öpüb buyurardı: “Qurban olum bu uşağa ki, oğlum İbrahimi də buna fəda etdim”.

Həzrət Əlinin(ə) əzəməti hamıya bəllidir. İslam dünyasında ikinci əzəmətli şəxsiyyətdir. Peyğəmbərdən(s) sonra ən mükəmməl insan Həzrət Əlidir(ə). Dost-düşmən hamı yekdilliklə  Həzrəti(ə) nümunəvi insan kimi tanıyır. Hətta ondan əvvəl özlərini xəlifə edənlər belə onun elmini və fəzilətini danmayıblar. Heç bir insan Həzrət Əli(ə) barədə eybli və nöqsanlı bir söz danışmayıb. Çünki Həzrət Əlidən(ə) həyatı boyu bir nöqsan və çatışmazlıq görünmədi. Həzrət Peyğəmbər(s) məsciddə əyləşmişdi. Əli(ə) Peyğəmbərin(s) yanına gəlib salam verdikdən sonra dedi: Ya Rəsulallah, xahiş edirəm ki, Allahdan mənim üçün məğfirət diləyib mənə dua edəsən. Çox istərdim ki, mənim barəmdə etdiyiniz duaları özüm də eşidim. Həzrət Peyğəmbər(s) ayağa qalxıb namaz qılmağa başladı. Iki rükət namaz qıldı. Namaz qurtarandan sonra səcdəyə gedərək dedi: İlahi, Səni and verirəm Əlinin haqqına, Əlini bağışla. Həzrət Əli(ə) dedi: Ya Rəsulallah, Allaha nəyə görə mənim haqqıma and verdin? Həzrət Peyğəmbər(s) buyurdu: Mən yerə-göyə və ərşə baxdım. Allahın yanında səndən əzəmətli bir şəxs tapa bilmədim ki, ona and verim.

İmam Əlinin(ə) belə fəzilətləri vardır.  Həzrətin(ə) qızı xanım Zeynəb buyurur: “Hər vaxt atam Hüseyni(ə) çağırarkən ayağa qalxar, səsini azaldar və başını aşağı salaraq belə deyərdi: “Gəl yanıma, ya Əba Əbdillah”. Həzrət Əli(ə) özü nə qədər böyük bir şəxsiyyət olsa da Hüseyni(ə) bu cür hörmətlə səsləyib çağırardı. Belə bir hörmət və münasibət ata-bala münasibəti deyildi. İmam Hüseynin(ə) xüsusi imtiyaz və hörmətinə görə idi. Həzrət Əli(ə) İmam Hüseyn(ə) barədə belə buyurur: “Ata-anam Hüseynə qurban. O Hüseynə ki, Kufə şəhərinin arxa tərəflərində (Kərbəlada) şəhid olacaq. And olsun Allaha, elə bil gözlərimlə indidən görürəm ki, hətta çöllərin vəhşi heyvanları belə Hüseynin(ə) bədəninin, qətligahının və qəbrinin kənarında ağlayaraq  matəm içindədirlər. Gecədən səhərə qədər oturub ona əza saxlayırlar”.

Qəbilələrin birindən olan bir nəfər deyir:  Məhərrəm ayının on birinci günü bir neçə nəfərlə Kərbəladan keçirdik. Baxıb gördük ki, hər yerdə cənazə var. Nə qədər insanı qətlə yetirmişdilər. Birdən Neystan tərəfdən bir şirin gəldiyini gördük. Tez gizləndik ki, heyvan bizə hücum etməsin. Şir meydana sarı gəldi. Öz-özümüzə fikirləşdik ki, yəqin bu ac heyvan yerdə qalan cənazələri yemək üçün gəlib. Birdən baxıb gördük ki, meydanın ortasında ayaqlarını yerə vuraraq, yerdən torpağı götürüb başına səpir və nərə çəkir. Sonra gəlib bir cənazənin kənarında dayandı. Hacıların Kəbə evinin başına təvaf etdiyi kimi, cənazənin ətrafına dolanırdı. Bütün heyvanlar da gəlib onun dövrəsinə yığışaraq, matəm edirdilər.

