İl ərzində mübarək Ramazan ayından daha əzəmətli bir ay yoxdur. Çünki bu elə bir aydır ki, Allah-Təala bu ayda bəşəriyyətə özünün ən böyük hədiyyəsini, yəni Qurani-Kərimi bəxş etmişdir. Digər tərəfdən isə Qədr gecəsi də bu aya təsadüf edir. Bu gecə insanların ləyaqətinə və mənəvi-əxlaqi təmizlik səviyyəsinə əsasən onların birillik müqəddəratı təyin olunur və həmin gecənin ibadəti min ayın ibadətindən üstündür. Ramazan ayı ibadətin baharı, təlim və tərbiyə ayı, paklıq və təmizlənmə ayı, təqva və özünüislahetmə ayıdır. Bu elə bir aydır ki, onda Allah-Təalaya yaxınlaşma mərhələlərini daha sürətlə və daha inamla keçmək mümkündür.
İslam Peyğəmbəri(s) mübarək Ramazan ayı ərəfəsində söylədiyi xütbələrdən birində bu ayın əhəmiyyəti haqqında belə buyurmuşdur: “Ey insanlar! Allah-Təalanın bərəkət, mərhəmət və bağışlanma ayı olan Ramazan ayı yaxınlaşır. Allah-Təalanın nəzərində bu ay ən bərəkətli aydır, gündüzləri gündüzlərin ən yaxşısı, gecələri gecələrin ən yaxşısı, saatları saatların ən yaxşısıdır. Bu ayda sizlər Allah-Təalanın verdiyi ziyafətə qonaq edilmiş, Tanrının kəramət və ehtiramına layiq görülmüşsünüz. Bu ayda aldığınız hər nəfəs dua, yuxularınız ibadət hökmündədir. Əməlləriniz Tanrı dərgahında qəbul olunur, Allah-Təala dualarınızı müstəcab edir.
Allahdan təmiz ürəklə, saf niyyətlə diləyin ki, bu ayda oruc tutmağı və Qurani-Kərimin tilavətini sizə nəsib etsin. Çünki Allah-Təalanın rəhmətinin ümman kimi dolub daşdığı bu ayda Onun mərhəmət və bağışlamasından məhrum olan insan bədbəxtdir …”
Bu sözlərdən sonra isə Rəsuli-Əkrəm bu ayda ehtiyacı olanlara sədəqə paylamağı, böyüklərə ehtiram göstərməyi, kiçiklərə məhəbbətlə yanaşmağı, qohum-qardaşdan xəbər tutmağı, dil, göz və qulağı günahlardan qorumağı, yetimlərə nəvaziş göstərməyi, günahlardan tövbə etməyi, davamlı olaraq dua etməyi (xüsusilə namaz vaxtlarında) təkidlə tövsiyə etdi.
Daha sonra İslam peyğəmbəri(s) oruc tutanların başqalarına iftar verməsinin əhəmiyyəti barədə danışdı, hətta bildirdi ki, imkanı olmayan adamlar, heç olmasa, bir xurma dənəsi, yaxud bir içim su ilə bu xeyir işdə iştirak edə bilərlər.
Məhəmməd peyğəmbər(s) öz xütbəsinin sonunda buyurdu: “Ey insanlar! Bu ay behişt qapıları üzünüzə açıqdır. Dua edib Allah-Təaladan istəyin ki, bu qapıları üzünüzə bağlamasın. Bu ayda Cəhənnəmin qapıları bağlıdır, ona görə də Ulu Tanrıdan diləyin ki, həmin qapıları üzünüzə açmasın! Şeytanlar bu ay zəncirlənmişlər, Allah-Təaladan istəyin ki, onların sizə ağalıq etməsinə imkan verməsin!”. Möminlərin əmiri İmam Əli (ə) buyurdu: “Ya Rəsuləllah, bu ayda ən yaxşı əməl hansıdır?” Buyurdu: “Özünü günahlardan qorumaq!”.
Xoşbəxt insanlar o kəslərdir ki, bu ayın ülvi dəyərlərini dərk edir, onun hədsiz-hüdudsuz bərəkətlərindən bəhrələnir, həmçinin bu ayın ibadətləri və orucu sayəsində özlərinin mənəvi və maddi problemlərini həll edirlər.
Əlbəttə, mübarək Ramazan ayının maddi və mənəvi bərəkətlərindən, onun savablarından daha yaxşı bəhrələnmək üçün yalnız oruc tutmaqla kifayətlənmək olmaz, əksinə, günahlardan uzaq olmaq, özünü islah edərək mənəviyyata zidd əməllərdən kənar durmaq lazımdır.
İlahi! Bizim hamımıza dəstək və yardımçı ol, Öz lütf və mərhəmətinə yaxınlaşdır.
RAMAZAN ORUCLUQ AYIDIR
Oruc tutmağın vacibliyi
يـأَ ايهَا الَّذِينَ امَنُواْ كُتِبَ عَلَيكُمُ الصِّيامُ كَمَا كُتِبَ عَلَى الَّذِينَ مِن قَبْلِكُمْ لَعَلَّكُمْ تَتَّقُونَ
“Ey iman gətirənlər, oruc sizdən əvvəlkilərə yazıldığı kimi sizə də yazıldı (ki), bəlkə, təqvalı olasınız”.
