Çərşənbə 18 May 2022

Çərşənbə 18 May 2022

Səhifə 51-dən 100dək(AŞURA DƏRSLƏRİ 1)

2019 Tuesday 25 June 1104 Baxiş Çap

Peyğəmbərin(s) ağladığını görüb soruşdu: Babacan, nəyə görə ağlayırsan? Peyğəmbər(s) buyurdu: Qılıncın yerindən öpdüyüm üçün ağlayıram. İmam Hüseyn(ə) soruşdu: Baba, biz şəhid olacağıq? Peyğəmbər(s) buyurdu: Bəli, həm sən, həm atan, həm də qardaşın Həsən şəhid olacaqsınız. İmam Hüseyn(ə) soruşdu: Qəbirlərimiz harada olacaq? Peyğəmbər(s) buyurdu: Bir-birinizdən uzaqda. İmam Hüseyn(ə) soruşdu: Bəs bizi kim ziyarət edəcək? Peyğəmbər(s) buyurdu: Mənim ümmətimin içində bir dəstə sədaqətli insan hər bir şəraitdə və həmişə sizin qəbrinizi ziyarət edəcəklər”.

  Ümmi Sələmə deyir: “Bir gün mənim evimdə Peyğəmbər(s) Hüseyni qucağında tutub ağlayırdı. Soruşdum: Ya Rəsulallah, nə üçün ağlayırsan? Həzrət(s) buyurdu: Cəbrayıl bu uşağın şəhid olacağını mənə xəbər verdiyi üçün ağlayıram. Sonra Peyğəmbər(s) mənə bir az torpaq verərək buyurdu: Bu torpaq Kərbəla torpağıdır. Nə vaxt gördün ki, bu, çevrilib qana döndü, bil ki, Hüseyni şəhid ediblər”.

Bu hədis Ümmi Sələmədən bütün kitablarımızda nəql olunmuşdur. Bu kimi hədislər məsum imamlarımızdan dəfələrlə nəql olunmuş və bir çox kitablarda yazılmışdır. İmam Həsən(ə) barədə yazırlar ki, otuz dəfə Hüseynin(ə) boğazından opmüşdü. Həmçinin buyurmuşdu ki, qardaş, düzdür, mən də şəhid olacağam, amma heç bir gün sənin gününə çatmayacaq ya Əba Əbdillah. Həmçinin Həzrət Əli(ə) Siffeyn müharibəsinə gedərkən Kərbəladan keçdikdə orada əyləşib ağlamışdır. Bütün bunlar İmam Hüseynə(ə) ağlamaq barədə olan hədislərdir ki, kitablarımızda nəql olunub. İmam Hüseyn(ə) şəhid olandan sonra da bacısı Zeynəb bizə ağlamağı öyrədir:

Gecələri sübhəcən növhəxanlıq eliyən,

Hüseynin əvvəl olan növhəxanı Zeynəbdir.

Çuxur yerin türbətin götürüb çəkən gözünə,

Tanıtdıran hamıya Kərbəlanı Zeynəbdir.

Məlum məsələdir ki, bir bacının qardaşını öldürərkən bacı nalə çəkib ağlayar. Xanım Zeynəb anası Zəhranı, atası Əlini və babası Peyğəmbəri  Hüseynə ağlayan görmüşdür. Əgər bu iş bidət olsaydı, Xanım Zeynəb nə üçün ağlayırdı? Əgər Hüseynə ağlamaq bidət olsaydı, bəs Həzrət Əli və Xanım Zəhra nə üçün ağlayırdı? İmam Sadiq(ə) buyurur: “Hüseynə əza saxlayıb qəm-qüssəli olan kəsin nəfəslərinə zikr savabı yazılar”. Başqa bir hədisdə İmam Sadiq(ə) atası İmam Baqirdən(ə) belə nəql edir: “Atam dünyadan gedərkən mənə belə vəsiyyət etdi: Oğlum, mənim malımdan bir miqdar ayır, hacılar minada olarkən bir mərsiyə oxuyan tap və əza məclisi təşkil et. Qoy minada İmam Hüseynə əza məclisləri qurub ağlasınlar”.

Beləliklə İmam Hüseynə(ə) əza saxlayıb ağlamaq Peyğəmbərin(s) sünnətidir və bütün müsəlmanlar  bu sünnəyə əməl etməlidirlər. İslamın bütün firqələrində İmam Hüseynə(ə) ağlayıb əza saxlayırlar. Bu, düşmən sözləridir ki, Hüseynə(ə) ağlamaq bidətdir. Bu gün Hüseynin(ə) matəm və əzasından özlərinə təhlükə hiss edən bir dəstə camaatın ağzına bidət sözünü atır. Nadan insanlar da bu sözlərin mənasını bilmədən  danışırlar. Xeyr, belə deyildir. Hamı bilməlidir ki, İmam Hüseynə(ə) ağlamaq Peyğəmbərin(s) sünnəsidir və biz də bu sünnəyə əməl edirik. Həmçinin bütün müsəlmanları da məhərrəm günlərində, aşura günü qara geyinib Hüseynə(ə) əza saxlamağa dəvət edirik. Biz bu əməli sünnət bilib, çox gözəl şəkildə  əməl də edirik. Allah-təala bizi Peyğəmbərin(s) sünnəsindən ayrı salmasın.

BİRİNCİ DƏRS

 

ALLAH YOLUNDA FƏDAKARLIQ

بِسْمِ اللهِ الرَّحْمنِ الرَّحِيمِ  اَلْحَمْدُ ِللهِ رَبِّ الْعالَمِينَ  السَّلامُ عَلى رسول الله  اَمِينِ اللهِ عَلى وَحْيِه وَ عَزائِمِ اَمْرِه  الْخاتِمِ لِماسَبَق وَالْفاتِحِ لِمَسْتُقْبِل وَالْمُهَيْمِنِ عَلى ذلِكَ كُلِّه  السَّلامُ عَلى وَصِيِّهِ اَمِيرِالْمُؤْمِنِين وَ عَلى فاطِمَةَ الزَّهْراءِ سَيِّدَةِ نِساءِ الْعالَمِين السَّلامُ عَلى الْحَسَنِ وَالْحُسَين وَالأَئِمةِ التِّسْعَةِ الْمَعصُومِينَ مِن اَوْلادِ الْحُسَين  السَّلامُ عَليهِم وَ رَحْمَةُ الله  وَالَّعْنَ الدَائِم عَلى أَعْدا ئِهِمْ أَعْداء الله  اِلى يَوْمِ لِقاءِ الله

أعوذ باالله من الشيطان الرجيم.  بِسْمِ اللهِ الرَّحْمنِ الرَّحِيمِ.  قُلْ إِن كَانَ آبَاؤُكُمْ وَأَبْنَآؤُكُمْ وَإِخْوَانُكُمْ وَأَزْوَاجُكُمْ وَعَشِيرَتُكُمْ وَأَمْوَالٌ اقْتَرَفْتُمُوهَا وَتِجَارَةٌ تَخْشَوْنَ كَسَادَهَا وَمَسَاكِنُ تَرْضَوْنَهَا أَحَبَّ إِلَيْكُم مِّنَ اللّهِ وَرَسُولِهِ وَجِهَادٍ فِي سَبِيلِهِ فَتَرَبَّصُواْ حَتَّى يَأْتِيَ اللّهُ بِأَمْرِهِ

(Ya Peyğəmbər!) De: “Əgər atalarınız, oğullarınız, qardaşlarınız, övrətləriniz (həyat yoldaşlarınız), qəbiləniz (qohumlarınız), qazandığınız mallar, kasad olmasından qorxduğunuz ticarət, xoşunuza gələn məskənlər sizə Allahdan, Onun Peyğəmbərindən və Allah yolunda cihad etməkdən (çalışmaqdan) daha əzizdirsə, Allahın əmri (əzabı) gəlincəyə qədər gözləyin.”[1]

Bu ayənin nazil olma səbəbi belədir: Həzrət Peyğəmbər(s) Həcc səfərinə yola düşdü və Məkkəyə daxil oldu. Həzrət Əli(ə) orada Peyğəmbərin(s) icazəsilə ayağa qalxıb bütün müsəlmanlara elan etdi ki, bundan sonra heç bir müşrikin Məscidül-hərama daxil olmağa ixtiyarı yoxdur. Allah-təala heç bir müşrikə ora daxil olmağa icazə vermir.  Həzrət Əli(ə) bu elanı camaata çatdırdıqdan sonra müsəlmanlar azacıq narahat oldular. Onların narahatlığına səbəb bu idi ki, əgər müşriklər ora gəlməsələr, karvanların qarşısı alınacaq, həmçinin karvanlar da Məkkə şəhərinə gəlməsələr, orada gəl-get azalaraq onların ticarət və bazarları zəifləyəcək. Buna görə də Qüreyşin və  digər müsəlmanların səsi ucaldı. Öz-özlərinə dedilər ki, bundan sonra bizim ticarətimiz əlimizdən çıxacaq, ailəmizin işi çətinləşəcək və evlərimiz xaraba qalacaq.[2] Möminlərin içərisində belə bir fikir yarananda Allah-təala bu ayəni Həzrət Peyğəmbərə(s) nazil etdi.

“(Ya Peyğəmbər!) De: “Əgər atalarınız, oğullarınız, qardaşlarınız, övrətləriniz (həyat yoldaşlarınız), qəbiləniz (qohumlarınız), qazandığınız mallar, kasad olmasından qorxduğunuz ticarət, xoşunuza gələn məskənlər sizə Allahdan, Onun Peyğəmbərindən və Allah yolunda cihad etməkdən (çalışmaqdan) daha əzizdirsə, Allahın əmri (əzabı) gəlincəyə qədər gözləyin.”

Allah-təala bu ayədə möminlərə başa saldı ki, bunların hamısı yaxşıdır, lakin iman bazarı ilə onlar iki yolun ortasında qalmış olsalar, o zaman gərək üstünlüyü Allaha və Peyğəmbərə(s) versinlər. Burada Allah möminlərin imanını imtahana çəkdi. Imanı çox olanlar o birilərdən fərqləndi. Həmçinin imanı zəif olanlar da öz zəifliyini aşkar etdilər.

Burada bir mətləbi əziz möminlərin nəzərinə çatdırıram. O da budur ki, insan elə düşünməməlidir ki, öz malını, ailəsini, qohum-əqrəbasını və s. nəzərdə tutmasın. Onların hamısı insan üçün möhtərəm və əzizdir. Insanın ata-anası, qohumları, ailəsi və s. mühümdür. Onlarla əlaqə saxlamaq və onlara hörmət etmək çox mühüm məsələlərdəndir. Həmçinin zəhmət çəkib halal qazanc əldə etmək insan üçün təkid olunmuş əməllərdəndir. Amma əgər insan iki yolun ayrıcında qalarsa, bir tərəfdə bunlar, digər tərəfdə isə Allah olarsa, o zaman gərək bunların məhəbbəti insanı Allah yolundan saxlamasın. Quranda bu barədə bir çox ayələr vardır ki, nümunə üçün “Loğman” surəsinin 15-ci ayəsini misal çəkmək olar:

وَإِن جَاهَدَاكَ عَلى أَن تُشْرِكَ بِي مَا لَيْسَ لَكَ بِهِ عِلْمٌ فَلَا تُطِعْهُمَا وَصَاحِبْهُمَا فِي الدُّنْيَا مَعْرُوفًا

-Əgər onlar (ata-anan) cəhd etsələr ki, Mənə şərik qoşasan, əsla onlara itaət etmə. Dünyada onlarla yaxşı davran.

Bu mubarək ayə bizə bildirir ki, əgər valideyn insanı şirkə tərəf çəkərsə, onlara itaət olunmamalıdır. Lakin onların müşrik olmasına baxmayaraq, onlarla yaxşı rəftar etməyi Allah-təala insana vacib etmişdir.

İndi ki insan üçün hamıdan mühüm olan valideyn insanı şirkə, günaha tərəf çəkirsə və onlara bu məsələdə itaət etməmək vacib olursa, aydın məsələdir ki, başqaları da həmçinin insanı günaha və şirkə tərəf çəkərsə, o zaman vacibdir ki, insan onların bu təklif və dəvətinə yox, Allahın sözünə əməl etsin. Əgər insanı şirkə, günaha dəvət etmirlərsə, onlarla yaxşı davranıb xoş münasibətdə olmaq çox yaxşıdır. Yəni insan təbii şəraitdə qohum-əqrəbasına yaxşı münasibət bəsləsin. Insan üçün öz ata-anası, ailəsi, mal-dövləti, mülkü mühümdür və onlara qarşı münasibəti çox səmimi olmalıdır. Amma elə bir vəziyyət yaranarsa ki, ya Allahı, ya da onları seçmək məcburiyyəti qarşısında qalsalar, onların məhəbbəti gərək insanı Allah yolundan saxlamasın.

Qeyd etdiyimiz mübarək ayənin tərcüməsi və qısa izahından sonra keçək İmam Hüseynin(ə) Kərbəla hadisəsinə. İmam Hüseyn(ə) Kərbəlada həmin qeyd etdiyimiz “Tövbə” surəsinin 23-cü ayəsini əməli surətdə bütün insanlara nümayiş etdirdi. Kərbəla bir sərgidir və bu sərgini təşkil edən Allah-təaladır. Bəzən ölkələrarası sərgilər qurulur və hər bir ölkə öz məhsulunu və ya hansısa mədəniyyət əsərini orada nümayiş etdirir. Lakin Allah-təalanın Kərbəlada təşkil etdiyi bu sərginin mövzusu  insaniyyət və eşq sərgisi idi. Allah-təala bu sərgini təşkil etməklə bütün insanları dəvət edir ki, hamı gəlib bu sərgiyə baxsın və onun barəsində oxuyaraq müəyyən qənaətlərə gələrək nəticə əldə etsinlər. Allah-təala bu sərgidə verdiyi birinci dərsi – Peyğəmbərinə(s) nazil etdiyi həmin ayəni İmam Hüseyn(ə) vasitəsilə əməli surətdə bütün insanlara nümayiş etdirərək öyrədir. İmam Hüseyn(ə) öz əməli ilə bütün insanlara başa saldı ki, lazım gəldikdə insan Allah yolunda hər şeyindən keçməlidir.