Tarixdə bu kimi hadisələr çoxdur. Ola bilsin ki, bəzisini çoxaldıb azaltsınlar. Amma Həzrət Əlinin(ə) buyurduğu kəlamlara heç bir şübhə yoxdur və ola da bilməz.

Übeyy ibn Kəəb deyir: “İmam Hüseyn(ə) məscidə daxil oldu. Peyğəmbər(s) onu görcək buyurdu: Mərhəba sənə ya Əba Əbdillah. Ay göylərin və yerlərin zinəti. Kəəb deyir: Öz-özümə təəccüb etdim ki, Peyğəmbərdən(s) başqa kiməsə göylərin zinəti demək olarmı? Peyğəmbərdən(s) soruşdum: Ya Rəsulallah, səndən başqa kimsəyə göylərin zinəti demək olarmı? Həzrət(s) buyurdu: Hüseynin göylərdə böyüklüyü və əzəməti yerdən daha çoxdur. Allahın ərşində Hüseynin adına yazılan cümlələrdən sizə xəbər verimmi? Dedilər bəli, ya Rəsulallah. Həzrət(s) buyurdu: Hüseyn hidayət çırağı, nicat gəmisi, ən gözəl insan, Imam, izzət, bərəkət, elm və zəxirədir. Allah onun sülbündə pak, təmiz və mübarək bir nütfə qərar verib. Allah Hüseynə elə bir dua öyrətmişdir ki, hər kim o duanı oxusa, Allah həmin şəxsə bu mənfəətləri bəxş edəcək. Hər kim bu duanı oxusa, Allah həmin şəxsi Hüseynlə məşhur edər, İmam Hüseyni ona şəfaətçi qərar verər. Allah həmin şəxsin qəm-qüssəsini aradan aparar, borclarını əda edər, işlərini asanlaşdırar, yolunu açıq edər, həmin şəxsi düşməninə qalib edər, eyblərini örtər və həyasını qoruyar, sinəsi və qəlbini genişləndirər, dünyadan gedərkən la ilahə illəllah deyə  dünyadan gedər.

Soruşdular: Ya Rəsulallah, o dua hansı duadır? Həzrət(s) buyurdu: Namazı qılıb qurtarandan sonra əyləşdiyin yerdə bu duanı oxu:

اَللّهمَّ اِنِّى اَسْئَلُكَ بِكَلِماتِكَ وَ مَعاقِدِ عَرشِكَ وَ سُكّانِ سَماواتِكَ وَ اَنْبِيائِكَ وَ رُسُولِكَ اَنْ تَسْتَجِبَ لِى فَقَد رَحِقَنِى مِن اَمْرِ اُسرى. فَأَسْئَلُكَ اَنْ تُصَلِ عَلى مُحَمَّدٍ وَ آلِ مُحَمَّد. وَ اَنْ تَجْعَلَ لِى مِن اَمْرِ يُسْرى

-Allahummə inni əsəlukə bikəlimatikə və məaqidi ərşik. Və sükkani səmavatikə və ənbiyaikə və rusulik. Ən təstəcibə li fəqəd rəhiqəni min əmri usra. Fə əsəlukə ən tusəlli əla Muhəmədin və ali Muhəmməd. Və ən təcələ li min əmri yusra.

Allahın İmam Hüseynə(ə) belə bir fəziləti bəxş etməsi, ərşdə bu cür sözlərin yazılması və Peyğəmbərin(s) onun haqqında buyurduqları İmam Hüseynin(ə) əzəmətinə görədir. Peyğəmbərin(s) onun haqqında buyurduğu bu kəlamlar və Həzrətin(s) xüsusi inayəti ata-bala və baba-nəvə olmasına görə deyildir.

Qeyd etdiyimiz hədis çox böyük bir hədisdir. Elə bu hədisdə Peyğəmbər(s) on ikinci imama qədər bir-bir adlarını çəkərək, hər birinin barəsində xüsusi  dua buyurur. Qeyd etdiyimiz dua İmam Hüseyn(ə) barədə olan duadır.

