Görmüşəm bir mahru cananı mən,
Salmışam gözdən bu şirin canı mən.
Gözlərimdən hər gecə yağdırmışam,
Həsrətində lə’li mən, mərcanı mən.
Hicr əlindən qanə dönmüş qəlbimi,
Eşq oduynan etmişəm nurani mən.
Qoy ki artırsın nigarım dərdimi,
Dərdidən kəsb eylərəm dərmanı mən.
Kuyi-dilbərdən alır ruhum səfa,
Neylirəm bağo, güli reyhanı mən.
Seyyidəm, gül surətində dilbərin,
Görmüşəm görsənməyən mənanı mən.