O Həzrət(ə) Məkkədən Kufəyə sarı hərəkət etmək istəyirdi. Çünki Kufədən İmama(ə)  külli miqdarda məktub gəlmişdi. Kufə camaatı İmam Hüseyni(ə) Kufəyə dəvət etmişdilər. Onlar istəyirdilər ki, Həzrətin(ə) rəhbərliyi altında orada İslam cəmiyyəti təşkil etsinlər. Həzrət(ə) həmin məktubların hamısını özü ilə götürmüşdü. İmam Hüseynin(ə) qardaşı Məhəmməd Hənəfiyyə Həzrətin(ə) Məkkədən çıxdığını eşitdikdə özünü qardaşına yetirdi. Çünki o, bütün bu vəziyyəti siyasi baxmdan təhlil etmişdi. Demək olmaz ki, düz təhlil etməmişdi. Onun sözlərində siyasi baxımdan məntiq var idi. O, öz uzaqgörənliyini və vəziyyəti İmama(ə) danışdı və dedi: “Qardaş, eşitdim ki, Məkkədən çıxıb Kufəyə hərəkət etmək istəyirsən? Imam buyurdu: Bəli. Məhəmməd dedi: Bilmirsənmi ki, Kufə əhli vəfasızdır və onlara etibar etmək olmaz? Görmədinmi, onlar atan Əli(ə) ilə necə rəftar etdilər? Mənim səndən xahişim budur ki, bu səfərdən imtina edəsən. Əgər istəyirsənsə Məkkədə qal. Çünki Məkkə əmin-aman bir yerdir. Yox, əgər Məkkədə qalmaq istəmirsənsə, Yəmənə get. Orada Peyğəmbəri(s) sevənlər və vəfalı insanlar çoxdur. Ora getsən, sənə hörmət edərlər və sənin üçün istədiyin şəraiti hazırlayarlar. İmam Hüseyn(ə) buyurdu: Bu barədə fikirləşərəm. Məhəmməd Imamdan(ə) ayrılıb getdi. Bir neçə saatdan sonra xəbər tutdu ki, İmam(ə) Məkkədən hərəkət etməyə başlayır. Özünü İmama(ə) yetirib dedi: Ey Allahın höccəti, axı mən sənə dedim ki, Kufəyə getmə. İmam(ə) buyurdu: Yuxuda cəddim Peyğəmbəri(s) gördüm. O, mənə buyurdu:

يَا حُسَيْنُ أُخْرُجْ  فَإِنَّ اللهَ تَعالى أَرادَ أَنْ يَراكَ قَتِيلاً

-Ya Hüseyn! Çıx, həqiqətən Allah səni qətl olunmuş (qanına boyanmış) görmək istəyir.

Məhəmməd dedi: Əgər Allah sənin şəhid olmağını görmək istəyirsə, bəs onda ailəni, qızlarını və körpə uşaqlarını nəyə görə aparırsan?

وَقَدْ شآءَ أَنْ يَراهُنَّ سَباياً

İmam(ə) buyurdu: Çünki Allah onları da əsir görmək istəyir.

İmam Hüseyn(ə) ona məntiqi, siyasi və dini cavablar da verə bilərdi. Lakin Kufəyə yola düşməyi qətiləşdirdiyi üçün onunla bundan artıq söhbət etmədi. Yalnız yuxusunu ona danışmaqla kifayətlənib hərəkət etdi.

Həzrət İmam Hüseyn(ə) bu hərəkəti, öz ailəsini, uşaqlarını aparması ilə bütün aləmə sübut etdi ki, əgər insan Allah yolunda hərəkət etmək istəyirsə, belə etməli və Allah yolunda hər şeyindən keçməyi bacarmalıdır. Həzrət(ə) yolda bu barədə bəzi insanlarla söhbət etmişdi. Həmin adamlar həm İmamı(ə) tanıyırdılar, həm də Imam onları tanıyırdı. Lakin onlar Həzrətin(ə) sözlərini qəbul etmədilər. Çünki onlar artıq dünyanın şirinliyinə aldanmışdılar.

İnsanlar mərifət və əməldə üç qismdirlər

Qeyd etmək lazımdır ki, insanlar mərifət və əməldə üç qismə ayrılırlar. Bir qism insanlar var ki, onların nə mərifətləri, nə də əməlləri var. Belə insanlar heyvan kimi yalnız öz qarınlarını və şəhvətlərini təmin etməklə məşğuldurlar. Bunlar dünyada kimi lazımdı tərifləyər və istədikləri adamı da tənqid və təhqir edərlər. Belə adamların fikri-zikri yalnız dünyadır. Onların nə mərifətlə, nə də əməllə işləri yoxdur.

İkinci qism insanların həm mərifətləri var, həm də əməlləri düzgündür. Onlar həm getdikləri yolu tanıyırlar, həm də o yolu düzgün gedirlər.

Üçüncü qism insanlar isə onlardır ki, yolu tanıyırlar, haqqı bilirlər, lakin maneələr onların gözlərini tutur. Onlar haqq-həqiqətin harada olduğunu yaxşı bilirlər. Həqiqət yolunu çox yaxşı tanıyırlar. Lakin bu haqq-həqiqətə və bu yola girməyin çətinlikləri olduğunu görüb geri çəkilirlər.

Üçüncü qismdən olan insanların bəzilərinin adını nəzərinizə çatdırıram. Həmin şəxslərdən biri Ömər ibn Səd idi. Məhərrəm ayının doqquzuncu gecəsi İmam Hüseyn(ə) onunla söhbət etdi. Ömər ibn Səd İmam Hüseyni(ə) çox gözəl tanıyırdı. Kimin oğlu, kimin nəvəsi, Allahın yer üzündə höccəti və hədəfinin nə olduğunu hamıdan yaxşı bilirdi.

İmam(ə) ona buyurdu: “Ömər Səd, yaxşı olar ki, Bəni-Üməyyədən uzaqlaşasan. Məsləhət görürəm ki, Peyğəmbərin(s) Əhli-beytini(ə) müdafiə edəsən.” Ömər ibn Səd dedi: “Ey Peyğəmbər(s) balası, mən bilirəm ki, sən haqqsan. Amma qorxuram ki, sənə qoşulsam, uşaqlarımı öldürərlər. Qorxuram ki, sənə qoşulsam, Kufədəki evlərimi uçurdub viran edərlər. Bir də qorxuram ki, sənə qoşulsam, mənim xurma bağlarımı yandırarlar. Buna görə də  sənə qoşula bilmərəm”.

Ömər ibn Səd İmam Hüseyni(ə), haqq-həqiqəti və düzgün yolu yaxşı tanıyırdı. Lakin arvad-uşağı, mal-dövlət, ev-eşik, bağlar və s. Allahın dinini müdafiə etməkdə  ona mane oldu. O, yolun üstündəki maneələri aşa bilmədi.

Həmin şəxslərdən biri də Übeydulla ibn Hürr Cüəfi idi. Mənzillərin birində İmam Hüseyn(ə) onunla rastlaşdı. Həzrət(ə) ona buyurdu: “Mən bilirəm ki, sən çox günahkar bir adamsan. Siffeyndə Əli ibn Əbu Talibə qarşı müharibə etmisən. Müaviyənin adamı olmusan. Sən çox böyük cinayətlər törətmisən. Istəyirsən ki, bütün bu günahların bağışlansın? Mən səni elə bir tövbəyə dəvət edirəm ki, bütün günahların yuyulub təmizlənər.” Cüəfi dedi: “Ağa, mən hamıdan gözəl bilirəm ki, hər kim gəlib sənə qoşulsa və kömək etsə, izzət və səadətə çatacaq. Amma belə fikirləşirəm ki, mən gəlib sənə qoşulsam da, qoşulmasam da, onsuz da səni öldürəcəklər. Buna görə də sənə qoşulmağımın heç bir faydası olmayacaq. Lakin mənim gözəl və bərk qaçan bir atım var. Əgər istəyirsənsə, onu sənə bağışlayım. Bundan əlavə gözəl və möhkəm bir qılıncım var ki, hər kəsə bir zərbə endirsən, ikinci zərbəyə ehtiyac yoxdur. Onu da sənə verirəm”. Həzrət(ə) ona baxıb buyurdu: “Ey Hürrün oğlu, elə bilirsən sənin atına və qılıncına ehtiyacım var? Mən səni hidayət etmək istəyirəm. Istəyirəm ki, sən Peyğəmbərin(s) Əhli-beytinə kömək edəsən. Əgər özün gəlmək istəmirsənsə, sənin atın və qılıncın mənə lazım deyil.”

İmam Hüseyn(ə) aşura günü camaata xütbə oxuyaraq moizə edirdi. Həzrət(ə) ikinci xütbəni oxuduqdan sonra Ömər ibn Sədi çağırdı və onunla bir daha söhbət etdi. Ömər ibn Səd atı ilə gəlib Imama (ə) yaxınlaşdı. Onlar o qədər yaxın dayanıb söhbət edirdilər ki, hətta atlarının boyunları bir-birinə dəyirdi. Həzrət(ə) höccəti tamamlamaq üçün Ömər ibn Sədə buyurdu: “Sən elə bilirsən ki, məni öldürməklə İbn Ziyad sənə Rey və Corcan mülkünü verəcək? And olsun Allaha, bunların heç biri sənə qismət olmayacaq. Sən nə bacarırsansa, Allah yolunda elə. Bunu bil ki, sənin üzün nə bu dünyada güləcək, nə də axirətdə.”

Ömər ibn  Səd yenə də ona verilən vədlərdən keçə bilmədi. Çünki ona pul, mal-dövlət və mülk vədəsi verərək ürəyini ələ almışdılar. Bu vədlər onu çaşdırıb haqqa tərəf gəlməkdən uzaqlaşdırmışdı.

Beləliklə İmam Hüseyn(ə) Kərbəlada bütün insanlara öyrətdi ki, əgər Allah yolunda malından, canından, bir sözlə, hər şeyindən keçmək lazım olarsa, gərək keçsin.

تَرَكْتُ الْخَلْقَ تُرًّا فِى هَواكا            وَ اَيْتَمْتُ الْعَيال لِكَى اَراكا

وَلَو قَطَّعْتَنِى فِى الْحُبِّ عِرْبا             وَما حَنَّ الْفُؤاد اِلى سِواكا

– İlahi, mən Sənin yolunda hər bir şeyimdən, hətta əhli-əyalım və uşaqlarımdan belə keçirəm. Əgər mənim bədənimi tikə-tikə doğrasalar belə, qəlbimdə Sənin (Sənin Peyğəmbərinin və dininin) eşqindən savayı heç nə yoxdur.

 Həzrət İmam Hüseyn(ə) uşaqları  döyüş meydanına yola salarkən onlarla danışır və əllərini göyə açıb Allahla münacat edəndən sonra yola salırdı. Hətta düşmən Həzrətin(ə) altıaylıq körpəsini əllərinin üstündə oxlayarkən, uşağın qanını ovcuna doldurub göyə səpdi və Allahla belə münacat etdi. Bu mənzərəni görmək mənim üçün çox asandır. Çünki bütün bunlar mənim Məşuqumun gözləri qarşısında baş verir.

Nəhayət, İmam Hüseyn(ə) axırda özü döyüş meydanına doğru hərəkət etdi. Hərəkət edərkən bacısı Zeynəbin(s.ə) onu səslədiyini eşitdi. Həzrət(ə) geri dönüb bacısının yanına gəldi və atdan düşüb bacısına buyurdu:

Sinəni qəmlər oxuna baz elə,

Hişməte nasutiyə sən naz elə,

Aləme lahutiyə  pərvaz elə,

Fatimə tək eşqdə ecaz elə,

Əhməde Muxtari sərəfraz elə,

Səy elə, ol silsilə cunbane-eşq.

 

Ruzi əzəl mətrəh olanda bəla,

Çatdı bəla ilə bizə Kərbəla,

Mən bu biyabanda ollam fəna,

Ta nəfəsin var, sənə var ibtila,

Eşq giriftarinə yoxdur dəva,

Dərdidür tənha bacı, dərmane-eşq.

 

Eşqimizin var əbədi dövləti,

Həqq özü vermiş bizə bu neməti,

Neyləyirəm cano səru itrəti,

Bəsdi mənə dilbərimin vəsləti,

Xəncəro-şəmşir ilə var ləzzəti,

Yar baxa, doğrana qurbane-eşq.

İmam(ə) xanım Zeynəbə(s.ə) o qədər moizə və nəsihət etdi ki, o, sakitləşdi və dağ kimi möhkəm oldu. İmam Hüseyn(ə) şəhid olandan sonra bütün şəraiti lazımınca qurub təşkil etdi və hər yerdə bu hadisəni olduğu kimi camaata çatdıraraq qardaşının qanını yerdə qoymadı.

 

İKİNCİ DƏRS

 

TÖVBƏ

بِسْمِ اللهِ الرَّحْمنِ الرَّحِيمِ  اَلْحَمْدُ ِللهِ رَبِّ الْعالَمِينَ  السَّلامُ عَلى رسول الله  اَمِينِ اللهِ عَلى وَحْيِه وَ عَزائِمِ اَمْرِه  الْخاتِمِ لِماسَبَق وَالْفاتِحِ لِمَسْتُقْبِل وَالْمُهَيْمِنِ عَلى ذلِكَ كُلِّه  السَّلامُ عَلى وَصِيِّهِ اَمِيرِالْمُؤْمِنِين وَ عَلى فاطِمَةَ الزَّهْراءِ سَيِّدَةِ نِساءِ الْعالَمِين السَّلامُ عَلى الْحَسَنِ وَالْحُسَين وَالأَئِمةِ التِّسْعَةِ الْمَعصُومِينَ مِن اَوْلادِ الْحُسَين  السَّلامُ عَليهِم وَ رَحْمَةُ الله  وَالَّعْنَ الدَائِم عَلى أَعْدا ئِهِمْ أَعْداء الله  اِلى يَوْمِ لِقاءِ الله

Kərbəla hadisəsinin insanlara öyrətdiyi dərslərdən biri budur ki, insan hər hansı bir yolun yolçusu olsa, hətta böyük günahların sahibi belə olmuş olarsa, bir an düşünüb fikirləşməklə, haqq yolu tapıb tövbə etməklə əbədi səadətə qovuşa bilər. Bu dərsi bizlərə Kərbəla öyrədir.