Bu bəhsimizdə ikinci mətləb budur ki, İmam Hüseynə(ə) ağlamaq bidət yox, sünnətdir. Bəziləri elə düşünə bilərlər ki, İmam Hüseyn(ə) üçün ağlamaq bidətdir. Burada bidət barədə ətraflı söhbət açsaq, əsas mövzudan kənara çıxacağıq. Buna görə də bir kəlmə ilə bidət bəhsini qeyd etməklə söhbətimizə davam edirik. Sünnətlə bidətin fərqi nədir? Peyğəmbərin(s) gördüyü hər hansı bir işi öyrənib ona əməl etməyə sünnət deyilir. Bidət isə ona deyilir ki, İslamda olmayan bir əməl İslama əlavə edilsin. Indi baxaq görək Peyğəmbər(s) öz zamanında Hüseynə(ə) ağlayıb, ya ağlamayıb? Əgər Peyğəmbər(s) Hüseynə(ə) ağlayıb,  onun Kərbəlada şəhid olacağını bizə xəbər verməklə onun üçün ağlamağı müsəlmanlara buyurubsa, bu sünnətdir. Yox, əgər Peyğəmbər(s) bu barədə heç bir iş görməyib və bizə heç bir tapşırıq verməyibsə, sonradan bu məsələni bəzi adamlar və bəzi firqələr ortaya çıxarıbsa, deməli bu iş bidətdir. Əgər bidət olarsa haram, sünnət olarsa bu işi bütün müsəlmanlar görməlidir. Bu məsələni hədislərə baxmaqla tam aydınlaşdırmaq mümkündür.  Qeyd edəcəyim bu hədislərin bəzisini bütün firqələrin kitablarından, bəzisini isə öz kitablarımızda nəzərinizə çatdırıram. Əgər biz Peyğəmbərin(s) İmam Hüseyn(ə) haqqında «Hüseyn məndəndir və mən də Hüseyndənəm» buyurursa, deməli o əzəmətdə Peyğəmbərin(s) sözü bizim üçün höccətdir. Əgər Peyğəmbərin(s) və Imam Əlinin(ə) sözü bizim üçün höccətdirsə, deməli Əhli-beytdən(ə) və məsum imamlardan bizə buyurulan sözlərin hamısı bizim üçün höccətdir.

İbn Abbas deyir: “Bir gün Mədinə məscidində sübh namazını qılıb qutardıqdan sonra Peyğəmbər(s) bizim üçün moizə edirdi. Həzrət Peyğəmbər(s) bizə cənnət barədə söhbət edir və biz də həvəslə onun sözlərinə qulaq asırdıq. Elə bu zaman Həsən və Hüseyn əl-ələ tutub məscidə daxil oldular. Gəlib Peyğəmbərin(s) yanında dayanaraq bizə dedilər: Kim bizim kimidir? Allah bizim babamızı göylərin və yerin şərəflisi qərar verib. Atamız məşriqdən məğribə qədər hamıdan üstündür. Anamız bütün aləmlərin qadınlarının xanımıdır. Nənəmiz (Xədicə) möminlərin anasıdır. Biz də cənnət cavanlarının ağalarıyıq. İbn Abbas deyir: Onlar bu sözləri deyəndən sonra biz daha şad olub sevinərək bu (bu şəxsiyyətlərin vilayətlərinin ürəyimizdə olması) münasibətlə bir-birimizi təbrik etdik. Biz bir-birimizi təbrik edərkən birdən gördük ki, Peyğəmbər(s) çox narahat halda  ağlayır. Öz-özümüzə təəccüb etdik ki, belə sevincli bir halda Peyğəmbər(s) nə üçün ağlayır? Soruşduq: Ya Rəsulallah, sənə nə oldu belə? Nə üçün ağlayırsan? Həzrət Peyğəmbər(s) üzünü uşaqlara tutub buyurdu: Mənim balalarım, məndən sonra sizə üz verəcək müsibətlər gözlərimi ağladır. Buna görə də Allahdan özüm üçün səbr diləyirəm. Həzrət Peyğəmbər(s) bu sözlərdən sonra daha da şiddətlə ağlamağa başladı. Biz də Peyğəmbərə(s) qoşulub ağlamağa başladıq”.

