Cöhvəri-din, cani-iman, eyni-irfandır Hüseyn,
Məzhəri-həqqul-mubin, dinə nigəhbandır Hüseyn.
Sinəsində sancılıbdır gərçi oxlar oxlara,
Bağ kimi şadabidür, gül misli xəndandır Hüseyn.
Yerdə gərçi qərq olub qodal içində qanına,
Göydə bəzmi-eşqi-Rəbbul-həyyə mehmandır Hüseyn.
Həm Əmirəlmöminin tək, həm də peyğəmbər kimi,
Ta qiyamət qəlbilər-mülkündə soltandır Hüseyn.
And ola cani-zəkiyyə, ya mütəhhər ruhə ki,
Həm cana cənnatidir həm ruhə reyhandır Hüseyn.
Etina etməz yağış misli səmadan yağsa ox,
Böylə ki, məşğuli-virdo zikri-sübhandır Hüseyn.
Daimən təkrar edər Seyyid bu taysız misrəi,
Cöhvəri-din, cani-iman, eyni-irfandır Hüseyn.