Bu dərsin müqəddiməsini Qurani-Kərimin “Hicr” surəsinin 28-43-cü ayələri ilə başlayırıq. Bu ayələrdə şeytanla Allahın müzakirəsi bəyan olunmuşdur. Qurani-Kərimdə bir neçə yerdə bu barədə geniş söhbətlər olmuşdur ki, həmin  yerlərdən biri də aşağıdakı ayələrdən ibarətdir:

وَإِذْ قَالَ رَبُّكَ لِلْمَلاَئِكَةِ إِنِّي خَالِقٌ بَشَرًا مِّن صَلْصَالٍ مِّنْ حَمَإٍ مَّسْنُونٍ 28.فَإِذَا سَوَّيْتُهُ وَنَفَخْتُ فِيهِ مِن رُّوحِي فَقَعُواْ لَهُ سَاجِدِينَ 29.فَسَجَدَ الْمَلآئِكَةُ كُلُّهُمْ أَجْمَعُونَ 30 .إِلاَّ إِبْلِيسَ أَبَى أَن يَكُونَ مَعَ السَّاجِدِينَ 31.قَالَ يَا إِبْلِيسُ مَا لَكَ أَلاَّ تَكُونَ مَعَ السَّاجِدِينَ 32.قَالَ لَمْ أَكُن لِّأَسْجُدَ لِبَشَرٍ خَلَقْتَهُ مِن صَلْصَالٍ مِّنْ حَمَإٍ مَّسْنُونٍ 33.قَالَ فَاخْرُجْ مِنْهَا فَإِنَّكَ رَجِيمٌ  34.وَإِنَّ عَلَيْكَ اللَّعْنَةَ إِلَى يَوْمِ الدِّينِ 35.قَالَ رَبِّ فَأَنظِرْنِي إِلَى يَوْمِ يُبْعَثُونَ 36.قَالَ فَإِنَّكَ مِنَ الْمُنظَرِينَ 37.إِلَى يَومِ الْوَقْتِ الْمَعْلُومِ 38.قَالَ رَبِّ بِمَآ أَغْوَيْتَنِي لأُزَيِّنَنَّ لَهُمْ فِي الأَرْضِ وَلأُغْوِيَنَّهُمْ أَجْمَعِينَ 39.إِلاَّ عِبَادَكَ مِنْهُمُ الْمُخْلَصِينَ 4..قَالَ هَذَا صِرَاطٌ عَلَيَّ مُسْتَقِيمٌ 41.إِنَّ عِبَادِي لَيْسَ لَكَ عَلَيْهِمْ سُلْطَانٌ إِلاَّ مَنِ اتَّبَعَكَ مِنَ الْغَاوِينَ 42.وَإِنَّ جَهَنَّمَ لَمَوْعِدُهُمْ أَجْمَعِينَ.43

– Və (yada sal) o zaman ki, Rəbbin mələklərə dedi: «Şübhəsiz, Mən qoxumuş palçıqdan alınmış quru gildən bəşər yaradacağam».

«Elə ki, onu düzəltdim və ona Öz ruhumdan (mübarək və Özümə layiq ruhdan) üfürdüm, hamılıqla ona (təzim üçün) səcdə halında üzü üstə düşün!»

Beləliklə, mələklərin hamısı (onun qarşısında) səcdə etdilər.

İblis isə səcdə edənlərlə birgə olmaqdan boyun qaçırtdı.

Allah buyurdu: «Ey iblis, sənə nə olub ki, səcdə edənlərlə birgə deyilsən?»

Dedi: «Mən əsla Sənin qoxumuş palçıqdan alınmış quru gildən yaratdığın bəşərə səcdə edən deyiləm!»

     Allah buyurdu: «Elə isə buradan (Cənnətdəki uca məqamdan, Allah dər­gahından və ali mələklərin sırasından) çıx ki, həqiqətən sən (hər bir rəhmət və kəramətdən) qovulmuşsan».

 «Və şübhəsiz, (İlahi vəzifələrin yerinə yetirilməsi müddəti olan indidən) cəza gününədək sənə lənət olacaqdır (və ondan sonra da əbədi cəza zamanıdır)

Dedi: «Ey Rəbbim, elə isə mənə onların (Adəm övladlarının) dirildiləcəkləri günə kimi möhlət ver».

Allah buyurdu: «Sən möhlət verilənlərdənsən».

 «(Lakin Qiyamətədək deyil,) məlum vaxtın gününədək (bəşər cəmiyyətinin hamısının düzələcəyi və ya bəşər nəslinin Israfilin surunun birinci dəfə üfürülməsi ilə kəsiləcəyi günədək)».

Dedi: «Ey Rəbbim, məni (Öz dərgahından uzaqlaşdırmaqla) azğınlığa atdı­ğına görə, mən də yer üzündə (bütün pis işləri) onlar (insanlar) üçün zinətləndirəcək və onların hamısını azdıracağam».

 «Sənin (rəhmətini şamil etməklə) onların arasından seçdiyin bəndələrin istisna olmaqla».

 (İblis onların az bir qismindən başqa hamısını ixtiyari hidayətdən çıxarıb məcburi şəkildə azdıracağını iddia etdi.) Allah buyurdu: «Bu, (onları ixtiyari hidayət və zəlalət yolunda qoymaq), Mənim öhdəmdə olan düz yoldur (və hər bir qüdrətdən xaricdir)».

 «Və şübhəsiz, sənin Mənim bəndələrim üzərində heç bir hökmün yoxdur, (on­­lar yol seçməkdə həmişə ixtiyara malikdirlər), tamamilə sənə tabe olan azğınlardan başqa»!

 «Və onların hamısının vədə yeri mütləq cəhənnəmdir».

Bu ayələr Allahla şeytan arasında olan söhbətlərdir ki, Allah-təala bu məsələni Qurani-Kərimdə bir neçə yerdə bizlər üçün bəyan etmişdir. Şeytan and içmişdir ki, Allahın bəndələrini azdırıb Allah yolundan uzaqlaşdırsın. Burada Quranın ayələrinə istinad edərək iki mühüm mətləbi əziz möminlərin nəzərinə çatdırıram.

Birinci mətləb budur ki, insan təsəvvür etməməlidir ki, yolunu bir dəfəyə, birdən-birə azıb, haqq-həqiqətdən uzaq düşür. Xeyr, bu belə deyildir. Şeytan yaxşı bilir ki, Allahın yaratdığı fitrəti pak olan, təmiz olan bu insan birdən-birə fasiq olub yolunu azmaz. Ona görə şeytan insanı yavaş-yavaş, qədəm-qədəm aldadaraq haqq-həqiqət və düz yoldan uzaqlaşdırıb fasiq edir. Əvvəl məkruh əməllərlə, sonra kiçik günahlarla, sonra böyük günahları eləməkdə insanı cürətləndirib yoldan azdıraraq tamamilə Allahdan uzaqlaşdırır. Buna misal olaraq “Bəqərə” surəsinin 208-ci ayəsini nəzərinizə çatdırıram:

يَا أَيُّهَا الَّذِينَ آمَنُواْ ادْخُلُواْ فِي السِّلْمِ كَآفَّةً وَلاَ تَتَّبِعُواْ خُطُوَاتِ الشَّيْطَانِ إِنَّهُ لَكُمْ عَدُوٌّ مُّبِينٌ

– Ey iman gətirənlər, hamılıqla (Allaha) təslim və itaətə daxil olun və şeytanın addımlarına tabe olmayın ki, həqiqətən, o, sizin aşkar düşməninizdir.

Bu ayədə (خُطُوَاتِ) “Xütuvat” kəlməsi işlənmişdir. Bu sözün mənası qədəm və addım deməkdir. Bu ayədən açıq-aydın başa düşülür ki, şeytan insanı birdən-birə yox, addım-addım aldadaraq yoldan çıxarır. Ona görə də Allah-təala başa salır ki, insan şeytanın qədəmlərinin qoyduğu yerə qədəm qoymamalıdır. Çünki şeytan insanın açıq-aşkar düşmənidir.

İkinci mühüm mətləb budur ki, əgər bir insan şeytanın yolu ilə gedirsə və hər cür azğınlığa düşübsə, ən böyük günahlar işlədibsə, uzun illər boyu günahlar nəticəsində yolunu azıbsa, bununla belə, yenə də Allahın dərgahından məyus olmamalıdır. Bu, çox mühüm məsələdir. Insan deməməlidir ki, mən artıq fasiq olub yolumu azmışam, 50 il, yaxud 80 il namaz qılmamışam, haqq yoldan uzaqlaşmışam, bundan sonra qayıtmağımın mənə heç bir xeyri olmayacaq. Xeyr, bu, səhv düşüncədir. Insan günahından və yaşından asılı olmayaraq, Allahın dərgahına üz tutub tövbə edərsə, Allah-təala onun tövbəsini qəbul edib günahlarını bağışlayar. Çünki insanın günahı nə qədər böyük olursa-olsun, Allahın rəhmətindən böyük ola bilməz.

Bəzi duaları oxuyarkən müşahidə edirik ki, həmin dualarda buyururlar: “İlahi, Sənin rəhmət və məğfirətin mənim günahlarımdan böyükdür”. Allah-təala Qurani-Kərimdə yolunu azmış, günahkar bəndələrinə belə buyurur:

قُلْ يَا عِبَادِيَ الَّذِينَ أَسْرَفُوا عَلَى أَنفُسِهِمْ لَا تَقْنَطُوا مِن رَّحْمَةِ اللَّهِ إِنَّ اللَّهَ يَغْفِرُ الذُّنُوبَ جَمِيعًا إِنَّهُ هُوَ الْغَفُورُ الرَّحِيمُ

( Ey Mənim rəsulum) De: «Ey Mənim (günah vasitəsi ilə) özlərinə zülm etməkdə həd­­di aşan bəndələrim, Allahın mərhəmətindən ümidinizi kəsməyin. Şüb­həsiz, Allah (tövbə ilə) bütün günahları bağışlayır. Çünki ba­ğışlayan və mehriban Odur![3]

Bu ayədən açıq-aşkar məlum olur ki, Allah-təala Öz bəndələrinin ona tərəf qayıtmasını, etdiyi günahlara görə yalvarıb bağışlanmasını diləməsini tövsiyə edir. Insanın günahı nə qədər böyük olsa da belə, Allaha yalvarıb özünü bağışlada bilər. Allahın rəhməti çox genişdir, hər kəs Onun dərgahına üz tutub tövbə edərsə, Allah onu bağışlayar.

قالَ الصّادِقُ(ع):اِذا كانَ يومَ القِيامَة نَشَر اللهُ تَبارَكَ وَ تَعالى رَحْمَتَه حَتّى يَطْمَعَ اِبلِيس فِي رَحْمَتِه تَعالى

İmam Sadiq(ə) buyurur: ”Qiyamət günü Allah-təala öz rəhmətini nazil etdiyi zaman Onun rəhməti o qədər geniş və böyük olacaq ki, hətta iblis belə Allahın rəhmətinə tamah salacaq”.

Ayə və hədislərdən aydın olur ki, insan iki əmrin qarşısında dayanıb. Həmin əmrlərdən biri Allahın, digəri isə şeytanın əmridir. Allah-təala əmr edir ki, insan namaz qılmalıdır, yaxşı işlər görməlidir, haram əməllərdən uzaq olmalıdır və s. Şeytan isə əmr edir ki, namaz qılma, yaxşı işlər görmə, haram əməllərə əl at və s. Insan bu iki əmrin ortasında dayanıb. Bir tərəfdən Allah-təala Quranda insanı başa salır ki, şeytan sizi yavaş- yavaş, qədəm-qədəm aldadır və insanın açıq-aydın düşmənidir. Bir tərəfdən də insana xitab edir ki, Allahın rəhmətindən məyus olmasın.

 

Kərbəla – tövbə məktəbi

Kərbəlanın insanlara öyrətdiyi dərslərdən biri elə bu barədədir. Kərbəla hadisəsi bizə öyrədir ki, insan bir anın içində düşünüb haqq-həqiqət yolunu tapa bilər, keçmişindən tövbə etməklə özünü əbədi səadətə qoşa bilər. Allah-təala bu istedadı insanda yaratmaqla belə bir imkanı onun ixtiyarına qoymuşdur. Buna nümunə olaraq Hürrün tövbə etməsini misal çəkmək olar. Belə deyildir ki, Kərbəlada yalnız təkcə Hürr tövbə edib Allah yoluna qayıtmışdır. Kərbəlada çox adam tövbə edib qayıtmışdır. İmam Hüseynin(ə) moizə və xütbələrinin təsirindən çox insan etdiyi hərəkətlərə görə peşman olmuş və haqq-həqiqət yolunu tapıb tövbə etmişdir. İmam Hüseynin(ə) sözləri, xütbələri ox kimi insanların qəlbinə sancılıb, öz təsirini göstərirdi. Həzrət(ə) hər dəfə xütbə oxuyarkən düşmən qoşunundan neçə nəfər etdiyi hərəkətə görə peşman olurdu. Hətta döyüş meydanında Həzrət(ə) düşmənə moizə edərkən Şimr gördü ki, İmam Hüseyn(ə) belə davam edərsə döyüşçülər əllərindəki silahları atıb İmama(ə) qarşı döyüşməyəcəklər. Buna görə də orada səs-küy qaldırırdı ki, camaat İmamın(ə) sözlərini eşitməsin. İmamın(ə) hər bir kəlməsi insanların qəlbinə təsir edirdi. Hətta İmam Hüseyn(ə) psixoloji cəhətdən elə hərəkətlər edirdi ki, bu hərəkətlər insanların ruhuna  təsir göstərirdi. Həzrət(ə) altıaylıq körpəsini döyüş meydanına gətirməklə camaata başa salırdı ki, əgər sizin mənimlə müharibəniz varsa, bəs bu körpə uşağın günahı nədir? Neçə gündür bu uşaq susuzluqdan yanır. Mənimlə döyüşürsünüzsə, bəs bu uşağın susuz qalması nəyə görədir? İmam Hüseyn(ə) bilirdi ki, onlar uşağa su verməyəcəklər. Su əslində uşağın anasına lazımdır ki,  suyun vasitəsilə uşaq da öz anasının südünü əmsin. Əli Əsğər 5 ay 17 günlük uşaq idi. On yeddi gün idi ki, anadan olmuşdu. Həzrət(ə) Mədinədən hərəkət etmişdi və müxtəlif məntəqələri keçərək 5 aya Kərbəlaya yetişmişdilər:

Etdim sual bu sözü loğmani əqldən,

On yeddi gündə cəngə məgər südəmər gedər?

Verdi cavab görsə ki, Quran xətərdədi,

Bəli, Rübabın oğlu da döşdən küsər gedər.

 

İmam Hüseyn(ə)  körpəni əllərinin üstünə alıb qoşunun qarşısına çıxdı və onlara buyurdu ki, mənimlə döyüşürsünüzsə, bəs bu körpənin günahı nədir? Həzrət(ə) bu sözləri deyəndən sonra Hərmələ(l.ə) üç şaxəli oxu atdı. Ox Əli Əsğərin boğazına sancıldı. Bəzi kitablarda yazırlar ki, Həzrət(ə) uşağı o halda əllərinin ustundə saxlamışdı ki, bütün camaat görsün. Bəziləri isə yazırlar ki, Həzrət(ə) uşağı qumun üstünə qoydu. Deyirlər, balığı sudan çıxarıb yerə atarkən necə çapalayırsa, o körpə də qanına bələnmiş halda isti qumun üstündə çapalayıb xırıldayırdı. Bu hadisəni görən düşmən qoşunundan bir neçə nəfər qılınclarını yerə atıb Yezidə lənət oxuyaraq döyüş meydanını tərk etdilər. Həzrət İmam Hüseyn(ə) nə iş görəcəyini hamıdan çox gözəl bilirdi. Hər bir hərəkəti ilə camaata moizə və nəsihət edirdi.