Qeyd etmək lazımdır ki, Mədinə məscidində sübh namazından sonra Peyğəmbər(s) İmam Hüseynin(ə) rövzəsini oxudu, səhabələr də ağladılar. Rövzə təkcə o demək deyil ki, kimsə avazla oxuyub camaatı ağlatsın. Sadəcə qəmli hadisəni danışıb ağlamaq və ağlatmaq da rövzədir.

Sonra Peyğəmbər(ə) hər iki uşağı çağırıb Həsəni sağ, Hüseyni isə sol dizinin üstündə əyləşdirərək buyurdu: “Atam atanıza qurban, anam da ananıza. Bu sözləri buyurduqdan sonra, Həsənin ağzından öpüb uzun-uzadı onun ağzını iylədi. Sonra Hüseynin boğazından öpərək onun da boğazını uzun-uzadı iylədi. Sonra yenə də ağladı. Biz də Peyğəmbərə(s) qoşulub ağladıq. Elə bu vaxt İmam Hüseyn(ə) Peyğəmbərin(s) dizinin üstündən düşüb evə getdi. Bir az keçməmiş Xanım Zəhra(s.ə) ilə birgə Peyğəmbərin(s) məhzərinə gəldi. Həzrət Zəhra(s.ə) evdə nə baş verdiyini belə buyurur: Gördüm ki,Hüseyn ağlaya- ağlaya evə daxil oldu. Ondan nə üçün ağladığını soruşduqda belə dedi: Qardaşımla cəddimiz Peyğəmbərin(s) yanına getmişdik. Peyğəmbər(s) Həsənin ağzından və mənim boğazımdan öpüb ağladı. Mənim ağzımdan öpmədi. Anacan, mənim ağzımda nəsə vardır ki, babam ağzımdan öpmədi? Anacan, mənim ağzımı iylə, bəlkə pis qoxu gəldiyi üçün Peyğəmbər(s) ağzımdan öpmədi. Dedim: Xeyr, mənim balam. Allaha and olsun ki, onun ürəyində zərrə qədər də olsun sənə qarşı pis bir şey yoxdur. Yenə Hüseyn ağlamağa başladı və dedi: Bəs nə üçün babam mənim ağzımdan öpmədi. Xanım Zəhra buyurdu: Mənim balam, Allaha and olsun, dəfələrlə eşitmişəm ki, Peyğəmbər(s) buyurmuşdur: «Hüseyn məndəndir və mən də Hüseyndənəm. Hüseyni incidən məni incitmişdir». Xanım Zəhra Hüseyni sakitləşdirmək üçün bu hadisəni ona danışdı: Oğlum, bir gün səninlə qardaşın Həsən güləşirdiniz. Mən gördüm ki, cəddim Peyğəmbər(s) Həsəni təşviq edir. Atama dedim: Ata can, Hüseyn kiçik uşaqdır, onu nə üçün təşviq edib tərif etmirsən? Peyğəmbər(s) buyurdu: Qızım, mən Həsəni təşviq edirəmsə, Cəbrayıl da Hüseyni təşviq edərək Hüseyn, Hüseyn deyir. Xanım Zəhra başqa bir hadisəni onu danışaraq buyurdu: Mənim balam, sən kiçik ikən ağlayırdın. Atam Həzrət Peyğəmbər(s) otağıma daxil olub buyurdu: Qızım, Hüseyni ağlamağa qoyma. Bilmirsənmi ki, Hüseyn ağlayanda mən də ağlayıram? Bilmirsənmi ki, Hüseyn ağlayarkən göyün mələkləri də ağlayır? Indi isə tut əlimdən, gedək baban Peyğəmbərdən(s) bunun səbəbini soruşaq. İbn Abbas deyir: Gördük ki, Xanım Zəhra Hüseynin əlindən tutub Peyğəmbərin(s) məhzərinə gəldilər. Həzrət Peyğəmbər(s) Xanım Zəhranın Hüseynin əlindən tutaraq ona sarı gəldiyini gördükdə bərkdən ağlamağa başladı. Xanım Zəhra(s.ə) gəlib atasına salam verdikdən sonra dedi: Ey mənim ağam, elə bil Hüseynin xətrinə toxunmusan. Hüseyn narahat halda mənim yanıma gəlib ağlayır. Ya Rəsulallah, sən buyurmadınmı ki, Hüseyn mənim sinəmin gülüdür? Ya Rəsulallah, sən buyurmadınmı ki, Hüseyn göylərin və yerin zinətidir? Həzrət Peyğəmbər(s) buyurdu: Əlbəttə, mən demişəm bu sözləri. Xanım Zəhra dedi: Bəs nə üçün onu qardaşı Həsən kimi öpmədin? Buna görə də Hüseyn ağlayaraq mənə şikayət edir. Peyğəmbər(s) buyurdu: Qızım, bunun bir sirri var. Sənə desəm, qorxuram halın pozular. Bu sirri sənə açsam, qorxuram qəlbin sınar və kədərlənərsən. Xanım Zəhra(s.ə) atasına and verdi ki, bu sirri onun üçün açsın. Peyğəmbər(s) bu sirri açıqlayaraq buyurdu: Allah tərəfindən gəlmişik və Ona tərəf də qayıdacağıq. Fatimə, qardaşım Cəbrayıl Allah tərəfindən nazil olub mənə bu xəbəri gətirdi: Həsəni zəhərləyib öldürəcəklər. Buna görə də mən onun zəhər dəyən ağzından öpdüm. Hüseynin boğazının Şimrin qılıncı ilə kəsiləcəyinə görə onun boğazından öpdüm”.

