Ta o şirin dilbəri dərk eylədim röyadə mən,
Döndü əhvalım, qəraro səbri verdim badə mən.
Gəl o nurani cəmalın bayramın göstər mənə,
Əldə canım olmuşam qurbanlığa amadə mən.
Çəkmərəm əl dərgahından hər qədər qovsan məni,
Eşqüvə bağlanmışam, ta olmuşam azadə mən.
Olmasa didaruvun gər şövqi ey şirin nigar,
Neylirəm dünya həyatın qalmaram dünyada mən.
Sorma məndən qəlbimin dərdü-qəmindən ey təbib,
Çoxda ol biçarəni tapşırmışam səyyadə mən.
Seyyidəm eşqilə ol gündən ki, oldum aşina,
Heyran olmuş əqlimi qərq eylədim mənada mən.