İmam Hüseyn(ə) Məkkədən çıxıb Kərbəlaya tərəf yollanır. Məkkə ilə Kərbəla arasında bir çox məntəqə var idi. Hər bir məntəqənin də öz adı var idi.  Həzrət(ə) öz dəstəsi ilə hər məntəqədə dayanıb gecələyir, hansı məntəqə yaxın idisə, gönorta çatıb bir az dincəldikdən sonra yenə də yollarına davam edirdilər. Bətni-Əqəbə adlı bir yerdə dincəldikdən sonra hərəkət etməyə hazırlaşdılar. Həzrət(ə) buyurdu ki, bacardığınız qədər özünüzlə çox su götürün. İmamın(ə) karvanı bütün qabları su ilə doldurandan sonra Şəraf adlı məntəqəyə yola düşdülər. Şərafa çatar- çatmaz İmamın(ə) səhabələri gördülər ki, elə bil uzaqdan xurmalıq görünür. Bir-birinə dedilər ki, biz buradan keçəndə heç xurmalıq görməmişdik. Bu məsələni Həzrətə (ə) dedilər ki, ey Peyğəmbər balası, biz uzaqdan xurmalıq görürük. Həzrət(ə) buyurdu ki, bəli, mən də görürəm. Elə ki, Şərafa yetişdilər, gördülər ki, bu, xurmalıq deyil. Hürr min nəfər silahlı dəstə ilə orada Həzrətin(ə) karvanını gözləyir.

 

Hürr kim idi?

Hürr böyük bir qəbilədən olub, adlı-sanlı bir insan idi. Çox güclü  dəstə başçılarından biri idi. Onun adı Hürr ibn Yəzid ibn Nəciyeyi Riyahi idi. O, Riyah qəbiləsindən olduğu üçün ona Hürri Riyahi deyirdilər.

Übeydulla İbn Ziyad Kufənin valisi idi. O, İbn Nümeyri Kufəyə və Kufə ətrafında olan ərazilərə təhlükəsizlik işləri üzrə nümayəndə təyin etmişdi. İbn Nümeyr İbn Ziyadla birgə məsləhətləşərək min nəfərdən ibarət olan bir qoşunu Hürrün ixtiyarına verərək, İmam Hüseynin(ə) qarşısını almağı ona tapşırmışdılar. Çünki onlar eşitmişdilər ki, İmam Hüseynin(ə) karvanı Məkkədən çıxıb Kufəyə doğru hərəkət edir və bir neçə günə gəlib çatacaq. Buna görə də Hürrə tapşırıq vermişdilər ki, İmamın(ə) qarşısını alıb məqsədinə çatmağa qoymasın.

Hürr öz qoşunu ilə gəlib həmin yerdə İmamın(ə) karvanını gözləyirdi. İmamın(ə) karvanı ora yetişəndə gördülər ki, Hürr də öz qoşunu ilə orada dayanıb. İmamın(ə) karvanı orada miniklərindən düşüb, yüklərini boşaldıb çadırlarını qurdular. Hürr də öz qoşununa göstəriş verdi ki, cərgəyə düzlənsinlər. Havanın həddindən artıq isti olmasına görə Həzrət(ə) gördü ki, Hürrün adamları da, atları da çox susuzdurlar.  Bir neçə nəfərə buyurdu ki, özləri ilə gətirdikləri sulardan həm onların özlərinə versinlər, həm də heyvanlarını suvarsınlar. Onlar da gətirdikləri sulardan Hürrün adamlarına və heyvanlarına verdilər. Amma heç kəs bir söz danışmırdı. Nə İmam Hüseyn(ə), nə də Hürr bir kəlmə də olsun söhbət etmirdi. Onlar suyu içib qurtarandan sonra zöhr namazının vaxtı oldu. İmam Həccac ibn Məsruqa azan vermək üçün işarə etdi. Həccac azanı deyib qurtarandan sonra Həzrət(ə)  namaz qılmaq üçün ayağa qalxdı. Namaza başlamazdan öncə üzünü Hürrə və onun qoşununa tutaraq  Peyğəmbər və Əhli-beytinə salam-salavatdan sonra buyurdu:

– Camaat! Mən istəyirəm sizinlə höccəti tamamlayım. Elə başa düşməyin ki, mən özbaşıma bura gəlmişəm. Sizin yazdığınız məktublar və göndərdiyiniz qasidlərin sözlərinə əsasən bura gəlmişəm. Siz özünüz mənə yazmışdınız ki, bizim Kufədə rəhbərimiz yoxdur, bəlkə sənin vasitənlə Allah bizi hidayət edər və bizə vəhdət, birlik bəxş edər. Əgər yenə də həmin fikirdəsinizsə, mən gəlmişəm. Mən sizə inanıb, etibar edim və siz də verdiyiniz vədlərə vəfalı olun. Yox, əgər fikrinizdən daşınmısınızsa, o zaman mən də  gəldiyim yerə qayıdım.

Həzrət(ə) sözlərini qurtarandan sonra Həccaca buyurdu ki, iqaməni desin. Həccac iqaməni oxuyanda Həzrət(ə) üzünü Hürrə tutaraq buyurdu: Biz namaz qılmaq istəyirik, əgər sən də namaz qılmaq istəyirsənsə, öz qoşununla qıl. Hürr dedi: Mən sənə iqtida edəcəyəm. Heç vaxt ola bilməz ki, sən camaat namazı qılasan, mən də gedib özüm üçün camaat namazı təşkil edim. Həm mən, həm də hamımız birlikdə namazda sənə iqtida edəcəyik. Hürr burada İmam Hüseynə(ə) qarşı öz ədəbini göstərdi. Camaat namazı qılınıb qurtardıqdan sonra hərəsi öz yerinə çəkildi. İmam(ə) və onunla gələnlər öz çadırlarına çəkilib bir az istirahət edəndən sonra Həzrət(ə) göstəriş verdi ki, qalxın, əsr namazını da qılaq, sonra öz yolumuza davam edək. Hamı qalxıb namaza hazırlaşdı. Həzrət(ə) müəzzinə azan verməyi göstəriş verdi. Sonra hamı birlikdə Həzrətin (ə) imamətilə əsr namazına başladılar. Namaz qurtaran kimi Həzrət(ə) ayağa qalxıb üzünü camaata tutaraq, yenə də  salam-salavatdan sonra kiçik bir xütbə oxudu:

– Camaat! Əgər siz təqvalı olsanız, əgər siz Allahın əmrini yerinə yetirsəniz, haqq və haqq əhlini tanısanız, bu, Allahın razılığına səbəb olar. Biz Məhəmmədin(s) Əhli-beytiyik. Bəni- Üməyyə zülm və cinayət əhlidir. Siz bunları bilirsiniz. Əgər siz bunları qəbul eləmirsinizsə, bizim haqqımızı danırsınızsa, məktublarda mənə yazdığınız fikirlərdən daşınmısınızsa, fikriniz dəyişibsə, eybi yoxdur, mən sizdən ayrılıb gəldiyim yerə qayıdaram.

İmamın(ə) bu xütbəsindən sonra Hürr irəli gəlib dedi:“Mənim məktublardan xəbərim yoxdur və özüm də  sənə məktub yazmamışam”. Həzrət(ə) göstəriş verdi ki, çantanı gətirsinlər. Həzrət(ə) çantanı açıb məktubları yerə boşaltdı. Hürr baxıb gördü ki, məktubların sayı min, iki min deyil, həddindən artıq çoxdur. Hürr məktublara baxandan sonra Həzrətə(ə) dedi: “Hər halda mən sənə məktub yazmamışam. Mənə əmr olunub ki, səni Übeydulla İbn Ziyadın yanına aparım”. İmam Hüseyn(ə) Hürrə buyurdu: “Ölüm sənə bu fikirdən yaxşıdır”.

Sonra Həzrət(ə) öz karvanına hərəkət etməyi göstəriş verdi. Elə bu vaxt Hürr öz qoşunu ilə gəlib yolun ağzında dayanaraq İmamın(ə) yolunu kəsdi və dedi: “Mən qoymayacağam ki, hərəkət edəsiniz”. İmam Hüseyn(ə) buyurdu:

ثَكَلَتكَ اُمّك ما تُرِيد

– Anan sənin matəmində otursun, nə istəyirsən?

Hürr burada da Həzrətə(ə) qarşı ədəbli olub dedi: Əgər səndən başqa bu sözü kimsə mənə desəydi, mütləq onun cavabını qaytarardım. Amma bu sözü indi mənə elə bir insan deyir ki, Fatimeyi-Zəhranın balasıdır. Buna görə də o xanımın adını ehtiram və hörmətdən başqa heç cür dilə gətirmək olmaz. Həzrət(ə) buyurdu: “Bəs sən nə istəyirsən?” Hürr dedi: Mən səni İbn Ziyadın yanına aparacağam. Həzrət(ə) buyurdu:“Mən səninlə getməyəcəyəm”.

Orada söz-söhbət uzandı və axırda Hürr dedi: Səninlə müharibə etməyə mənim icazəm yoxdur. Amma mənə tapşırılıb ki, səndən ayrılmayım. Indi ki, mənimlə getmirsən və sən getdiyin yerə də mən qoymuram gedəsən. Elə isə bu iki yerdən başqa hansı tərəfə gedirsən get. Şəraf  elə bir yer idi ki, oradan bir yol Kufəyə, bir yol isə Mədinəyə gedirdi. Hürr istəyirdi ki, İmamı(ə) Kufəyə aparsın. Həzrət(ə) buna razı olmadı. Həmçinin İmamın(ə) bir yolu da Mədinəyə olduğu üçün Hürr onu ora da getməyə qoymadı. Həzrət(ə) karvanı səhralığa tərəf yönəltdi. Karvan Kərbəlaya yetişdi. Hürr və qoşunu da İmamın(ə) karvanından ayrılmadı. Elə oradaca bir atlı  İmamın(ə) qarşısından  keçib Hürrə bir məktub verdi. Hürr məktubu açıb oxuyandan sonra İmamın(ə) məhzərinə gəlib, məktubu  verərək dedi: İbn Ziyad mənə məktub göndərib, siz də  məktubu oxuya bilərsiniz. Həzrət(ə) məktuba baxıb gördü ki, İbn Ziyad orada belə yazıb: ”Yolların hamısını Hüseynin üzünə bağla və onu yaşıllıq olmayan susuz bir yerə apar. Bu işi görəndən sonra tez mənə məlumat göndər”.

Həzrət(ə) Hürrə buyurdu: “Bu yaxınlarda kəndlər var, sən bizə mane olma, imkan ver biz o kəndlərin birinə gedək”. Hürr dedi: Bu məktuba əsasən mənim buna ixtiyarım yoxdur. Buradan başqa heç yerə qoymaram gedəsən.

Züheyr İmamın(ə) məhzərinə gəlib dedi: Ağa, əvvəl-axır bizim işimiz bunlarla müharibə ilə nəticələnəcək. Icazə ver,  bunlarla döyüşə başlayaq. Bunların sayı az olduğundan bizim üçün asan olar. Sonraya qalsa bunlara köməkçi qoşunlar gələcək və işimiz ağırlaşacaq. Həzrət(ə) buyurdu: “Heç vaxt mən birinci müharibəyə başlamaram”.

Elə oradaca çadırları qurub məskunlaşdılar. Hürr vəziyyəti məktubda yazıb İbn Ziyada göndərdi. Lakin məktubun axırında yenə də öz ədəbini göstərərək istefa yazdı. Bu Hürrün üçüncü müsbət əməli idi. Yazmışdı ki, İbn Ziyad, bu məsələni həll edəcəksənsə tez həll et. Əgər sənin bu işlərinin axırı Hüseyn ibn Əli(ə) ilə müharibə ilə nəticələnəcəksə, o zaman mən bu döyüşdə iştirak etməyəcəyəm və əvvəlcədən bu işdən istefa verirəm. Mən heç vaxt razı olmaram ki, əllərim Zəhranın(s.ə) balasının qanına boyansın.

İmamın(ə) xütbəsi və Hürrün tövbəsi

 

Yuxarıda qeyd olundu ki, insanlar iki əmrin ortasında qərar tutmuşlar. Allah-təala Qurani-Kərimdə bu barədə buyurur:

وَهَدَيْنَاهُ النَّجْدَيْنِ

– Və ona (insana) iki yolu (maddi və mənəvi cə­­hətdən xeyir və şər yolunu) göstərmədikmi?![4]

İnsanlar həmişə belədir. Bir  tərəfdən Allah-təala insana yaxşı işləri görməyi əmr edir, digər tərəfdən isə şeytan pis işləri görməyi əmr edir. Buna görə də həmişə mümkündür ki, insan yolunu azıb haqq-həqiqətdən uzaqlaşsın. Həmçinin Allah-təala bizi başa salır ki, insan yolunu birdən- birə azmır. Şeytan dünyanın bəzəklərini insanın gözündə daha da zinətləndirərək onu yavaş-yavaş, qədəm-qədəm aldadaraq yoldan uzaqlaşdırır və axırda insan imansız olaraq dünyadan gedir. Başqa bir ayədə də Allah insanı başa salır ki, insanın günahı hər nə qədər böyük olsa belə, bilməlidir ki, Allahın rəhməti insanın günahından daha çox, daha böyükdür. Həmçinin qeyd olundu ki, Kərbəla hadisəsində İmam Hüseyni(ə) sevənlər bu dərsi əməli surətdə bütün insanlara başa salır və öyrədirlər. Kərbəlada bu əməlin banisi Hürr ibn Yəzid ibn Riyahidir. O, İbn Ziyad və Ibn Nümeyr tərəfindən təyin olunmuş qoşun başçısı idi. O, Kərbəla, Kufə, Mədinəyə gedən yolun ağzında dayanıb Həzrət İmam Hüseynin(ə) qarşısını kəsdi və Həzrəti(ə) Kərbəlaya yönəltdi. Hürr bu hərəkəti ilə çox böyük bir günaha mürtəkib oldu. Lakin buna baxmayaraq, onun beynində və ürəyində bir fikir yarandı. Aşura günu Həzrət İmam Hüseynin(ə) iki gözəl, tutarlı xütbəsindən sonra Hürr bu sözlərin təsiri altına düşdü. O, İmamın(ə) bu xütbələrini eşitdikdən sonra öz-özünə qərar qəbul edib, yolunu müəyyənləşdirərək, tövbə halında İmamın(ə) məhzərinə gəldi.

 

Aşura günü İmam Hüseynin(ə) oxuduğu xütbə

Çöx gözəl olardı ki, İmam Hüseynin(ə) aşura günü oxuduğu həmin xütbələri nəzərinizə çatdırım. O xütbələrin birini bu bəhsimiz münasibətilə, o birini isə gələn dərslərdə nəzərinizə çatdıraram.