Oruc tutmağın hikməti
İmam Sadiq(ə) oruc tutmağın hikməti barədə buyurmuşdur: “Allah-Təala orucu ona görə vacib buyurmuşdur ki, varlılar və yoxsullar bərabər olsun. Oruc tutmayan varlılar aclığın nə olduğunu bilmədikləri üçün yoxsulların vəziyyətini başa düşmürlər. Onlar istədikləri hər bir şeyi qısa müddətdə əldə edə bilirlər. Odur ki, Allah-Təala öz yaratdıqlarının arasında bərabərlik olmasını, varlıların aclığın və əziyyətin nə olduğunu öyrənməsini, imkansızların vəziyyətini başa düşüb onların halına yanmasını istəmişdir.”
Oruc Allah-Təala üçün
tutulmalıdır
– Həzrət Məhəmməd peyğəmbər(s): “Allah-Təala buyurmuşdur: Oruc mənim üçündür və onun mükafatını Özüm verəcəyəm”.
Hədisin şərhi ilə bağlı bir neçə kəlmə:
Əbu Hamid Qəzzali bu hədisin şərhi ilə bağlı belə demişdir: “Oruc Allah-Təala üçündür. Doğrudur, bütün ibadətlər Allahdan ötrü edilir, lakin bu xüsusi şərəf yalnız oruca aiddir. Eynilə Kəbə evi kimi… Bütün torpaqlar Allahın olsalar da, Onun evi olmaq şərəfi yalnız Kəbəyə məxsusdur.
Orucun iki özünəməxsus cəhəti var:
Birincisi, oruc çəkinmək və tərk etməkdir, gizli bir əməldir. Onda gözlə görünən bir iş yoxdur. İnsanların gözü qarşısında icra olunan bütün ibadətlərin əksinə olaraq, oruc elə bir ibadətdir ki, Allahdan başqa heç kim onun barəsində bilmir. Ona görə ki, oruc batini bir əməl olub, səbirlə bağlıdır.
İkincisi isə, oruc Allah-Təalanın düşmənlərini məhv etməkdir. Belə ki, şəhvət məlun Şeytanın istifadə etdiyi bir vasitədir və yemək-içməklə daha da güclənir. Bu baxımdan Məhəmməd Peyğəmbər (s) buyurmuşdur:
إنَّ الشَّيطانَ لَيجرى مِن ابنِ آدَمَ مَجرَى الدَّمِ؛ فَضَيِّقوا مَجارِيَهُ بِالجوعِ؛
“Şeytan damarlardan axan qan kimi insanların bədənində hərəkət etdiyi üçün, ac qalmaqla onun keçdiyi yolları daraldın…”
Şeytanı daha çox məhv edib onun keçdiyi yolları bağladığı üçün Oruc Allah-Təalanın xüsusi dəyər verdiyi bir əməl olmağa layiqdir. Belə ki, Allah-Təalanın düşmənlərini məhv etmək Allaha yardım etmək deməkdir. Bəndə Bəndə Allah-Təalaya kömək etdikdə isə Allah da ondan Öz yardımını əsirgəmir. Quranda buyurulur:
إِن تَنصُرُواْ اللهَ يَنصُرْكُمْ وَ يُثَبِّتْ أَقْدَامَكُمْ
“Əgər Allaha yardım göztərsəniz, Allah da sizə yardım edər və qədəmlərinizi daha da möhkəmləndirər”.
Odur ki, bəndənin göstərdiyi hər bir səy Allah-Təala tərəfindən mükafatlandırılır.
Oruc tutan şəxsin dəyəri
haqqında
– Həzrət Məhəmməd peyğəmbər (s) buyurur: “Oruc tutanın yuxusu ibadət, sükutu təsbihdir. Əməlləri ikiqat qiymətlidir. Onun duaları mütləq yerinə yetirilir və günahları bağışlanır”.
– Həmçinin buyurur: “Üç nəfərin duası mütləq yerinə yetir: oruc tutanın, müsafirin və zülmə məruz qalmış insanın duası”.
Mələklərin oruc tutan üçün duası
Bir gün İslam Peyğəmbəri (s) Bilala deyir: “Ey Bilal! Buyur, səhər yeməyi ye”.
Bilal: “Orucam (müstəhəb oruc – red.)”, – deyə cavab verir.
Peyğəmbər (s) buyurur: “Oruc tutan şəxs iki dəfə sevinər: birincisi iftar vaxtı, ikincisi isə Qiyamət günü. O zaman bir nida gələr: Haradasınız, ey susuzluqdan ciyəri yananlar? İzzətimə and olsun ki, bu gün sizləri sirab edəcəyəm”.
Ardınca buyurur: “Biz burada öz ruzimizi yeyirik, Bilalın ruzisi isə behiştdədir. Ey Bilal! Bilirsənmi, oruc tutan insanın yanında yemək yeyildiyi müddətdə onun sümükləri təsbih edir və mələklər onun günahlarının bağışlanması üçün dua edirlər?!”