Bu hədisi İbn Abbas nəql edir. İbn Abbas Peyğəmbərin(s) səhabəsi idi. Firqəsindən asılı olmayaraq hamı onun sözlərini qəbul edir. İbn Abbasın bu sözləri müqəddəs insanlar vasitəsilə bizlərə çatdırılır. Biz görürük ki, Peyğəmbər(s) özü Hüseynə(ə) ağlayır. Deməli, Peyğəmbərin(s) ağlaması sünnət hesab olunur. Əgər biz Hüseynə(ə) ağlayırıqsa, deməli, Peyğəmbərin(s) sünnəsinə əməl edib ağlayırıq. Əgər Peyğəmbər(s) Hüseynin(ə) öldürülməsi münasibətilə bizə şadyanalıq etməyi buyursaydı, biz də onu edəcəydik. Bu barədə bizə buyurulanlara əməl etmək hər bir müsəlmanın borcudur. Peyğəmbər(s) Hüseyn(ə) barədə bizə hər nə buyurursa, biz də o cür əməl etməliyik. İmam Hüseynə(ə) ağlamağı biz özümüzdən çıxarmamışıq. Məgər ağlamaqla biz bu dünyada hansısa mənfəət əldə etmiş oluruq? Məgər ağlamaqla ciblərimiz pulla dolurmu ki, desinlər, filankəs öz cibinə görə ağlayır? Qətiyyən belə deyil. Peyğəmbər(s) həm özü Hüseynə(ə) ağlayır, həm də bizə ağlamağı göstəriş verir.

İmam Baqir(ə) buyurur: “Bir gün İmam Hüseyn(ə) evə daxil olarkən Həzrət Peyğəmbər(s) Imam Əliyə(ə) buyurdu: O uşağı tut gətir mənim yanıma və başını yuxarı qaldır. Həzrət Əli(ə) İmam Hüseyni tutub başını yuxarı qaldırıb Peyğəmbərə(s) tərəf yaxınlaşdırdı. Peyğəmbər(s) Hüseynin boğazından öpüb ağladı. İmam Hüseyn(ə) özü

[1] Ali-Imran, 169

1 Əhzab, 33.

Şərhlər

Bu yazı üçün şərh bağlandı.
Birinci nəfər olun ki şərh yazisiz.

Mövzular

adver2

Dini münasibətlər

Namaz vəxti

Sübh azanı 03:44
Gün çıxır 05:22
Zöhr azanı 12:37
Gün batır 19:53
Məğrib azanı 20:09
Gecə yarısı 23:08

Höccətülislam vəlmüslimin Seyid Əliəkbər Ocaqnejad
Rəsmi internet saytı 
© 2016 Müəllif hüquqları qorunur
Materialdan istifadə edərkən
WWW.OCAQNEJAD.NET 
saytına istinad zəruridir
Designed by