Aşura günü sübh çağı azan verildi. İmam Hüseynin(ə) imaməti ilə sübh namazı bərqərar oldu. Bu dəfə Həzrətin(ə) arxasında durub iqtida edənlərin sayı çox az idi. Çünki Hürrün dəstəsi İmamdan ayrılmışdı, həmçinin aşura gecəsi bir neçə nəfər də İmamın dəstəsindən ayrılıb getmişdilər. Onlar bilirdilər ki, sabah ölümlə üz-üzə dayanacaqlar. Buna görə də İmamın(ə) karvanından ayrılıb geri qayıtdılar. Həmçinin Həzrət(ə) aşura gecəsi göstəriş verdi ki, bütün çıraqları söndürsünlər. Getmək istəyən varsa qoy çıxıb getsin və utanmasınlar. Bir neçə nəfər də orada İmamı(ə) tərk edib geri qayıtdı. Artıq gedənlər getmiş, qalanlar qalmışdı. Həzrət(ə) onunla qalanlara sabah axşam hansı məqamda və cənnətdəki yerlərini göstərdi. O gecəni hamı Allaha ibadət, dua və namazla başa vurdular. Beləliklə, sübh çağı çox az bir dəstə sübh namazını İmam Hüseynin(ə) imamətilə qıldı. Namaz qurtarandan sonra İmam(ə) orada bir xütbə oxudu. Sonra yavaş-yavaş hazırlıq işlərini gördülər. İmam(ə) düşmən qoşununa nəzər saldı. Onlar da döyüşə hazırlaşırdılar. Sıraları möhkəmlədib hüsuma başlamaq üçün tədarük görürdülər. Həzrət(ə) düşmən qoşununa baxdıqdan sonra öz qoşununa da nəzər salıb, əllərini göyə qaldıraraq Allaha belə dua etdi:

اَللّهُمّ  أَنْتَ  ثِقتِي فِي كُلِّ كَرْبٍ وَرَجاءِي فِي كُلِّ شِدَّةٍ وَ أَنْتَ لي فِي كُلِّ اَمْرٍ نَزَلَ بِى ثقةٌ وَ عُدَّةٌ كَمْ مِّنْ هَمٍّ يَضْعُفُ فِيهِ الفُؤاد وَ تَقِلُّ فِيهِ الحِيلَة وَيَخُذُلُ فِيهِ الصَّدِيق وَ يَشْمِتُ فِيهِ العَدُوّ أَنْزَلْتُهُ بِكَ وَ شَكَوتُهُ اِلَيك رَغْبَةً مِنِّي اِلَيك  عَمَّن سِواك فَكَشَفْتَهُ وَ فَرَّجْتَهُ فَأَنْتَ وَلِي كُلِّ نِعْمًةٍ وَ مُنْتَهى كُلِّ رَغْبَة

– İlahi, bütün çətin anlarımın hamısında, qəmli-qüssəli vaxtlarımın hamısında mənim söykənəcəyim və pənahım Sən olmusan. İlahi, həmişə mənim bütün çətin vaxtlarımda əlimin silahı və ümidim Sən olmusan. Insanların ürəklərinin zəiflədiyi hallarda, insanların əlacı hər yerdən üzüldüyü zamanlarda, dostlar insanı tək qoyub qaçdığı anlarda və düşmənlər insanı şəmatət etdiyi anlarda öz şikayətimi Sənə etmişəm Həmişə Sənə sığınıb öz münacatımı Səninlə etmişəm. Səndən başqasına heç vaxt ümidimi bağlamamışam. Sən də həmişə mənə mərhəmət edib işlərimə fərəc vermisən. Qəmlərimi ürəyimdən götürüb qəlbimi şad etmisən. Çətinliklərdən məni Sən qurtarmısan. İlahi, Sən mənim bütün nemətlərimin ağasısan. Mənim ən yüksək eşqim Sənsən.

Həzrət İmam Hüseyn(ə) Allahla belə bir münacat etdikdən sonra üzünü düşmən qoşununa tutub Bismillahdan, Peyğəmbər və ali- peyğəmbərə salam-salavat göndərdikdən sonra belə bir xütbə oxudu:

– Camaat! Dinləyin məni! Tələsməyin! (hücuma keçməyə, müharibəyə başlamağa, qarət etməyə, adam öldürməyə tələsməyin). Gözləyin boynumda olan haqqı yerinə yetirim, sizə moizə və nəsihət verim. Bura gəlməkdə məqsədimi sizə açıqlayım.  Bilin ki, mən bura nəyə görə gəlmişəm. Əgər mənim sözlərimi, mənim məntiqimi qəbul edib, dediklərimi təsdiq edərsinizsə və mənimlə aranızda insafla qəzavət edərsinizsə,  o zaman siz səadətə çatarsız. Əgər bu sözlərimi qəbul etsəniz, daha məni və mənimlə bura gələnləri oldürməyə sizin heç bir sübutunuz və dəliliniz olmaz. Yox, əgər mənim deyəcəyim sözləri, məntiqimi qəbul etməyəcəksinizsə və mənimlə aranızda insafla qəzavət etməyəcəksinizsə, o zaman bütün yardımçılarınızı və öz tərəfdarlarınızın hamısını çağırın ki, höccət tamam olsun. Sonra deməyin ki, biz bilmirdik və bizi başa salan olmamışdı. Sonra deməyin ki, biz bilmirdik, Hüseyn kimdir və bura nəyə görə gəlmişdi. Mən bütün məsələni sizə açıq-aydın başa salıram. Əgər başa düşsəniz çox yaxşı, əgər anlamazsınızsa əlinizdən nə gəlir onu da edərsiz. Bizə kitab göndərən Allah, Özü bizim aramızda hakim və nazirdir.

İmamın(ə) sözləri bura yetişəndə çadırlardan ağlaşma səsi ucaldı. Həzrət(ə) xütbəsini saxlayıb, qardaşı Əbülfəzlə və oğlu Əli Əkbərə qadınları sakitləşdirmək barədə göstəriş verərək buyurdu ki, qadınları başa salın, indi ağlamasınlar. Ağlamalı günlər hələ qabaqdadır və indi ağlamağın vaxtı deyil. Qadınlar sakitləşəndən sonra İmam(ə) xütbəni oxumağa davam edərək buyurdu:

– Ey Allahın bəndələri, Allahdan qorxun! Bilin ki, Allah sizin bütün əməllərinizi görür. Dünyadan çəkinin, dünya sizi aldatmasın. Əgər dünya kiməsə qalsaydı və kimsə dünyada həmişə qalası olsaydı, o zaman peyğəmbərlər bu dünyada qalmağa və yaşamağa hamıdan daha çox layıiq idilər. Bilin heç vaxt belə olmayacaq ki, siz həmişə dünyada qalacaqsınız və ya dünya həmişəlik sizə qalacaq. Heç vaxt belə olmayacaq. Dünya necə gəlibsə, elə o cür də keçib gedəcək.

Bu barədə Həzrət Əlinin(ə) bir kəlamını nəzərinizə çatdırmağı istəyirəm. Həzrət Əli(ə) Süleyman Peyğəmbər barədə belə buyurur: “Süleyman Peyğəmbər bir gün göstəriş verdi ki, bütün qoşunlar gəlib mənim qarşımdan keçsinlər. Bütün insanlar, heyvanlar, cinlər və s. onun əmrilə gəlib sarayın qarşısından keçdilər. Süleyman sarayda öz çəliyinə söykənib onlara tamaşa edirdi. Birdən bir nəfər cavan oğlanın otağa daxil olduğunu gördü. Süleyman ona dedi: Sənə kim icazə verib ki, bu otağa daxil olmusan? Cavan oğlan dedi: Mənə ev yiyəsi icazə verib. Süleyman  təəccübləndi. Əgər ev yiyəsi mənəmsə, mən sənə icazə verməmişəm. Bir də soruşdu: Sənə kim icazə verib ki, bu evə daxil olmusan? Cavan oğlan yenə həmin cavabı dedi: Mənə ev yiyəsi icazə verib. Süleyman üçüncü dəfə soruşanda bildi ki, həmin oğlan cənab Əzrayıldı. Ondan soruşdu. Bu dəfə gəlməkdə məqsədin nədir? Əzrayıl dedi: Bu dəfə səni aparmağa gəlmişəm. Üç dəfə nəfəs almağa imkanın var. Süleyman dedi: İcazə verirsən əyləşim yerdə? Əzrayıl dedi: Xeyr. Əzrayıl Süleymanı elə həmin halda – çəliyə söykəndiyi halda canını aldı. Bu hadisənin üstündən on saat keçdi. Camaat gördü ki Süleyman elə olduğu kimi, yəni əsaya söykənmiş halda dayanıb. Şayiələr başlandı. Bəziləri Süleymanın Allah, bəziləri onun cadugər olmasını iddia etdilər. Insan bu qədər belə bir halda dayana bilməz və s. kimi cürbəcür sözlər yarandı. Bir sıra mömin insanlar dedilər ki, belə sözləri danışmağa və şayiələr  düzəltməyə ehtiyac yoxdur. Azacıq səbr edin, bir azdan hər şey aydınlaşar. Süleyman on saat həmin halda qaldıqdan sonra Allah-təala bir qarışqanı məmur etdi ki, gedib Süleymanın əsasının altını ovsun. Qarışqa gəldi və əsanın altını ovdu,  Süleyman yerə yıxıldı.

Həzrət Əli(ə) bu hadisəni danışdıqdan sonra belə buyurur:

فَلَوْ اَنَّ  اَحَداً يَجِدُ اِلى البقاء سُلَّماً لَكانَ ذالِكَ سُليمان ابن داود

– Əgər bu dünyada qalmağa yol olsaydı, hamıdan yaxşı Süleyman ibn Davud  dünyada qalardı.

Yetən vaxtda ərvahe hökme xuruc,

Dayanmaz qabaqda müşəyyəd buruc.

Odur ki, Həzrət İmam Hüseyn(ə) meydandakı düşmənləri başa salırdı ki, elə düşünməyin düzəltdiyiniz bu cərgələrlə, əllərinizdə qılıncları, nizələri tutmaqla həmişə belə qalacaqsınız. Bilin və agah olun, siz bu gün beləsiniz, sabah bu cür olmayacaq.

Sonra Həzrət(ə) belə buyurur: “Bilin ki, Allah dünyanı fani yaradıb. Bu dünyada nə qədər təzəliklər varsa, hamısı köhnələcək. Bu dünyanın bütün nemətləri bir gün zay olub aradan gedəcək. Bu dünyanın şadlıqlarının hamısı çevrilib qəm-qüssəyə dönəcək. Dünya kiçik bir ev və müvəqqəti bir yerdir. Elə başa düşməyin ki, həmişə burada qalacaqsınız. Bu kiçik dünyada əbədi dünya üçün hazırlıq işləri görün. Təqva qazanın. Çünki orada təqvadan başqa heç bir şey sizin dərdinizə dəyməyəcək. Qiyamət günündə dərdinizə dəyən ən gözəl şey təqvadır.”

Hamı Həzrətin(ə) fəsahət və bəlağətli sözlərinə diqqətlə qulaq asırdı. Həzrət (ə) yenə buyurdu:

– Camaat! Allah-təala dünyanı fani olaraq yaradıb. Bu dünya ötüb keçəridir. Bilin ki, dünyanın əhli də dəyişəcək. (Bir zamanlar fironlar var idi, Harunlar, Əbu Süfyanlar var idi. Həmçinin bir zaman İbrahim Peyğəmbər, Musa Peyğəmbər var idi, indi isə başqaları var. Hamısı gəlib getdiyi kimi, biz də gedəcəyik.) Amma bunu da bilin ki, dünya hər kəsi aldadarsa, həmin şəxs yox olub aradan gedəcək. Bədbəxt o adamdır ki, dünyanın kələk və hiylələrinə ürək bağlayıb, dünyaya aldanıb. Həmçinin sizi də bu gün aldatmaq istəyir. Dünyanın bu hiyləsinə aldanmayın. Bilin ki, hər kim dünyaya bel bağlayıb və ya ona ümid bəsləyibsə, dünya onun bütün arzularını ürəyində qoyaraq, ümidlərini puça çıxarıb. Mən görürəm ki, indi siz elə bir məsələnin üstündə müttəfiq olub birləşmisiniz ki, gördüyünüz bu iş Allahın qəzəbinə səbəb olub. Allah sizdən öz kərəmini əsirgəyib və sizdən üz çevirib. Bilin ki, Allah öz qəzəbini sizə nazil edib. Bizim Allahımız necə də gözəldir. lakin siz necə də pis bəndələrsiz. Siz Allaha itaət etdiyinizi iqrar edirsiz və «Onun peyğəmbəri Məhəmmədə(s) iman gətirmişik» dediyiniz halda, Onun Əhli-beytinin və balalarının üstünə hücum çəkirsiniz. Siz onları öldürmək istəyirsiz. Siz Peyğəmbərə(s) necə iman gətirmisiniz ki, onun balalarını öldürürsünüz? Şeytan sizin ürəyinizə hakim kəsilib və sizi yolunuzdan azdıraraq bura gətirib çıxardıb. Allahı sizin fikrinizdən çıxarıb. Ar olsun sizə də, sizin istəklərinizə də! Hamımız Allah tərəfindən gəlmişik və Ona sarı da qayıdacağıq. İlahi, bunlar elə insanlardır ki, iman gətirəndən sonra küfrə yaxınlaşıblər. Allahın rəhməti uzaq olsun bu insanlardan. (Bunlar dildə deyirlər ki, biz müsəlmanıq, İslamdan danışırlar, amma şeytan bunların hamısı üçün tələ quraraq, Peyğəmbərin itrət və Əhli-beytini öldürməkdən  ötrü Kərbəla çölünə gətirib. Camaat, əgər sizi yoldan çıxarıblarsa, sizə bizim haqqımızda başqa sözlər deyiblərsə, biz Əhli-beyti sizə xarici kimi tanıtdırıblarsa,  bilin ki, bunların hamısı yalandır”.)

Həzrət(ə) bu sözlərlə düşmənlərə xitab etdi və onların hamısı da bura qədər Imamın sözünü dinlədilər. Həzrət(ə) bu sözləri xitab edəndən sonra azacıq dayandı. Sonra yenə bir neçə cümlə ilə xitab etdi. İmam Hüseyn(ə) camaata bu sözləri deməyi özünə vacib bilirdi. İmam(ə) bura qədər oxuduğu xütbədə düşmənə moizə və nəsihət edirdi. Həzrət(ə) bu sözlərdən sonra iki mühüm mətləbi də onlar üçün açıqlayaraq buyurdu:

– Camaat! Mənim əsil-nəsəbimə baxın. Görün siz kiminlə üz-üzə dayanmısız? Bilirsiniz mən kiməm? Öz-özünüzdən soruşun. Bir-birinizdən soruşun. Məni öldürmək sizə belə vacib olub?  Mənə hörmətsizlik etmək sizə vacibmi olub? Mən sizin Peyğəmbərinizin(s) qızının oğlu deyiləmmi? Peyğəmbərinizin(s) vəsisinin oğlu deyiləmmi? Peyğəmbərinizin(s) əmisi oğlu Əlinin oğlu deyiləmmi? Peyğəmbərə (s) ilk iman gətirən və Peyğəmbərə (s) nazil olan ayələrin hamısına iman gətirən kişinin oğlu deyiləmmi? Seyyidüş-şühəda Həmzə mənim atam Əlinin əmisi deyilmi? Cəfər Təyyar mənim əmim deyildimi? Peyğəmbər (s) qardaşım Həsən və mənim barəmdə buyurmadımı ki, Həsən və Hüseyn cənnət cavanlarının ağasıdır? Mənim dediklərimin həqiqət olduğunu təsdiq edirsinizsə, daha nə sözünüz var? Əgər mənim sözlərimi qəbul etmirsinizsə, sizin içərinizdəki yaşlı insanlardan soruşun. Peyğəmbərin(s) səhabələrindən soruşun. Siz onlardan soruşsanız, həqiqəti sizə deyərlər. Cabir ibn Abdulla Ənsaridən soruşun. Əba Səid Əl-Xidridən soruşun. Səhl ibn Sədi Saiddən soruşun. Bunlar hələ sağdırlar, gedin mənim barəmdə onlardan soruşun. Zeyd ibn Ərqəmdən soruşun. Ənəs ibn Malikdən soruşun. Bunlar Peyğəmbərin(s) səhabələridir. Onlardan xəbər alsanız, sizə deyərlər ki, mənim və qardaşım barədə buyurduğum sözləri Peyğəmbərin(s) özündən eşidiblər. Əgər bu sözü məndən qəbul etsəniz və ya səhabələrdən soruşub həqiqəti öyrənib qəbul etsəniz, bu, sizə kifayət edər.[5]

İmamın(ə) sözü bura yetişəndə düşmən qoşununun rəhbərləri gördülər ki, əgər Həzrət(ə) belə davam etsə, qoşunda bir nəfər də olsun adam qalmayacaq və hamı dağılışıb gedəcək. Buna görə də Şimr özü danışmağa başladı və göstəriş verdi ki, hay-küy salsınlar, İmamın(ə) sözlərini eşidən olmasın. Dedi: Onun bu danışıqlarına fikir verməyin. Boş-boş sözdür danışır. Nə danışdığını heç özü də bilmir. Həbib ibn Məzahir bu sözləri eşidib qəzəbləndi və Şimrə dedi: Boş-boş sözləri sən danışırsan, ey…

İmam Hüseyn(ə) onların hay-küyünə məhəl qoymadı və  yenidən onlara xitab edərək buyurdu:

– Əgər Peyğəmbərin(s) mən və qardaşım Həsən(ə) barəsində buyurduqlarını qəbul etmirsinizsə və bu sözlərə şəkk-şübhə edirsinizsə, mənim Peyğəmbərinizin(s) qızının oğlu olduğuma da şəkk edirsiz? And olsun Allaha, məşriqdən məğribədək axtarsanız, məndən savayı Peyğəmbərin(s) qızının oğlu yoxdur. (Peyğəmbərinizin(s) qızının oğlanlarından təkcə mən qalmışam.) Məni nəyə görə öldürürsünüz? Bəlkə mən sizlərdən kimisə öldürmüşəm? Bəlkə bura yığışıb məndən onun intiqamını almaq istəyirsiniz? (Əgər belə bir iş varsa, deyin. Bu qədər camaatın bura yığışmaqda məqsədi nədir? Kim sizin beyinlərinizi puç sözlərlə doldurub?)”

Həzrətin(ə) sözləri bu yerə çatdıqdan sonra üzünü yenə də düşmən qoşununa tutub onların bir neçəsinin adını çəkərək buyurur: “Ey Şəbəs ibn Rəbii! Ey Həccar ibn Əbcər! Ey Qeys ibn Əşəs! Ey Yəzib ibn Haris! Siz mənə məktub yazmamışdınız ki, meyvələr artıq yetişib, ağaclar göyərib, burda hər şey hazırdır və hazırlanmış qoşun sənin yolunu gözləyir ki, sən bizə rəhbərlik edəsən? Bu məktubları siz yazıb imzalamamışdınızmı? And olsun Allaha, mən heç vaxt sizə zillət əlini  uzatmayacağam. Heç vaxt  zillət altında qalmayacağam. Həmçinin məni heç bir vaxt İbn Ziyadın yanına diri apara bilməyəcəksiniz.”

İbn Ziyad yazmışdı ki, Hüseyni(ə) əlləri bağlı onun sarayına gətirsinlər. Ona  görə də deyirdi:

Elə mail deyiləm, doğrana, qanə boyana,

Mailəm qolları bağlı qabağımda dayana,

Məclisimdə ona tohin eləyim, qəlbi yana

Xar ola, Kufədəki şiələrindən utana.

     İmam Hüseyn(ə) onun cavabında belə buyurur:

Damənim gərdi məzəllət behiç ünvan görməz,

Nuşidarudi dəme neyzəvü xəncərdə öləm,

Düşmərəm zində ələ, mən gərək əllərdə öləm,

Nocəvan oğlum Əli Əkbər ölən yerdə öləm.

Həzrət(ə) orada düşmənlərə buyurdu: “And olsun Allaha, mən heç vaxt sizə zillət əli uzatmayacağam və sizin qabağınızdan qorxaq qullar kimi qaçmayacağam”. Sonra Həzrət(ə) bu ayəni oxudu:

إِنِّي عُذْتُ بِرَبِّي وَرَبِّكُمْ أَن تَرْجُمُونِ

Və əlbəttə, mən sizin məni qovmağınızdan, nalayiq sözlər deməyinizdən, daşlamağınızdan və ya öldür-məyinizdən özümün və sizin Rəbbinizə pənah apardım.

Bu ayəni Musa Peyğəmbər Firon barədə demişdi. Allah-təala Quranda bunu misal çəkir.[6]

Hürrün tövbəsi və şəhadəti

Həzrətin(ə) sözləri düşmən qoşununda bir çox adama təsir etmişdi. Hətta qılınclarını yerə atıb gedənlər də oldu və İmamın(ə) qoşununa qoşulanlar da oldu. Həzrət(ə) sözünü bitirəndən sonra Ömər Səd İmamın(ə) çadırlarına birinci oxu atdı və üzünü camaata tutub dedi: Əmirin yanında şahid olarsınız ki, Hüseynin çadırlarına birinci oxu mən atmışam. Hücum başlandı. Hürr Ömər Sədin yanına gəlib dedi: Sən bunlarla belə başlamısan və işi bu cür də qurtarmaq istəyirsən? Ömər Səd dedi: Elə də olacaq. Mən bunlarla elə bir savaş aparacağam ki, heç bir bədənin üstündə baş qalmayacaq. Bunların hamısını tikə-tikə doğrayacağam. Hürr bu sözləri eşitdikdən sonra başını aşağı salıb getdi. Seçim qarşısında qaldığından fikrə qərq olmuşdu. Bir az fikirləşdikdən sonra öz yolunu müəyyənləşdirdi. Mühacir ibn Ovs deyir, mən Hürrə baxırdım. Hiss etdim ki, Omər Səddən ayrılandan sonra İmamın(ə) qoşununa tərəf hərəkət edir. Elə təəccüblü bir halda idi ki, Hürrü heç vaxt belə görməmişdim. Elə şücaətli, qüvvətli bir adamın dizlərinin belə titrək halda olduğunu heç vaxt görməmişdim. Öz-özümə təəccübləndim və Hürrün yanına gedib söruşdum: Niyə belə qəribə haldasan? Əgər bizdən soruşsaydılar ki, ərəbin içində ən qüdrətli adam kimdir? Mən səni göstərib deyərdim ki, Hürr ibn Yəzid ibn Riyahi. Nə olub sənə? Niyə bu günə qalmısan? Hürr ona baxıb dedi: Mühacir, bilirsən niyə bu haldayam? Mühacir soruşdu: Niyə? Hürr dedi: Mən özümü cənnətlə cəhənnəmin arasında görürəm. Amma bil ki, and olsun Allaha, cəhənnəmə tərəf getməyəcəyəm.  Artıq öz yolumu müəyyənləşdirmişəm. Ondan sonra Hürr öz qalxanını çevirib tərsinə bağladı.[7] Əllərinin ikisini də göyə qaldırdı. Başını aşağı salıb torpağa Baxa-baxa, xəcalət çəkə-çəkə İmamın(ə) çadırlarına tərəf yollandı. İmam Hüseynə(ə) yaxınlaşanda düşüb torpağı öpdü. Bəzi kitablarda yazırlar ki, Həzrətin(ə) ayaqlarını öpdü. Həzrət(ə) ona baxıb buyurdu: Başını yuxarı qaldır.[8] Hurr dedi: Ağa, mən həmin adamam ki, birinci dəfə yolu sənin üzünə  bağlamışdım. Bu işin və bütün bu çətinliklərin yaranmasına mən səbəb olmuşam. Indi isə belə bir halda sənin məhzərinə gəlmişəm. Ağa, mən doğrudan da bilmirdim ki, bunlar işi bu yerə gətirib çıxaracaqlar. Indi gəlmişəm səndən üzr istəyim və Allaha tövbə edim. Ey Peyğəmbər balası, mənim tövbəm qəbul olarmı? Həzrət (ə) buyurdu: Bəli, Allah sənin tövbəni qəbul edər və səni bağışlayar. Hürr dedi: Ağa, elə isə mənə izn ver, dayanmadan döyüş meydanına gedim. İmam(ə) ona icazə verdi. O, Imamdan(ə) izn alandan sonra Züheyrlə birgə meydana daxil oldu. Hürr meydana daxil olanda bin neçə rəcəz[9] oxuyaraq üzünü düşmənə tutub dedi: Heç utanmırsınız, Fəratın suyu çöllərə axıb gedir, amma Hüseynin(ə) balaca balaları üç gündür əl-ətəş deyib susuzluqdan yanırlar. Bu sözləri deyib döyüşə başladı. Tarixdə yazırlar ki, o, düşmən ordusundan qırx nəfərə qədərini öldürdü. Sonra atdan düşüb bir neçə nəfəri də piyada cəhənnəmə vasil etdi, nəhayət, onu yaraladılar. Hürrü çadırlara tərəf gətirdilər. Döyüşdə hər kim şəhid olurdusa və ya yaralanırdısa, onu dərhal çadırlara gətirirdilər. Bir neçə nəfəri  gətirmək mümkün olmadı. Onlardan biri də Həzrət Əbülfəzl idi. O həzrətin bədənini o qədər doğramışdılar ki, İmam Hüseyn(ə) onu çadırlara tərəf apara bilmədi.

Kərbəlada Zeynəb deyir bunu,

Bir mühüm cəng ittifaq düşüb.

Oğlumun olub qolları qələm,

Sağ qolu solundan qabaq düşüb.

Bilmirəm, onun illəti nədür,

Qəbri qardaşından uzaq düşüb.

Hürrü yaralı halda çadırlara gətirib, şəhidlərin yanına uzatdılar, o, öz vüsalına çatdı. Onun vüsalı bu idi ki, İmam Hüseyn(ə) onun başı üzərinə gəldi və buyurdu: “Peyğəmbərlərin şəhid olduğu kimi şəhid oldu. Sonra əyləşib mübarək əlini Hürrün camalına sürtərək, üzündə olan toz-torpağı təmizləyə-təmizləyə buyurdu: Sən Hürrsən(azadsan) necə ki, anan səni belə adlandırmışdı. Sən həm bu dünyada azadsan, həm də axirətdə azad insansan”.

Hürr peşman olub İmamın(ə) məhzərinə gələndə oğlu da onun yanında idi. Onun adı Əli idi. O, öz oğluna baxıb dedi: Oğul, mən öz yolumu müəyyən etmişəm və gedirəm. Sənin fikrin nədir? Oğlu dedi: Ata, sənin razılığın mənim razılığımdır. Səin dediyin bu sözlər Allahın razılığıdır. Mən də istəyirəm ki, səninlə birgə gedib İmamı(ə) ziyarət edim. Hürrün qardaşı və nökəri də onlara qoşuldu. Hürr şəhid olandan sonra oğlu da şəhid oldu. Həmçinin qardaşı və nökəri də şəhadətə yetişdilər. Beləliklə, Hürr öz məqsədinə çatdı və səadətə qovuşdu.

Hürr İmamın(ə) məhzərinə gəlib tövbə etdikdən sonra iki xatirəni o Həzrətə(ə) nəql edərək belə dedi: Ağa, məni Kufədən sənin yolunu bağlamaq üçün göndərəndə yolda arxadan bir səs eşitdim: “Ey Hürr, aqibətin xeyir olsun!” Öz-özümə düşündüm ki, əgər mən Hüseynin(ə) yolunu bağlamağa gedirəmsə, aqibətim necə xeyirli ola bilər? Sonra fikirləşdim, yəqin şeytanın səsidir ki, mənə aqibətin xeyirli olsun deyir. Məni bu işi görmək üçün daha da təşviq etmək istəyir.

Həzrət(ə) buyurdu: “Ey Hürr, bu, sənə cənnətin müjdəsidir. Həmd olsun Allaha ki, səni müvəffəq etdi. Səni səsləyən kəs Xızır peyğəmbər idi”. Sonra Həzrət(ə) buyurdu: “Mən də sənə behiştin müjdəsini verirəm”. Hürr dedi: Ağa, Kufədən yolu bağlamağa çıxanda yolda gecələrin birində yuxuda atamı gördüm. Mənə dedi: Oğlum, bu axır günlərdə nə işlər görürsən sən? Ona dedim, mənə əmr veriblər ki, Hüseynin(ə) yolunu kəsim. Mənə dedi: “Sənin Hüseynlə(ə) nə işin var? Yolu birinci bağlamağa getdiyin kimi, gözlənir ki, Hüseynin(ə) qabağında elə birinci də sən şəhid olacaqsan”.

Bununla belə, Hürr haqq yolu tapıb səadətə çatdı. Hansı işlər səbəb oldu ki, Hürr xoşbəxtlər cərgəsinə qoşuldu? Hürrün daxilində bir neçə müsbət xüsusiyyət var idi ki, həmin əməllər onun aqibətinin xeyirli olmasına səbəb oldu. Həmin xüsusiyyətlərdən biri bu idi. O, Imamla(ə) danışanda həmişə ədəblə danışardı. Əgər hər bir insanda ədəb olarsa, kafir və ya mömin olmasından asılı olmayaraq,  ədəbli olmağı öz xeyrini həmin şəxsə bağışlayar. Ədəbsiz insan isə axırda bədbəxt olar.

Hürr Həzrətin(ə) yolunu bağladığı vaxt namaz qılarkən öz ədəbini göstərdi. Elə ki, namaz vaxtı oldu və azan deyiləndən sonra Həzrət(ə) üzünü Hürrə tutaraq buyurdu: “Biz namaz qılmaq istəyirik, əgər sən də namaz qılmaq istəyirsənsə öz qoşununla qıl”. Hürr dedi: “Mən sənə iqtida edəcəyəm. Heç vaxt ola bilməz ki, sən camaat namazı qılasan, mən də gedib özüm üçün camaat namazı təşkil edim. Həm mən, həm də hamımız birlikdə namazda sənə iqtida edəcəyik”. Hürr burada İmam Hüseynə(ə) qarşı öz ədəbini göstərdi. Hürr ikinci ədəbini də elə həmin yerdə Imamla(ə) söhbət edərkən göstərdi. Həzrət(ə) öz karvanına hərəkət etməyi göstəriş verdi. Elə bu vaxt Hürr öz qoşunu ilə gəlib yolun ağzında dayandı və  İmamın(ə) yolunu kəsib dedi: “Mən qoymayacağam ki, hərəkət edəsiniz”.           İmam Hüseyn(ə) buyurdu:

ثَكَلَتكَ اُمُّك ما تُرِيد

  • Anan sənin matəmində otursun, nə istəyirsən?

         Hürr burada da Həzrətə(ə) qarşı ədəbli olub dedi: Əgər səndən başqa bu sözü kimsə mənə desəydi, mütləq onun cavabını qaytarardım. Amma bu sözü indi mənə elə bir insan deyir ki, Fatimeyi-Zəhranın balasıdır. Buna görə də o xanımın adını ehtiram və hörmətdən başqa heç cür dilə gətirmək olmaz. Hürrün üçüncü müsbət xüsusiyyəti bu idi ki, vilayətə nisbətdə öz məhəbbətini izhar etdi. Ziyaddan Hürrə məktub gəldiyi zaman isə bütün yolları İmam Hüseynin(ə) üzünə bağlamaq əmrini oxuyub, İbn Ziyada belə cavab yazdı: əgər sənin bu işlərinin axırı Hüseyn ibn Əli(ə) ilə müharibə ilə nəticələnəcəksə, o zaman mən bu döyüşdə iştirak etməyəcəyəm və əvvəlcədən bu işdən istefa verirəm. Onun dördüncü müsbət xüsusiyyəti bu oldu ki, tövbə etməyə gələndə İmamın(ə) qarşısında başını aşağı salıb əllərini qaldırdı və hamının gözü qabağında  Həzrətin(ə) ayaqlarına düşərək təvazökarlıq etdi. Hürrün beşinci xüsusiyyəti də zahidliyi idi. Yəni Hürr tövbə etməyə gələndə nə mal- dövlət, nə vəzifə, nə övlad və s. kimi şeylər onun qarşısını kəsə bilmədi. Hər şeyini qurban verməyi bacardı və dünyaya bağlı olmadığını göstərdi.

Beləliklə, Kərbəla bizə əməli surətdə öyrədir ki, insanın günahı hər nə qədər böyük olmuş olsa da belə əgər həmin insanda ədəb, ehtiram olarsa aqibəti xeyirlə qurtarar və Allah həmin şəxsin tövbəsini qəbul edər.

Hürr yeganə şəhid idi ki, Kərbəlada başı kəsilmədi. Çünki, o, böyük bir qəbilədən olduğu üçün  özləri Hürrü dəfn etdilər və imkan vermədilər ki, başı kəsilsin. Ondan başqa  şəhidlərin hamısının başını kəsərək  nizələrə taxıb Kufəyə aparmışdılar. Hürr şəhid olandan sonra onun başına dəyən zərbə yerindən qan axırdı. İmam Hüseyn(ə) əmmaməsindən bir parça kəsib onun başına bağlamışdı.

Bəzi tarixlərdə yazırlar ki, bu hadisədən illər keçəndən sonra Şah Ismayıl belə bir hadisənin olduğunu eşitmişdi. Buna görə də bir gün Hürrün qəbrini açmağı göstəriş verib dedi: Mən istəyirəm bunu gözümlə görüm. Qəbri açdılar, Şah Ismayıl gördü ki, həqiqətən də Hürrün başında Imamın bağladığı dəsmal var. Hürrün başından həmin dəsmalı açıb təbərrük kimi özündə saxlamaq niyyətinə gəldi. Dəsmalı açan kimi qan axmağa başladı. Başa düşdü ki, bunu açmaq olmaz. Dəsmalın yarısını kəsib özündə saxladı və yarısını yenidən Hürrün başına sarıdı. Onun başından axan qan dayandı. Şah Ismayılın göstərişi ilə Hürrün qəbrinin üçtündə  ziyarətgah düzəltdilər. Sonralar vəsiyyətində yazmışdı ki, həmin bu parçanı öləndə onun kəfəninin arasına qoysunlar. Şah Ismayıl dünyadan gedəndən sonra onun dediyi kimi  etdilər.

Hürr bir an fikirləşməklə haqq-həqiqət yolunu tapıb izzətə çatdı. Indiki zamanın özündə böyük şəxsiyyətlər, alimlər, ayətullahların hamısı Hürrün qəbrini ziyarət edib, təvazökarlıqla ona salam verirlər.

Allah-təala Kərbəla şəhidlərinin, o cümlədən Hürrün ziyarətini hamımıza nəsib etsin. Inşallah.

 

ÜÇÜNCÜ DƏRS

 

MOİZƏNİN TƏSİRİ VƏ HARAM YEMƏKDƏN UZAQLAŞMAQ

بِسْمِ اللهِ الرَّحْمنِ الرَّحِيمِ  اَلْحَمْدُ ِللهِ رَبِّ الْعالَمِينَ  السَّلامُ عَلى رسول الله  اَمِينِ اللهِ عَلى وَحْيِه وَ عَزائِمِ اَمْرِه  الْخاتِمِ لِماسَبَق وَالْفاتِحِ لِمَسْتُقْبِل وَالْمُهَيْمِنِ عَلى ذلِكَ كُلِّه  السَّلامُ عَلى وَصِيِّهِ اَمِيرِالْمُؤْمِنِين وَ عَلى فاطِمَةَ الزَّهْراءِ سَيِّدَةِ نِساءِ الْعالَمِين السَّلامُ عَلى الْحَسَنِ وَالْحُسَين وَالأَئِمةِ التِّسْعَةِ الْمَعصُومِينَ مِن اَوْلادِ الْحُسَين  السَّلامُ عَليهِم وَ رَحْمَةُ الله  وَالَّعْنَ الدَائِم عَلى أَعْدا ئِهِمْ أَعْداء الله  اِلى يَوْمِ لِقاءِ الله

أعوذ باالله من الشيطان الرجيم  بِسْمِ اللهِ الرَّحْمنِ الرَّحِيمِ. يَا أَيُّهَا النَّاسُ قَدْ جَاءتْكُم مَّوْعِظَةٌ مِّن رَّبِّكُمْ وَشِفَاء لِّمَا فِي الصُّدُورِ وَهُدًى وَرَحْمَةٌ لِّلْمُؤْمِنِينَ

 Ey insanlar, şübhəsiz, Rəbbiniz tərəfindən sizin üçün bir öyüd-nəsihət (başdan-başa öyüd-nəsihət olan bir kitab), sinələrdə olan (xarab əqidələr və rəzil sifətlər) üçün bir şəfa və möminlər üçün bir hidayət və mərhəmət gəlmişdir.[10]

Allah-təala bu mübarək ayədə Qurani-Kərimi insanlar üçün moizə olaraq göndərməsini, həmçinin insanların qəlblərinin və dərdlərinin şəfasının bu kitabda olduğunu bəyan edir. Ümumiyyətlə, Quranın bir neçə adı vardır ki, onlardan biri də Moizə adlanır. Bu ayə  insanlara başa salır ki, bütün dərdlərin dərmanı da məhz elə Qurandır. Burada bir incəliyi əziz möminlərin nəzərinə çatdırıram. O da bundan ibarətdir ki, insanlar bir baxımdan üç dəstəyə bölünür. Birinci dəstə insanlar alimlər, təhsil və bilik sahibləridir. İkinci dəstə ümumi camaatdır. Üçüncü dəstə isə müxaliflərdir. Üçüncü dəstədən olan insanlar münafiqlər, kafirlər və s. kimi insanlardan ibarətdir.

Allah-təala öz Peyğəmbərinə(s) bu üç dəstə insanla danışmağı və Allah yoluna dəvət etməyi tövsiyə edir:

ادْعُ إِلِى سَبِيلِ رَبِّكَ بِالْحِكْمَةِ وَالْمَوْعِظَةِ الْحَسَنَةِ وَجَادِلْهُم بِالَّتِي هِيَ أَحْسَنُ إِنَّ رَبَّكَ هُوَ أَعْلَمُ بِمَن ضَلَّ عَن سَبِيلِهِ وَهُوَ أَعْلَمُ بِالْمُهْتَدِينَ

(İnsanları) Rəbbinin yoluna hikmətli məntiq, qane edən dəlillər və gözəl, oyadıcı və ibrətamiz nəsihətlə dəvət et və onlarla (müxaliflərlə) ən gözəl tərzdə mübahisə et. (Sənin vəzifən budur. Onlara gəldikdə isə) əlbəttə, sənin Rəbbin Özü Onun yolundan azanları daha yaxşı bilir və doğru yolda olanları daha yaxşı tanıyır.[11]

Allah-təala bu mübarək ayədə Peyğəmbərə(s) həmin üç dəstə insanın hər biri ilə öz dillərində danışmağı tövsiyə edir. Çünki onların hərəsinin öz düşüncəsi, öz təfəkkür tərzi və özünəməxsus səviyyələri vardır. Bu mübarək ayə həmin üç qism insanların hər biri ilə danışıb söhbət etməyi və onları Allah yoluna necə dəvət etməyi bəyan edir.

Bu ayə alimlərlə danışanda hikmətlə danışmağı buyurur. Hikmətlə danış,-deyərkən qeyd olunmur ki, yaxşı hikmətlə danışın. Çünki hikmətin pisi və ya yaxşısı olmur. Hikmət öz-özlüyündə gözəl və yaxşı olduğundan, onun mənfi cəhəti yoxdur. Bunun üçün suyu misal çəkmək olar. Əgər harda su varsa, deməli ora yaşdır. Ola bilməz ki, su olsun, amma yaş olmasın. Deməli, hikmət harda varsa gözəldir. Odur ki, alimlərlə danışarkən hikmətlə danışmağı tövsiyə edir.

İkinci qism insanlarla, yəni ümumi camaatla danışarkən gözəl moizə ilə danışmaq lazımdır. Gözəl moizə o deməkdir ki, nəsihət edən insan öz dediklərinə əməl etmiş olsun. Əgər öyüd-nəsihət verən insan özü öz dediyi sözlərə əməl edərsə, bu, gözəl moizədir. Hədislərdə vardır ki, camaatı öz əməlinizlə yaxşı yola dəvət edin. Dildə çox danışmaqla iş düzəlmir, gərək insanın əməli gözəl olsun ki, kənardan onun gözəl əməlinə və rəftarına baxmaqla başqalarında təsir qoymuş olsun. Əgər insanın dediyi sözləri və verdiyi öyüd-nəsihəti öz əməli ilə də təsdiqlənərsə, deməli gözəl moizə etmiş olar.  Buna görə də adi insanlarla danışarkən gözəl moizə etmək lazımdır.

Allah-təala üçüncü qism insanlarla, yəni müxaliflərlə danışarkən ən gözəl tərzdə danışmağı tövsiyə edir. Ikinci qism insanlara gözəl moizə, bu insanlara isə ən gözəl tərzdə moizə olunmalıdır. Bunun üçün bir misalı nəzərinizə çatdırıram. Məsələn, bir stəkan suyun içinə bir qaşıq şəkər tozu töküb qarışdırdıqda, su nisbətən şirin olur. Amma həmin su şor və ya acı olarsa, onun şirin olması üçün gərək ona iki-üç qaşıq şəkər tozu əlavə edəsən. Elə buna görə də camaatı gözəl moizə etməklə kifayətlənmək olar. Lakin müxalif (münafiq, müşrik, kafir və s.) insanları isə ən gözəl tərzdə moizə etmək lazımdır. Bunun mənası odur ki, onlarla danışarkən həm gərək məntiq, dəlil, sübut və höccətlə elmi surətdə, həm də əməli şəkildə moizə etmək lazımdır.

Buna görə də alimlə danışarkən o insanın məntiqinə, ümumi camaatla danışarkən insanın əməlinə baxırlar. Lakin müxaliflərlə (münafiq, kafir, müşriklərlə)  danışarkən insana həm məntiq, həm də əməl lazımdır.

Mənim müəllimlərimdən biri bir gün bizə belə bir sohbət etmişdi. O deyirdi ki, mən öz ustadıma dedim. Kitabda oxumuşam ki, bir gün Həzrət Əli(ə)  Abuzərə buyurdu: Ey Abuzər, mənə moizə et.

Bu söz mənə çox qəribə gəldi. Qəribəliyi bunda idi ki, Əli(ə) kimi alim, hikmət sahibi olən bir şəxsiyyət Abuzərə deyir mənə moizə et. Əgər Salman Farsiyə desəydi, bir o qədər təəccüblənməzdim. Çünki o, Abuzərdən elmli və hikmətli insan idi. Görəsən bunun səbəbi nədir belə Həzrət Əli(ə) Abuzərə ona moizə etməyi buyurur?

Ustadım mənə belə cavab verdi: Bütün bədən üzvlərinin hərəsinin özünəməxsus zikri və ibadəti vardır. Məsələn, dilin ibadəti haqqı danışmaqdır. Əgər dil haqq söz danışırsa, deməli o, ibadət edir. Gözün ibadəti halal baxışlardır. Əgər halal baxırsa, deməli ibadət edir. Həmçinin qulağın da ibadət etməsi halal və haqq sözləri eşitməkdir. Həzrət Əli(ə) özü alim və hikmət sahibi idi. Belə ki, özü buyururdu ki, mən göyün yollarını yerin yollarından yaxşı tanıyıram. Həmçinin buyurardı ki, əgər Allah göyün bütün pərdələrini  kənara çəksə, mənim imanım və elmimə zərrə qədər də olsun təsir qoymaz. Çünki hamısını bilirdi. Həmçinin özü də həmişə haqq söz danışardı. Həm haqqı bilirdi, həm də haqqı deyirdi. Lakin istəyirdi ki, qulağı da haqq sözlər eşitsin və ibadət etsin. Qulağın ibadəti haqqı eşitməkdir.

Odur ki, Allah-təala Quranda insanları bir-birini haqqa tövsiyə etməyi bəyan etmişdir. Bütün insanların bir-birilərini haqqa dəvət edib moizə etməyə ixtiyarı və haqları var. Buna görə də moizə elə bir şeydir ki, haqqın özüdür və ibadət etmək üçün bu haqqı bütün qulaqlar eşitməlidir. Hamı bir-birini moizə etməli və bir-birini eşitməlidir. Əgər kiçik özündən  yaşca böyüyə moizə edirsə, böyük deməməlidir ki, sən uşaqsan, mən səndən böyüyəm və hər şeyi bilirəm. Onu dinləməli və qulaq asmalıdır. Bəlkə o uşağın sözləri onun dərdinə dəydi. Əgər bir insan alim və ziyalıdırsa, öz elm və ziyası ilə qürurlanmamalıdır. Çünki ola bilər ki, bir nəfər ona elə bir nəsihət verər ki, onun dərdinə dəymiş olar. Buna görə də hamı moizə deməklə yanaşı, sözü də dinləməyi bacarmalıdır.

İnsanlar bir-birinə nəsihət etməli, yaxşı işləri bir-birinə xatırlatmalıdır. Allah-təala Peyğəmbərinə(s) insanlara moizə etməyi, nəsihət etməyi, tez-tez xatırlatmağı tövsiyə edir. Həmçinin bütün insanlar bir-birilərinə xatırlatmalı və moizə etməlidir. Əgər bilmirsə öyrətmək öz yerində, bilirsə tez-tez yadına salmalı və xatırlatmalıdır. Çünki ola bilsin yadından çıxıb. Əgər azan verilirsə, ona demə ki, niyə namaza durmursan? Bəlkə əlindən tutub ona kömək edəsən ki, namazını qılsın. Bəlkə onun bir problemi və ya narahatçılığı var. Əgər bir nəfər orucluq vaxtı oruc tutmursa, onu başa salmaq, oruc tutmaq üçün nəsihət etmək lazımdır. Peyğəmbər(s) zamanında, həmçinin ondan uzun illər sonra belə möminlər bir-birindən xahiş edərdilər ki, ona moizə etsinlər. Bizim zamanda da bəzi möminlər böyük alimlərin yanına gedib həm onları ziyarət edərlər, həm də xahiş edərlər ki, bir neçə kəlmə onlara moizə etsinlər.

Hədislərdə vardır ki, bir gün Ömər Həzrət Əliyə(ə) dedi: “Ya Əbul-həsən mənə moizə et. Həzrət Əli(ə) buyurdu: Öz yəqinini şəkkə çevirmə. Çatdığın, yiyələndiyin elmi cəhalətə çevirmə. (öz elminə əməldə cahil insanlar kimi əməl etmə). Həmçinin bir şeyi bilmirsənsə, özünü bilənlər kimi göstərmə”.

Harun ər-Rəşid bir gün İmam Museyi Kazimə(ə) məktub yazaraq xahiş etdi ki, mənə moizə və nəsihət et. İmam(ə) bu cümləni yazıb ona göndərdi: “Bağışlayan və mehriban Allahın adı ilə. Gözünlə gördüyün hər bir şey sənin üçün moizə və nəsihətdir”.

Allah-təala insanlar üçün hər bir şeydə moizə qərar vermişdir. Insan öz atasına, babasına baxıb düşünərsə, bu onun üçün moizədir. Yerə, göyə, dağa-daşa, hər şeyə baxıb azacıq düşünmək insan üçün moizədir.

Odur ki, Allah-təala buyurur: “Insan üçün ən gözəl moizə və nəsihət Qurandır”.

يَا أَيُّهَا النَّاسُ قَدْ جَاءتْكُم مَّوْعِظَةٌ مِّن رَّبِّكُمْ وَشِفَاء لِّمَا فِي الصُّدُورِ وَهُدًى وَرَحْمَةٌ لِّلْمُؤْمِنِينَ

 – Ey insanlar, şübhəsiz, Rəbbiniz tərəfindən sizin üçün bir öyüd-nəsihət (başdan-başa öyüd-nəsihət olan bir kitab), sinələrdə olan (xarab əqidələr və rəzil sifətlər) üçün bir şəfa və möminlər üçün bir hidayət və mərhəmət gəlmişdir.[12]

Həzrət Əli(ə) buyurur: “Quran sizdən əvvəlkilər barədə xəbər verir və (hazırda) sizin aranızda hökm edir (nə edəcəyinizi bəyan edir), həmçinin sizdən sonra baş verəcək hadisələri xəbər verir. (Insanların başına nələr gələcəyi, ölməyi, yenidən dirilməsi, qiyamət, sual-cavab, cənnət , cəhənnəm və s. barədə xəbər verir.)

Ölümü xatırlamaq ən gözəl moizələrdəndir

.

İnsanlar üçün Qurandan sonra ən gözəl moizələrdən biri ölümdür. Insan hər an ölümü yad edib xatırlayarsa, bu onun üçün ən gözəl moizələrdəndir. Həzrət Peyğəmbər(s) buyurur:

كَفى بِالْمَوتِ وَاعِظاً

– Ölümü xatırlamaq (görmək) moizə üçün kifayətdir.

Odur ki, hədislərdə tövsiyə olunmuşdur ki, dünyasını dəyişmiş insanın dəfnində iştirak etmək müstəhəb əməllərdən biridir. Meyiti kəfənə bükərkən baxmaq, dəfnində iştirak etmək insan üçün böyük moizədir. Bu işlər insanı fikirləşdirir və haqq-həqiqətin nə olduğunu başa salır. Buna əsasən də ölüm insan üçün çox böyük moizədir. Allah-təala Isa Peyğəmbərə(ə) moizə edərək buyurur:

يَا عِيسى وَ اِذا ضَحِكَ البَطّالُون فَقُم عَلى قُبُورِالأَمْوات وَنَادِهُم بِالصَّوتِ الرَّفِيع لَعَلَّكَ تَأْخُذ مَوعِظَتَكَ مِنْهُم

-Ya Isa, elə ki gördün camaat əyləşib batil-batil sözlər danışıb gülürlər, sən onlarla oturma. Dur, get qəbiristanlığa və ölüləri uca səslə səslə. Bəlkə onlardan moizə və nəsihət götürəsən.

Həzrət Əli(ə) qəbiristanlıq əhli ilə söhbət edərdi və onlardan cavab da alardı. Günlərin birində Həzrət Əli(ə) səhabələrlə qəbiristanlığın yanından keçərkən orada dayanıb mömin və möminələri səsləyərək buyurdu:

قِيلَ: نادى اَمِيرُالْمُؤمِنِين اَهْلَ الْقُبُور مِنَ الْمُؤْمِنِين وْالْمُؤمِنات, فَقالَ اَلسَّلامُ عَلَيْكُم وَ رَحْمَةُ اللهِ وَبَرَكاتُهُ

فَسَمِعْنا صَوتاً يَقُول: وَعَلَيْكُم السَّلام وَرَحْمَةُ اللهِ وَبَرَكاتُهُ يا اَمِيرالْمُؤمِنِين

فَقالَ: نُخْبِركُم اَخْبارَنا اَمْ تُخْبِرُونا اَخْبارَكُم؟ قَالُوا: اَخْبِرنا بِاَخْبارِكُم يَا اَمِيرَالْمُؤمِنِين فَقالَ: اَزْوَاجُكُم قَد تَزَوَّجُوا وَاَمْوالُكُم قَسَّمَها وُرّاثُكُم وَحُشِرَ فِى الْيَتامى اَوْلادُكُم وَالْمَنازِلُ الَّتِى شَيَّدْتُم و بَنَيْتُم سَكَنَها اَعْدائُكُم. فَما اَخْبارُكُم؟

فَأَجابَ مُجِيبٌ: قَد تَخَرَّقَتِ الاَكْفان وَانْتَثَرَتِ الشُّعُوروَتَقَطَّعَتِ الْجُلُود وَ سَالَتِ الاَحْداقُ عَلَى الْخُدُود  وَتَنازَلَتِ الْمَناخِر وَالاَفْواه  بِالقِيح وَالصَّدِيد وَ ما قَدَّمْناهُ وَجَدْناهُ وَما اَنْفَقْناهُ رَبِحناه  وَما خَلَّفْناهُ خَسَرناهُ وَ نَحْنُ مُرْتَهِنُونَ بِالاَعْمال نَرجُوا  مِنَ الله الغُفران بِالكَرم

– Əssəlamu əleykum və rəhmətullahi və bərəkatuhu. Orada dayananlar ölülərin Həzrətə(ə) cavab səsini eşitdilər. Qəbiristanlıqdan səs gəldi: Və əleykuməssalam və rəhmətullahi və bərəkatuhu, ya Əmirəlmöminin. Sonra Həzrət(ə) buyurdu: Mən burada olan xəbərləri sizə deyim, yoxsa siz orada olanları bizə xəbər verirsiniz? Dedilər: Ya Əmirəlmöminin, orada olan xəbərləri sən bizə söylə. Həzrət(ə) buyurdu: Sizdən sonra həyat yoldaşlarınız ərə getdilər. Yığdığınız mal-dövlətinizi vərəsələriniz öz aralarında bölüb dağıtdılar. Övladlarınız sahibsiz qalıb yetimlərə qoşuldular. Özünüz üçün tikdiyiniz evlərinizdə indi düşmənləriniz yaşayır. Buradan sizə çatacaq xəbərlər bunlardır. Deyin görüm, sizlərdə nə xəbər var? Səs gəldi: (Ya Əli, bizi bura qoyub gedəndən sonra) kəfənlərimiz bədənlərimizdə çürüdü. Başımızın, bədənimizin tüklərinin hamısı töküldü. Dərimiz parça-parça olub dağıldı. Gözlərimiz üzümüzdən axıb yerə töküldü. Başımızın içindəkilər, beynimiz su olub ağız-burunlarımızdan axıb töküldü. Özümüzdən qabaq göndərdiklərimizin hamısını burada gördük. (Etdiyimiz ibadət və yaxşı əməllərimizin hamısını bizim üçün buraya saxlayıblar.)[13] Etdiyimiz yaxşılıqları və infaqları burada gördük və mənfəətini apardıq. Hansı (yaxşı) işlər ki, etməmişdik, burada peşman olduq. Indi biz burada öz əməlimizdən asılı qalmışıq. Burada Allahın rəhmətindən, mərhəmətindən və məğfirətindən savayı, heç bir şeyə ümidimiz yoxdur.[14]

Buna əsasən ölüm başa düşən insanlar üçün böyük moizədir.

 

Təcrübə

Insan üçün moizə olan amillərdən biri də təcrübədir. Başqalarının təcrübəsi insan üçün moizədir. Bu barədə Həzrət Əli(ə) buyurur:

قال على (ع): كَفى بِالتَّجارُبِ مُؤَدِّباً

Insanın ədəbləndirilməsi və tənbehi üçün təcrübə kifayət edər.[15]

Ruzigar

Hətta insanlar əyyama, ruzigara, dəhrə dünyanın gediş gəlişinə nəzər saldıqda bunların hamısı insan üçün moizədir.

قَالَ مُوسى بن جَعْفَر(ع): خُذ مَوْعِظَتَكَ مِنَ الدَّهْرِ وَ اَهْلِهِ

Bu barədə Həzrət Imam Museyi Kazim(ə) buyurur:“Ruzigar və dəhrdən öz moizəni al”.[16]

İnsan qədim binaların, sarayların və s. yerlərin qarşısından keçərkən bir azca dayanıb düşünərsə, bu, onun üçün moizə və nəsihətdir. Həmin binalarda, evlərdə kimlərin yaşayıb dünyadan getdiyini, kmlərin gəlib getdiyini düşünərsə, bu, insan üçün moizədir.

[1] Tövbə, 23

[2] Onlar evlərini Məkkəyə gələn ticarətçilərə kirayə verərək onlardan pul alırdılar.

[3] Zumər,53

[4] Bələd,10

[5] Həzrətin(ə) öz qoşununda Peyğəmbərin(s) bir neçə səhabəsi iştirak edirdi və Kərbəlada şəhid olmuşdular. Ənəs ibn Hərs Kahili,  Həbib ibn Məzahir, Müslim ibn Ovsəcə, Hani ibn Ürvə Muradi, (Onu ibn Ziyad Kufədə şəhid eləmişdi), Abdulla ibn Umeyri. (O, Imam Hüseynlə(ə) həmyaşıd olduğundan Peyğəmbəri(s) uşaq vaxtında görmüşdü).

Əlbəttə, Yezid və onun tərəfdarları nə səhabəyə ehtiram göstərirdilər, nə də  sözlərini qəbul edirdilər. Onlara hansı yerdə ki, mənfəət var idi, səhabəni əziz tutardılar, hansı yerdə ki, mənfəət yox idi, səhabənin sözlərinə məhəl qoymazdılar.

[6] Rəd, 20

[7] Onun bu əməli o deməkdir ki, mən döyüşmürəm. Təslim oluram.

[8] Bu mənada ki, görüm kimsən? Imam bilirdi ki, o Hürrdür. Lakin özünü elə göstərirdi ki, onun kim olduğunu tanımır.

[9] Rəcəz- döyüş meydanında oxunan şerə deyilir. Ərəblərdə adət idi ki, meydana daxil olduqda rəcəz oxuyardılar.

[10] Yunis,  57

[11] Nəhl, 125

[12] Yunis,  57

[13] Bu məsələyə dair Allah-təala Qurani-Kərimdə belə buyurur:  عَلِمَتْ نَفْسٌ مَّا قَدَّمَتْ وَأَخَّرَتْ

– Hər bir kəs öncədən göndərdiyi və ya təxirə saldığı şeyi biləcəkdir (dünyada etdiyi hər bir xeyir və şəri və özündən sonra qoyub getdiyi hər bir xeyir və şər adəti biləcəkdir). Infitar, 5

[14] Mühasibətün-nəfs, səh.67

[15] Mizan,10, səh.541

[16] Mizan,10

Şərhlər

Bu yazı üçün şərh bağlandı.
Birinci nəfər olun ki şərh yazisiz.

Mövzular

adver2

Dini münasibətlər

Namaz vəxti

Sübh azanı 03:44
Gün çıxır 05:22
Zöhr azanı 12:37
Gün batır 19:53
Məğrib azanı 20:09
Gecə yarısı 23:08

Höccətülislam vəlmüslimin Seyid Əliəkbər Ocaqnejad
Rəsmi internet saytı 
© 2016 Müəllif hüquqları qorunur
Materialdan istifadə edərkən
WWW.OCAQNEJAD.NET 
saytına istinad zəruridir
Designed by